Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:23
Şair Qulu Ağsəslə müsahibə


– Sizcə şair doğulurlar, yoxsa olurlar?


– Bilirsən, şairlik hava kimidi: gah olur, gah da olmur.

Hava yoxdursa, ölməlisən, yaşayırsansa, deməli, hava var. Məncə, bu fikri təkzib eləməkdən ötrü növbəti fikir yaranmayıb hələ.

Bu fikri xüsusilə son zamanlar poeziyaya gələn kütləvi axın təsdiqlədi.

Hamı başladı yazmağa... Şeir ilk növbədə öz ana dilinin məhsuludu.

Əsl şeir odur ki, onu başqa dillərə çevirmək qeyri-mümkündü. Əgər mən şeiri dilin üstündə yox, dilin qırağında yaradıramsa, o batdı getdi...

Bunu bir dəmiryol kimi təsəvvür etmək olar. Dil özü bir dəmiryoldu. Biz şeirləri bu “relsin” üstünə qoyanda yol nə qədər uzanırsa, şeir də o qədər gedəcək.

Əgər şeiri kənara qoymuşuqsa, onlar yanlarından ötən şeirlərə əl eləməklə məşğul olacaqlar.

Bu gün Azərbaycanda baxıb əl olunası yüzlərlə, minlərlə “poetik” nümunə yaranır. Amma onları əsil şeirdən ayırmaq çox çətindi.

– Bəs şair nə ilə seçilməlidir?


– Bayaq dediyim, o “poetik” nümünələr yaradanlar var ha.. Şeirin konsepsiyasını, nəzəriyyəsini bilənlər...

Onlar da bilirlər ki, mükafat hər şeyi həll etmir. İstedadsız adam özü də bilir ki, istedadı yoxdur.

Ona görə mükafatla-zadla adam aldatmaq, gözə kül üfürmək əbəs işdir.

Hamı içində bilir ki, o nə edib və nə edə bilər. Hüdudları hardadı.

– Ədəbi cəhətcə savadlı cəmiyyətin vacibliyi ortaya çıxır...

– Mən xalqımı çox sevirəm. Amma müəyyən şeylər var ki, onu xalqa etibar eləmək olmaz. Məsələn, ədəbiyyatı...

Mən ədəbiyyatda, mətn üzərində, misrada “sürünməyi” görəndə düşünürəm ki, bunu yazan adam təkcə talantlı deyil, həm də sözün variasiyalarının ən sonuncusunu tapmış adamdır.

İstedadlı olduqdan sonra yazmağa nə var ki?

Yazdıqlarını pozmağı, redaktə eləməyi, öz-özünü aldatmamağı bacarmaq lazımdır.

Əsl nümunə odur. Mən bilirəm ki, bunu yazacağam, hamı da bəyənəcək. Amma mən həm də bilirəm ki, bu mənim ağlıma gələn birinci variantdır.

Mənim fikrimcə, şeiri birinci variantda yazan adam öz istedadına, qələminə xəyanət edən adamdır. Söhbət istedadlı adamdan gedir ha...

O bütün variantları götür-qoy eləməli və ən axırıncı variantı yazanda bilməlidir ki, nə yazır.

Mən hər bir şeirin, essenin variantlarının hər biri üzərində düşünürəm, axırıncı variant üzərində dayanıram, qeydlərimi edirəm.

Oturub yazanda heç bir düşündüyümə dəxli olmayan variant yaradıram. Özüm-özümü heyrətləndirirəm.

Əgər hər birinci variantda yazdığım şeirləri çap etsəm, o zaman hər il qalın-qalın kitablar buraxdıraram. Mən həmişə özümü yazmaqdan qoruyuram.

Deyirəm ki, Allah, elə elə ki, mən az yazım. Əvvələr gündə 15-20 şer yazırdım. O məsuliyyəti hələ duymurdum.

–Bu məsuliyyət nədən doğur?

– Nədən doğacaq? Qorxudan..

– Qorxudan???

– Bəli. Biz Allahı qorxudan sevirik. Söz də Allah kimidir. Sən yazanda bilirsən ki, bu sözlə heç nə edə bilməzsən.

O biri ilə də. Bax, o zaman insanda qorxu yaranır. Bilmirəm, ona məsuliyyət deyək, ya qorxu.

Əşşi, lap axırda oxucunu aldadıb deyə bilərik ki, sevgidən yaranıb. Sevgi asan şeydir eee... Vurulursan, çıxır gedir işinin dalınca. Amma qorxu...

Bu çətin məsələdir. Qorxudan xilas olmaq lazımdır.

Sevgi ilə yazmaq asandır, qorxu ilə çətin.

Qorxu ilə yazanda bilirsən ki, bax, bu söz yerində oturmayıb, bu söz saitlə başlaya bilər, bir misrada 4 kar samit ola bilməz...

– Bəlkə oxucunun ədəbi zövqü elə budur... Onsuz da bizi Sovet hakimiyyəti qəzetə zorla abunə edirdi, kitabı da belə oxudurdu....

– Məncə, ədəbiyyat indi təbii halına gəlir. Son illər ədəbiyyatın ən gözəl günləridir.

İndi məlum olur ki, Azərbaycanda istedadlı yazıçı qədər də istedadlı oxucu var.

Niyə zorla hamıya kitab oxutmaq istəyirik? Oxumur da, qardaş...

O mənim şeirim olmadan ərə gedir, arvad alır, maşın sürür, “QAİ”yə pul verir.

Mənim yaradıcılığımın onun həyatına bir təsiri varmı? Yox. Onda niyə məni oxumalıdır?

Biz deyirik ki, Füzuli şeiri dünya ədəbiyatında nadir hadisədir.

Avropa Füzulini oxumadan dünya nəsrinin şedevrini yaradıb. Bizim yazdığımız bugünkü insanın həyatına təsir eləmir. Eləmir də, qardaş...

– Niyə təsir eləmir? Bəlkə xalqın “giriş kodu”nu itirmisiniz...

– Ədəbiyyatla kütləvi oxucu ayrılıb. Bu təbii bir şeydir. Bilirsiniz, mən buna təbii baxıram.

O qədər itkilərimiz var ki, atamızı, anamızı itiririk, torpağımızı, yaxınlarımızı... Oxucunu itiririk, cəhənnəmə ki...

– Bəs ədəbiyyat itirmir?

– Yox.

– Onda kimin üçün yazırsınız?

– Az sayda insan üçün. Mənim sonuncu kitabım 250 nüsxə ilə çıxıb.

– Bu yaxşıdır?

– Əladır. 500 nüsxə olsaydı, deməli, yarısı bu günə kimi qalardı. 1000 olsaydı, ona-buna yalvaracaqdım ki, siz Allah, gəlin kitabımı götürün.

– Belə bir cəmiyyətdə yaşamaq sıxmır sizi?

– Yox... Əksinə, mənim üçün çox rahatdır. Həmişə demişəm ki, ədəbiyyat – insanları təkləyib məğlub etmək sənətidir.

Ədəbiyyat kütləvi hucum silahı deyil. Bunun gözəlliyi budur ki, zəifi deyil, güclünü məğlub edir.

– Səsin rəngi olurmu?

– Əlbəttə... Səsin 49 rəngi var. 7 rəngi var, 7-sinin də yeddi çaları var.

– Şeirləriniz başqa dillərə tərcümə olunubmu?

– Hə, olunub. Rus, özbək, gürcü, ukrayna, polyak dilinə tərcümə ediblər şeirlərimi. Türk dilini demirəm, çünki tərcüməyə ehtiyac olmayıb.

– Tərcümə olunmuş şeirlərinizə qulaq asanda hansı hissləri yaşayırsınız?

– Ağlıma gəlir ki, onlar mən deyiləm. Tərcümələr heç vaxt məni qane eləməyib. Türkiyədə xahiş elədim ki, şeirlərimi olduğu kimi versinlər.

Mən dilin qatında yazan adamam. Odur ki, tərcümələrdən razı qalmıram.

– Bir ara Allaha müraciətlə bir neçə şeiriniz çıxdı. Yaradana o cür üz tutmağa Sizi nə vadar etmişdi?

– O zaman mən Allahın varlığını öyrənmək istəyirdim. Varmı, yoxmu? O şeirlər mənim Allaha suallarım idi. İndi daha mən o şeirləri yazmıram.

Demirəm ki, cavabları tapdım. Amma sonradan başa düşdüm ki, bu sualları vermək lazım deyil. O, bir mərhələ idi, oldu, yazdım...

– Hazırda yazılan şeirlərdə nə üstünlük təşkil edir: sevgi, yoxsa qüssə?

– Mən nəyi isə ünvanlayıb yaza bilmirəm. Mən ancaq şeir yazıram. Bu şeir hər şeydən ola bilər.

– Sonuncu şeiri nə vaxt yazmısınız?

– Ötən ilin sonunda. Dekabr ayında. Mövzusu... Vallah şeir idi də.. Şeir haqqında şeir.

– Sizcə, bizim şeirdə bütün sözlər işlənib, yoxsa hələ var?

– Yox, işlənməyən sözlər hələ var. Şeir dil hadisəsidir. Dil inkişaf elədikcə, təbii, sözlər də artıb gəlir.

Gör son zamanlar dilimizə nə qədər söz gəlib: telefon, sms, feysbuk, çat, email...

– Onlardan istifadə etmək olar?

– Yerində işlənə bilsə hə....

– O gün bir aşıq “ekrana bax, ekrana” deyə çalıb oxuyurdu....

– O, aşıq deyil. Bizdə ümumiyyətlə aşıq yoxdur. Aşıq çalan, oxuyan və yazan adamdır. Bizdə saz çalana aşıq deyirlər.

– Deyirlər, qadağalar ədəbiyyatı inkişafa aparır. Bu düzdür?

– Bəli. Qadağalar dövründə ədəbiyyat inkişaf edir. Ölkədə əgər hər söz deyilirsə, sən nə yazasan? Bu gün yazmaq çox çətindi. Bizim dolayısı ilə dediyimiz sözü adamlar adı ilə çağırır.

– Bugünkü Azərbaycan ədəbiyyatının qəhrəmanı kimdir?

– Ədəbiyyatın qəhrəmanları elə ədəbiyyatı yaradan adamların özləridir. Hansı ki, bu vəziyyətdə də yazırlar.

Oxuyan yox, qiymət verən yox... Kitablarımız satılmır. Heç bir gəlirimiz yox. Beynimizin məhsulunu satıb dolana bilmirik.

Qərbdə ədəbiyyat təsərrüfatdır, yazıçı da təsərrüfat başçısıdır. Avropada yazıçı kitabı yazandan sonra qeyd edir ki, işıq yandırmışam, qazda isinmişəm, xeyli pulum çıxıb.

Kitabını çıxaranda xərclərini-borclarını hesablayıb nəşriyyata deyir ki, qardaş, bu qədər xərcim çıxıb, tutaq ki 30 min dollar qonarar istəyirəm. Biz nə yazsaq da, alan yox, oxuyan yox.

Ədəbiyyat şöhrət və pul gətirmir.

– Bəs Çingiz Abdullayev?

– O, rusdilli yazıçıdır, kitablarını da burda yox, xaricdə satır.

– Bəlkə ona görə ortada əsəbi və çılğın bir ədəbiyyat var?

– Ədəbiyyat əsəbi olmalıdır. Sakit, qoyun kimi başını aşağı salmaqla nə ədəbiyyat olar? İnsanın bu halıdır da ədəbiyyat. Düzdü, bu əsəbin içində yazarın maddi durumunun yaratdığı acıq da var.

– Bəs şairlər məişət problemlərini necə həll edirlər?

– Lap yaxşı. Ağlı başında olan heç bir arvad şair və ya yazıçı ərindən məişət problemləri barədə soruşmaz.

Çünki bilir ki, mənası yoxdur. Mən bazar-dükana gedirəm hərdən.

Daha məndən maşın istəsin, ev istəsin. Xeyr. Bu bizlik deyil. Bu məsələ biryolluq həll olunub.

– Qarabağ müharibəsi barədə nəsə yazmaq fikriniz varmı?

– Neçə ildir istəyirəm bu barədə yazam. Bilmirəm nə olacaq.

Gözləyirəm müharibə qurtarsın. Mənim yazmaq istədiyim yazıda kənddə gedib görmək istədiyim yerlər çatışmır. İstəyirəm o yerləri işğaldan sonra gedib görəm.

Mənə maraqlıdır, evdən çıxanda “Dünya Ədəbiyyatı Kitabxanası”nı gizlətmişdim.

Maraqlıdır, görən ermənilər həmin kitabları tapıblarmı? Telefon dirəyinə söz yazmışdım, görən dururmu?

Həmin yazıya mane olan çox şifrələr var. Tragikomik bir əsər olacaq.

– Nifrət eləməyi bacarırsınız?

– Olur. Amma nifrət eləməyə hövsələm yoxdur. Səbirsiz adamam.

– Nəyə hirslənirsiniz? Hövsələdən çıxaran nə olur sizi?

– Səhər qəzetlərə baxırsan ki, yazıların hamısı saxtadır. Oxumağa heç nə tapmırsan.. Bu bəsdi də. Televizora baxırsan... Adamlar elə xoşbəxt görünürlər ki...

Hamı gülür, qəşş eləyir. Nəyə gülür, bilinmir, amma hamı şad-xürrəm görünür.

Ya da baxırsan ki, bir dəstə adam düşüb birinin üstünə ki, arvadını niyə boşamısan? Yazıçılar e... Gedib dirəniblər kişiyə ki, niyə boşanmısan?... Ayıbdı...

Qulu Ağsəs (sağda) və Azadlıq Radiosunun müxbiri İlqar Rəsul
– Alternativ ədəbiyyata münasibətiniz necədir? Postmodernistləri oxuyursunuz?


– Ədəbiyyatın alternativi yoxdur. Postmodernizmə gəlincə, onun Azərbaycanda oturuşmağını, gəlişməyini görmədim.

İşartılar, cəhdlər var. Postmodernist mətnlər özündə ikinci və üçüncü qatı ehtiva edən mətnlərdir.

Burada işlədilən söyüşlərin, anti-tabunun, pornoqrafiyanın, erotikanın arxasında çox ciddi ədəbi mətləb durmalıdır.

Bir var pornoqrafiya ədəbiyyata xidmət eləsin, bir də var ədəbiyyat pornoya xidmət etsin. Bizdə ədəbiyyat pornoqrafiyaya xidmət edir.

Bizdə bu, postmodernizmdə aydın görünür.

– Bu cərəyana kömək, dəstək lazımdırmı?

– Nə kömək... Ədəbiyyatda hamı özünü xilas edir. Kim kimə kömək edir ki?...

– Şairin musiqi ilə arası necədi?

– Yaxşı. Xalq mahnılarından ötrü ürəyim gedir. Muğamlar da həmçinin. Bir də Flora Kərimovanın mahnılarını çox sevirəm. Caza qulaq asıram.

– Dünya səyahətinə çıxmaq arzunuz varmı?


– Yox. Marağım yoxdu. Elə bil dünyanı görmüşəm. Bilirəm də... Adamlar hamısı eyni cürdü. İnsanın materialını biləndən sonra çətin olmur.

Bilirsən ki, bir hissəsi millətçidi, bir qismi kosmopolitdi, bir qismi də...

– Hansı şəhərdə olmaq istərdiniz?

– Şuşada.

– Zamanınızda doğulmusunuz?

– Hə... Nəyim varsa, məni təmin edir.

– Evdə kitabxananız var?

– Kitabxana deyəndə ki, bütün kitablarımı “meşoklara” yığmışam...

– Oxumaq istədiyiniz, amma əliniz çatmayan kitab varmı?

– Var – Qurani-Kərim. Onu ərəbcədən oxumaq istərdim. Həmişə istəmişəm orijinaldan oxuyum. Bəlkə o dilin poetikası mənə deyər ki, orada daha nələr var.

Quran kitab kimi möcüzədir.

– Ailədə despot deyilsiniz ki?

– Yox vallah. Amma səs-küydən acığım gəlir. Kənddə anamla yaşayanda evdə tam sakitlik olurdu.

Anam mənim çay-çörəyimi vaxtında verirdi yazı-pozuma qarışmırdı, bəlkə də ondandır, mənə oxumağı, yazmağı heç kim öyrətməyib.

Çöldə bitən çiçək kimi olmuşam. Özüm öyrənmişəm hər şeyi. İndi də evdə səs–küy olanda xoşum gəlmir.

Qızım deyir, qoymursan danışmağa... Zehinli qızdı yaman. 6 yaşı var, kompüterdə işləyə bilir, hazırcavabdı. Çox obrazlı danışır.

Deyir, jurnalist olacağam.

– Bütün şəkillərdə eyni qaydada düşürsünüz. Poza verə bilmirsiniz, ya şəkil sizin üçün əhəmiyyətsizdi?


– Mənim yaxşı düşdüyüm tək şəklim yoxdu. Evdə alboma baxanda bunu bilmişəm. Qəribədi, hətta kitabımdakı şəkildə belə, yanımda oturanın qolu düşüb.

Ağlıma gəlməyib tək şəkil çəkdirmək. “Təbəssüm” fotoatelyesinin böyüyü dostumdu.

Heç mənə deməyib gedək şəklini çəkim. Aparıb məni atelyeyə, ikimiz şəkil çəkdirmişik. İstəmişəm şəklim olsun, amma çəkdirmək ağlıma gəlməyib.

modern.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG