Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:18

"Kişilər kişi olsa...”


(soldan sağa) Sevinc Çılğın, Səlim Babullaoğlu, Nuridə Atəşi. 21 yanvar, 2011

(soldan sağa) Sevinc Çılğın, Səlim Babullaoğlu, Nuridə Atəşi. 21 yanvar, 2011

...Təqdimat mərasimlərində, imza günlərində bəzən hər şeydən danışılar, bircə kitabın özündən başqa...

Müəllif haqda boğazdan yuxarı sözlər, yeddimərtəbə təriflər...

Amma bu imza günündə - Sevinc Çılğının "Ən yeni ədəbiyyat" seriyasından buraxılan "Alaçarpa" şeirlər toplusu özü-özünü tanıtdı.

Sevincin qələm dostu Səlim Babullaoğlu otaqdakı səs-küyün acığına şeirləri ucadan oxumasa da...

Filan şair

Hansı qapıda yazacaqlar, görəsən?!

Atam evi,

nənəm evi,

birinci ər,

ikinci ər...

sınıq-salxaq kirayələr...

Karlarına hansı gələr

cızmaq üçün

“Bu evdə filan şair yaşamışdır.”?!


İmza günü yanvarın 21-də “Akademiya-Kitab” Mərkəzində keçirildi.

Yazar dostları şairəyə bol-bol uğur, yaradıcılıq sevinci arzuladılar.

Sevinc Çılğın ən müxtəlif mövzulara müraciət etsə də, onun yaradıcılığında qadın tənhalığı, hüquqsuzluğu əsas yer tutur.

"Kişilər kişi olsa...”

Hirsindən ağlayar qadınlar
kişi önündə
zəifliyindən yox.

Gücsüzlüyünə acığı tutar
əlacsızlığından
əsəbləri onu boğar.
Boğula-boğula hönkürər qadınlar
kişi önündə
içindən doğranar.

Mənasız illərinə,
heçə paylanan günlərə,
anlara
ağlayar qadınlar
sevdasız zamanlara.
İçində gəzdirdiyi boşluğa
yanar.

Göz yaşlarını içinə axıdar.
Min dəfə dolar, boşalar
məsum baxışları.
Ağlayar qadınlar.
Ağlaya-ağlaya
coşar, daşar.

Ağlaya-ağlaya
ən sonunda
taleyilə barışar.
Amma, ağlamaz qadınlar
KİŞİ önündə
.


Kitabın təqdimatına gələnlər yazarlar... Nurəngiz Gün, Rafiq Tağı, Rasim Qaraca, Səlim Babullaoğlu, Baba Vəziroğlu, Nuridə Atəşi, tənqidçi Cavanşir Yusifli... Türkiyədə çalışan azərbaycanlı aktrisa Məlahət Abbasova, bəstəkar Aygün Səmədzadə...

Sonda Sevinc Çılğın oxucuları və yazar həmkarları üçün yeni kitabını imzaladı, onlarla xatirə şəkilləri çəkdirdi.

“Akademiya-Kitab” Mərkəzindən Kultaz.com-a verilən məlumata görə imza günündə müəllifin 100-ə yaxın kitabı satılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG