Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:58

Dindarlar şeyxlə görüşə bilmədilər


Günorta namazından sonra dindarlar məscidin həyətini tərk etmədilər
Günorta namazından sonra dindarlar məscidin həyətini tərk etmədilər
Yanvarın 24-də ölkənin müxtəlif bölgələrindən olan yüzlərlə dindar Təzə Pir məscidinə yığışaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşə cəhd etdilər. Məqsəd dindarların dediyinə görə, son dövrlər hicabla bağlı ölkədə baş verən hadisələrə aydın gətirmək və bu məsələyə birdəfəlik son qoymağın yollarını müzakirə etmək idi.

Ötən ilin noyabrında təhsil naziri Misir Mərdanov orta məktəbə şagirdlərin hicabla gəlməsini qadağan edən şifahi göstəriş verib. Bu göstəriş ölkənin dindarları tərəfindən qəti etirazla qarşılanıb. Təhsil Nazirliyinin qarşısında, həmçinin Aşura günündə Bakının Nardaran kəndində etiraz aksiyaları keçirilib.

“CAMAAT ƏT YEMƏK ÜÇÜN NƏNƏSİNİN PENSİYASINI GÖZLƏYİR”

Ərazidə polisin və digər təhlükəsizlik xidmətlərinin əməkdaşlarının yetərincə olmasına baxmayaraq, günorta namazından sonra dindarlar məscidin həyətini tərk etmədilər.

QMİ-nin qarşısında toplaşan dindarlar uzun müddət idarənin məsul şəxslərinə öz istəklərini izah etməyə və görüşə nail olmağa çalışdılar. Masallı dindarlarından

Sərdar Hacıhəsənli nəhayət ki, onların qarşısına çıxan QMİ-nin qazisi və Təzə Pir məscidinin axundu Hacı Faizə dərdlərini anlatmağa çalışdı:

Sərdar Hacıhəsənli
“Bizim rayonumuzda çoxları var ki, dillərinə ət dəyməsi üçün nənələrinin pensiyasını gözləyirlər. Amma heç vaxt biz camaatı Təzə Pirə yığıb deməmişik ki, gəlin ət uğrunda mübarizə aparaq. Onu şəxsiyyətimizə belə sığışdırmırıq. Amma dini məsələ başqadır. Hamı yaxşı bilir ki, dinin üzərinə gəlinməyincə, dindarlar heç bir məsələyə münasibət bildirməyib. Axı bu hicab məsələsi ortaya çıxmadan belə şeylər olurdumu? Azərbaycan dindarları başını aşağı salıb namazını qılırdı də. Gəlmişik şeyxlə görüşək. Hicab məsələsinə son qoyulmasını istəyirik. Şeyxi dindarların cənab prezidentə müraciətinin qapısı hesab edərək biz bura yığışmışıq. Hansısa strateji obyektə getməmişik, yol kəsməmişik. Bizdə də demokratik bir ölkənin tələbi olduğu kimi istəyən hicabla, istəməyən hicabsız yaşamalıdır”.

Hacı Faiz isə bildirir ki, Təzə Pirə yığışanların bir qismini bir müddət əvvəl Allahşükür Paşazadə qəbul edib. O hər dəfə bura gələnləri qəbul edə bilməz. Bu gün bu kəndi qəbul edəcək, sabah başqa kənddən yığışıb gələcəklər.

BU QANUNU QMİ, ŞEYXÜLİSLAM ÇIXARTMAYIB

Hacı Faiz:“Bizim də tələbimiz bura gələnlərinki kimidir. Biz də dindarıq. Ancaq bu qanunu QMİ, Şeyxülislam çıxartmayıb”
“Bizim də tələbimiz bura gələnlərinki kimidir. Biz də dindarıq. Ancaq bu qanunu QMİ, Şeyxülislam çıxartmayıb. Dövlət verib qanunu. Buna da münasibət bildirməyin hüquqi yolları var. Səbrlə, təmkinlə yoluna qoyulur belə işlər”.

Hacı Faiz əvvəl dindarlara müraciətlərini yazılı şəkildə təqdim etməyi məsləhət gördü. Bu təklif qəbul edilmədi. Belə olduqda o dindarların bir neçə nəfərini şeyxin qəbul etməsi ilə bağlı istəklərini Allahşükür Paşazadəyə çatdırmaq üçün içəri - idarəyə girdi. Amma bir müddət sonra qayıdıb Şeyxülislamın onları qəbul etməyəcəyini bildirdi. Belə olanda dindarlar məscidə daxil olub vəziyyəti müzakirə etməyə başladır.

MÜLKİ ŞƏXSİN XAHİŞİ

Bu vaxt bayırda mülki geyimli bir şəxs dindarların nümayəndələrinə camaatı başa salıb dağılışıb getmələrini təkidlə xahiş edirdi. Onu da deyim ki, bu cür söhbətlərdə dindarlar bura yığışanların, tərəfdarlarının yalnız cüzi bir hissəsi olduğunu xatırladırdılar.

Beləliklə sonda dindarlar qərara gəldilər ki, dağılışıb öz fikirlərini sivil qaydada prezidentə çatdırmağın yolları barədə düşünsünlər.

Beş saata qədər sürən bu danışıqlarda kifayət qədər gərginlik hiss olunsa da, nə dindarlar, nə də polis tərəfdən hər hansı narazılıq yarada biləcək hərəkətə yol verildi. Amma bununla belə dindarların bir çoxu buraya nə üçün yığışmalarının səbəbini mikrafona danışmaqdan imtina edirdilər.

Suallarımızı cavablandıran dindar Bəxtiyar Cavadov isə dedi ki, adamların mikrafona danışa bilməməsinin bir səbəbi sovet dovründən qalma keyfiyyətdir. Amma əlbəttə ki, başqa səbəblər də olmamış deyil:

ADAM BELƏ ŞEYLƏRİ ÖZÜNƏ SIĞIŞDIRMIR

Sonda dindarlar qərara gəldilər ki, dağılışıb öz fikirlərini sivil qaydada prezidentə çatdırmağın yolları barədə düşünsünlər
“Bizim prezidentdən də, Şeyxdən də xahişimiz hicab məsələsidir. İndi kimsə ailəsinə, özünə görə kamera, mikrafon qarşısında bunu deməkdən çəkinirsə, bu, onun öz işidir. Amma camaat bura öz haqqına, öz ailələrinə görə gəlib. Ana–bacılarımızın, xanımlarımızın hicablarının müdafiəsinə gəlmişik bura. Qızım dərs ala bilmir. Biri deyir başına papaq qoy, o biri deyir parik qoy gəl məktəbə. Adam belə şeyləri özünə sığışdırmır. Axı biz müsəlman dövlətində yaşayırıq. Gəlmişik bu məsələlərin yoluna qoyulmasını rəhbərlikdən xahiş edək”.

Onu da deyim ki, Təzə Pir məscidinin həyətinə yığışan dindarlar heç bir siyasi partiyaya aid olmadıqlarını, sadəcə uşaqlarının məktəbə hicabla buraxılmamasına görə narazı olduqlarını bildirirdilər.

Təhsil rəsmilərinin hicabla bağlı məlum bəyanatlarına baxmayaraq, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri “Turan” agentliyinə müsahibəsində bildirmişdi ki, məktəblərə hicabla gedib-getməmək müzakirə mövzusu ola bilməz. Hicab Allah buyruğudur və yalnız onun forması müzakirə edilə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG