Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:10
Onlar Norveç Kral ailəsindən sonra ölkə tarixinin bəlkə də ən məşhur mühacirləri sayıla bilər.

Rusiyalı Maria Amelie və iraqlı Molla Krekar. Hər ikisi on ilə yaxındır Norveçdə yaşayır. Hər ikisi Norveçdəki mühacir həyatı haqda kitab müəllifidir. Hər ikisinin Norveçdə oturum haqda ərizəsi rədd edilib. Amma onlarin oxşarlığı elə buradaca bitir. Sonrası ancaq fərqlərdən ibarətdir.

Məsələn, az qala bütün Norveç əhli İraq kürdlərindən olan Molla Krekarın ölkədən xaric edilməsini istəyir. Lakin o, rahatca Oslodakı mənzilində yaşayır.

Maria Amelienın ölkədə qalması üstündə isə Norveç ictimaiyyəti ilə hökumət arasında əməlli-başlı çarpışma gedir. Onun ölkədə qalmasına imkan verilməsi tələbi ilə Norveçdə kütləvi mitinqlər gedir. Lakin Marie Amelianı təyyarəyə mindirib zorla Rusiyaya göndərirlər.

Nədir ictimai rəyin tam əksinə olan bu reallıq?

Qanunun aliliyi.

MOLLA KREKAR NORVEÇƏ MEYDAN OXUYUR

Norveç miqrasiya idarəsi müəyyən edib ki, Molla Krekarı Iraqa göndərsələr, onun həyatını ölüm təhlükəsi altına qoyarlar. Ona görə də, Molla Krekar Bin Ladenə rəğbətini gizlətmir, İslam terrorçularına bəraət qazandırır, Norveçin də üzvü olduğu NATO-nu işğalçı ordu adlandırır, amma onu Norveçdən xaric edə bilmirlər.

Çünki qanuna görə mühacirləri ölüm təhlükəsi ehtimalı olan ölkəyə deportasiya etmək qadağandır.

Molla Krekar özü də bilir ki, bu qanundan heç kim kənara çıxa bilməz, ona görə də hətta onu ölkədən çıxarmaq istəyən naziri ölümlə hədələməkdən çəkinmir. Çıxışlarının birində Krekar deyir ki, əgər onu deportasiya etsələr və əgər İraqda onu öldürsələr, deportasiya haqqında qərarı qəbul edən Norveç rəsmisi də eyni aqibəti yaşayacaq.

Onun bu təhdidləri norveçlilərin hiddətləndirsə də, məcburdurlar reallıqla barışsınıar. “Ansar Al islam” təşkilatının keçmiş rəhbəri kimi Molla Krekar İraqın şimalında, hazırda hakimiyyətdə olan kürd siyasətçilərinə qarşı silahlı mübarizə aparıb. İraqa qayıtsa, ona divan tutulacaq – Norveçdə buna şübhə edən yoxdur.

Bundan başqa, 2004-cü ildə Molla Krekarın yazdığı kitabı vaxtilə islam terrorçularının hücumuna məruz qalan naşir William Nygaard dərc edir. Həmin Nygaard ki, Salman Rüşdinin “Şeytan ayələrini” çap etdiyinə görə 1993-cü ildə ona evinin qabağında sui-qəsd etmişdilər. Aldığı güllə yaralarından sağalan Nygaard 11 il sonra qatı islamçının kitabını nəşr etməklə, bu dəfə Norveç cəmiyyətinə açıq çağırış edir – Norveç demokratik cəmiyyətdir deyir.

MARİE AMELİA – İLİN NORVEÇLİSİNƏ NORVEÇDƏ YER YOXDUR?

Marie Amelianın işində isə əhalinin simpatiyası tamamilə onun tərəfindədir. Şimali Osetiyadan olan bu mehriban təbiətli qız (onun əsl adı Mədinə Salamovadır) Norveç dilində təmiz, ləhcəsiz danışır. Ali təhsil alıb. İşi var. Norveçlilərin ideal miqrantlar haqqında təsəvvürlərinin təcəssümüdür. 2009-cu ildə “Ny Tid” jurnalı onu ilin Norveçlisi elan edib. Bütün bunlara baxmayaraq Maria Amelie Oslodan Moskvaya deportasiya olunur.

Norveçin miqrasiya xidməti və sonradan məhkəmə orqanlarının da gəldiyi nəticə belədir ki, Maria Amelienın Rusiyaya göndərilməsi onun həyatına heç bir təhlükə kəsb etmir. Odur ki, kəskin etirazalara baxmayaraq deportasiya qərarını dəyişmədilər.

Maria Amelienı “Aeroflot” təyyarəsinin salonunda Moskvaya uçmaqda, Molla Krekarı isə Oslodakı mənzilindən islam forumlarına yazmaqda tərk edib bu yazının ilk cümləsindəki fikrə qayıdaq – Norveçin ən məşhur mühaciri Norveç monarx ailəsidir.

MÜHACİRƏT - NORVEÇİN ƏSAS QAYĞISI

Məsələ burasındadır ki, 1905-ci ildə müstəqillik əldə edən Norveç, konstitusiyalı monarxiya siyasi sistemini seçmiş və kral kimi ölkəyə Danimarka monarx ailəsinin nümayəndəsini dəvət etmişdi. Bu dəvəti qəbul edərək ölkəyə gələn Danimarka şahzadəsi, hazırki kral Harald Haakonun babası olmuşdi. Odur ki, onu yeni Norveç tarixinin ən məşhur mühaciri də saymaq olar.

Avropanın bir sıra ölkələrindəki kimi, Norveçdə də son illər miqrasiya problemləri ictimaiyyəti maraqlandıran əsas mövzulardan birinə çevrilib. Bəzən gündəmin az qala bütün digər mövzularını kölgədə qoyur.

Miqrasiya mövzusunun cəmiyytdəki maraq əmsalını səciyyələndirən belə bir hadisəni xatırlamaq olar.

2003-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı Bakıda baş verən toqquşmalara Norveç mediası yalnız 2 gündən sonra reaksiya verdi. Bunun da əsas səbəbi ondan ibarət idi ki, Azərbaycan müxalifətinin 2 nümayəndəsi Norveç səfirliyinə sığınmışdılar.

Jurnaslitləri maraqlandıran əsas sual, heç də Bakıdakı gərginliyin Norveçin siyasi və neft maraqlarına necə təsir edəcəyi deyildi. Əsas sual belə idi: “Norveç səfirliyinə pənah gətirənlərə siyasi sığınacaq veriləcəkmi?”

Maria Amelie ətrafındakı ehtirasların şiddətinə baxmayaraq heç kim onun yenidən Norveçə qayıdacağına şübhə etmir. Bu qız həqiqətən Norveç cəmiyyətinə məxsusdur. Onu Moskvaya müşayət edən nişanlısı Eivind Tredalla yenidən geri qayıdacağı gün uzaqda deyil. Ya iş vizası, ya da şəxsi dəvətnamə ilə.

Molla Krekarın da yaxın gələcəkdə Norveçi tərk edəcəyini də heç kim gözləmir. Azından nə qədər ki, Norveçdə mühacir deyəndə - kral ailəsini, qanun deyəndə - ölkə konstitusiyasını düşünən siyasi qüvvələr hakimiyyətdədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG