Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:47

“Nəyə lazım milyon dənə çanaq?”


Azərbaycanda tezliklə rəqəmli yayım gerçəkləşdiriləcək. Mediada yayılan məlumatlara görə, bu yayım növünə keçid çanaq antenalarının yığışdırılması bahasına başa gələcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisi Əflatun Şərifovun AzadlıqRadiosuna dediyinə görə, çanaq antenaları evlərdən məcburi yığışdırılmayacaq, sadəcə təklif ediləcək ki, iri bir çanaqdansa, ev antenası əldə etməklə müəyyənləşdirilmiş xarici telekanallar izlənilsin:

NƏYƏ LAZIM MİLYON DƏNƏ ÇANAQ?

- Zərurət yaranarsa, təzə ev tikən deyəcək ki, bax bu cür şərait var, nəyə lazım milyon dənə çanaq? Hazır var da. Mən məcbur etmək haqqında heç nə eşitməmişəm. Elə bir şey yoxdur. Əli müəllim elə bir insandır ki, o kiməsə icazə verməz ki, kiminsə hüquqları biz tərəfdən, nazirliyə aid qurumlar tamaşaçıların hüququnu hardasa pozsun.

SEÇİM AZADLIĞINA TƏSİR EDƏCƏKSƏ, MƏNFİ HALDIR

Zeynal Məmmədli
Media eksperti Zeynal Məmmədli deyir ki, çanaq antenalarının yığışdırılması vətəndaşın kanal seçiminə təsir göstərəcəksə, bu, mənfi haldır:

- Bu, hansısa kanallara baxmamaq üçün düşünülmüş addımdırsa, çox uğursuz addımdır. Bu, insanların bilgi azadlığının məhdudlaşdırılması mənasına gələcək. O paketləri ancaq nazirlik verəcək və paketlərdən kənara çıxa bilməyəcəksən. Çıxmaq istəyirsənsə, xeyli pul ödəməli olacaqsan. Pul ödəməyin özü də mənim seçim azadlığıma pul vasitəsilə maneədir.

Bir il əvvəl Bakının mərkəzi küçələrindən çanaq antenalarının yığışdırılmasına başlanmışdı. Buna səbəb kimi rəsmilər deyirdi ki, çanaq antenaları binaların fasadını korlayır.

BUNUN HEÇ BİR QANUNİ ƏSASI YOXDUR

Xalid Ağaliyev
Media Hüququ İnstitutunun hüquqşünası Xalid Ağaliyev deyir ki, çanaq antenalarından istifadənin məhdudlaşdırılmasının heç bir qanuni əsası yoxdur. Hətta binaların gözəl görünməsi bəhanəsi insanların informasiya əldə etmək hüququnun qarşısında arqument sayıla bilməz:

- Peyk antenasının yaratdığı pis görüntünün yaratdığı zərər, bir tərəfdə isə insanların informasiya əldə etmək hüququ. Bunu tərəziyə qoysaq, ağır tərəf insanların informasiya hüququdur. Bu müdaxilə tətbiq olunsa belə, demokratik cəmiyyət üçün zəruri olan məhdudiyyət deyil. Heç bir təxirəsalınmaz sosial tələbatdan irəli gələn müdaxilə deyil.

İnformasiya texnologiyaları üzrə ekspert Hacı Hacıyev deyir ki, çanaq antenalarının geniş yayılması ölkənin rəqəmli yayıma keçməsinə əngəl ola bilməz:

LAZIM OLAN KANALLARI VERƏCƏK, LAZIM OLMAYANLARI YIĞIŞDIRACAQ

- Dövlət verirsə, özünə uyğun tənzimləyə biləcək. Ona lazım olan sayda, ona lazım olan məzmunu verəcək. Lazım olan kanalları verəcək, lazım olmayanları yığışdıracaq. Tənzimləməyə nə ehtiyac var ki? Sən təklif edə bilərsən öz rəqəmsal yayımını. Əgər o keyfiyyətli, yaxşı, ucuzdursa, ona onsuz da baxan olacaq. Əgər məcburi şəkildə digər alternativləri yığışdırırsansa, bu artıq aydın məsələdir ki, ondan keyfiyyətli bir şey verməyəcəksən

XOŞ XƏBƏR DEYİL

Bakı sakinləri çanaq antenalarının yığışdırılma ehtimalından narahatlıqlarını ifadə edirlər. Məsələn, paytaxt sakini Şahin Əliyev deyir ki, rəqəmsal yayım vasitəsilə hökumətin təklif etdiyi televiziyalarla vətəndaşın istəyi üst-üstə düşməyəcəksə, bu, xoş xəbər deyil:

Bakı sakinləri çanaq antenalarının yığışdırılma ehtimalından narahatlıqlarını ifadə edirlər
- Şəxsən baxıram, dincəlirəm Animal Planetə, heyvanlar aləminə ki, bu millətdən aralanım, bir balaca başım dincəlsin. Sizin o təzə sistemdə olacaqmı o? Yəqin ki, onlar hamısı siyasi şeylər olacaq. Bilmirik axı siz nə təklif edirsiz. Siz sayını təklif edirsiz, bəs keyfiyyəti?

- Seçim imkanları çox olsa, daha yaxşı olar.

- Elə kanallar var ki, biz dünyadan alıb baxırıq. Bu paketlərdə olmayacaq mən biləni. Olmayacaqsa, çanağın olması məsləhətdir.

- İdman olmayan bir kanal olsa, mənə televizor lazım deyil. Mən televizora baxmayacağam.

- Məgər radioların kanallarını dəyişdirəndə bunu soruşmuşdular insanlardan? Onları da soruşmadan elədilər, insanlar öyrəşdilər. Öyrəşməyənlər başqa üsullara keçdilər, yəqin televiziya ilə də belə olacaq

Çanaq antenalarının binaların fasadlarından yığışdırılması və eyvanlara paltar sərilməsi Naxçıvan Muxtar Respublikasında ötən ildən qadağan edilib. Hətta eyvandan paltar asmaya görə 500 manata qədər cərimə də müəyyən edilib. AzadlıqRadiosunun Muxtar Respublikadakı müxbirinin dediyinə görə, sahə polisləri bu işə ciddi nəzarət etməkdədirlər.
XS
SM
MD
LG