Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:57

"Vergi əməkdaşları mağazalara ağıllarına gələn qiyməti oxuyurlar"


Uzun illərdir Bakıda müxtəlif növ sahibkarlıq fəaliyyəti ilə məşğul olan Tariyel İmanov dəfələrlə Vergilər Nazirliyinin müfəttişinə rüşvət verdiyini deyir. Özü də etiraf edir ki, pulun qarşılığında heç bir sənəd almasa belə, onun kimi bir çox sahibkar işini davam etdirmək üçün rüşvətə göz yummalı olurlar:

“Vergi işçisiləri mağazaya gələrək satılan malın rəsmi qaiməsini istəyir. Əlbəttə, mağaza həmin qaiməni verə bilmir. Və ona görə başlayırlar mağazalara ağıllarına gələn qiyməti oxumağa. “Balaca bir köşkdən 3-5 min manat, böyük mağazalardan isə 10 min, 20 min, 30 min bəlkə də daha çox qeyri-rəsmi ödəmə tələb olunur”.

Tariyel İmanov iddia edir ki, bir çox məhsullar xaricdən ancaq inhisarlaşmış qüvvələrin nəzarəti altında idxal edilir. Gömrükdə isə idxal olunan malın qiyməti və kəmiyyəti azaldılır, xaricdən gətirilən məhsul sahibkara ilkin sənəd - qaiməsiz gəlib çatır. Qaiməsiz satılan mal isə “gözü kölgəli” iş adamına baha başa gəlir:

“CİNAYƏTKARLA CİNAYƏTKAR KİMİ DAVRANMAQ ÇOX ASANDIR”

“Malı mən öz adıma “rastamojka” edə bilmirəm. Məcbur edirlər həm aşağı qiymətə, həm də kəmiyyət etibarı ilə az yazım. Malın maya dəyəri faktiki olaraq çox aşağı qiymətə gəlib çıxır. Ən əsas mən mağazalara rəsmi qaimə verə bilmirəm. Təsəvvür edin, əgər mən, mağaza sahibi olaraq istədiyim malın qaiməsini ala bilmirəmsə, deməli, mən faktiki olaraq cinayətkaram. Və cinayətkarla da cinayətkar kimi davranmaq çox asandır”.

Dövlət Gömrük Komitəsinin ünvanına səslənən tənqidlə əlaqədar rəsmi mövqe öyrənə bilməsək də (mətbuat xidməti dəfələrlə etdiyimiz telefon zənglərinə cavab vermədi), Vergilər Nazirliyi bəzi əməkdaşlarının sahibkarlardan qeyri-rəsmi ödənişlər aldığını təsdiqlədi. Vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirdi ki, əgər vergi ödəyicisinin fəaliyyəti şəffaf olarsa, vergi işçisi də bu cür qanunsuz hərəkətlərə yol verə bilməz:

200-DƏN ÇOX VERGİ İŞÇİSİNƏ TÖHMƏT VERİLİB

Natiq Əmirov
“Vergilər Nazirliyinin əməkdaşlarının ayrı-ayrı hallarda qanunsuz hərəkətləri barədə nazirliyə məlumat daxil olur. Bunlardan təsdiqini tapan da olur, tapmayan da. Bizim əsas məqsədimiz şəffaflığı artırmaq və mümkün qədər nöqsanların olmamasına çalışmaqdır. Normal bir qurum kimi biz də nöqsanlardan xali deyilik. Biz də belə hallarla rastlaşdığımız təqdirdə çalışırıq ki, aidiyyatı işçini cəzalandıraq”.

Vergilər Nazirliyinin məlumatına görə, 2010-cu ildə 70 vergi əməkdaşına töhmət, 166-na şiddətli töhmət verilib, 4-nün xüsusi rütbəsi bir pillə aşağı salınıb, 10 nəfərin vergi orqanlarında xidmətinə xitam verilib.

Vergilər Nazirliyinin nəzdində fəaliyyət göstərən Vergi Apelyasiya Şurasının həm də sədri olan Natiq Əmirov isə bildirir ki, indiyədək Şurada baxılan işlərin 90 %-ə qədəri vergi ödəyicilərinin xeyrinə başa çatıb:

“NÖQSANLAR MÜVAFİQ ORQANLARA GÖNDƏRİLİR”

“Bilmirəm bu təsadüfdür ya yox. Baxılan işlərin 90 faizə qədəri vergi ödəyicisinin xeyrinə həll olunub. Bu vergi ödəyiciləri üçün yaxşı olsa da, bizim üçün düşündürücü faktdır. Apelyasiya Şurasında baxılan işlər sadəcə baxılıb qərar verilməklə bitmir, spesifik nöqsanlar, xüsusilə vergi əməkdaşlarının yol verdiyi nöqsanlar müvafiq orqanlara göndərilir”.

Azərbaycanda mühasibatlığa elektron audit tətbiq olunacağı ilə bağlı bir müddətdir müzakirələr aparılsa da, hələ ki, iki ildən sonra onun tam reallaşa biləcəyi proqnozlaşdırılır. Elektron audit - səyyar vergi yoxlamasının insan resursu olmadan, elektron formada aparılmasını nəzərdə tutur.

İSTƏNİLƏN YENİLİKLƏRİN TƏTBİQİ PROBLEMLƏRİ ARADAN QALDIRMAYACAQ


Azər Mehtiyev
Ancaq İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev hesab edir ki, idarəetmə sistemində ikili ödənişlər, ikili mühasibatlıqlar sistemi mövcud olduqca, istənilən yeniliklərin tətbiqi problemləri aradan qaldırmayacaq:

“Guya vətəndaşla vergi müfəttiş arasında birbaşa canlı əlaqəni azaldan mexanizmlər tətbiq olunur. Lakin bütün bunların fonunda görürük ki, sistem yenə əvvəlki qaydasında işləyir. Qeyri-rəsmi münasibətlər, qeyri-rəsmi ödənişlər üstünlük təşkil edir. Vergi müfəttişlərinin bütün hallarda sahibkarlara təzyiq imkanı genişdir. Bir çox müəssisələr var ki, onların yanından heç keçə də bilmir. Nə qədər ki, ölkə daxilində bu cür idarəetmə, sahibkarlıq sistemində məmur özbaşınalığı qalıb, bu sistemdə də digərlərində olduğu kimi qayda yaratmaq problem olaraq qalacaq”.

Sahibkar Tariyel İmanov isə deyir ki, ölkədə inhisarçılıq aradan qalxmayınca, iş adamları rüşvət verməkdə davam edəcək, rüşvət vermək istəməyən isə dükanın qapısına qıfıl asıb, başqa iş axtarmağa məcbur olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG