Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:15

Sultan Mərzili. Moskvada qış cizgiləri















Təzə ilin köhnə şeirləri

MOSKVADA QIŞ CİZGİLƏRİ

Bayırda qar yağır, ağ-appaq qəşəng,
Yolur Şaxta baba qu quşlarını.
Bəlkə Qar qız bu il ərə gedəcək,
Cer-cehiz edəcək balışlarını.

Küçədə əlləşir qoçaq qırqızlar,
Əlvida Gülsara, Kaşqar əlvida.
Şaxtada, soyuqda əlləri sızlar,
Isti ata yurdu düşdükcə yada.

Rusiya mürgülü, Moskva poxmel,
Şəhər də, küçə də araq qoxulu.
Keçəl başlarında yüz fitnə, yüz fel,
Gəlib keçənlər də baxar qorxulu.

Diktorlar tələsik xəbər söyləyər,
Arada tez verib saqqız reklamı.
Bıçaqdan ölməyən soyuqdan ölər,
Heç kim heyrət etməz, öyrəşib hamı.

Sərhəddi görünməz nəhəng Rusiya,
On gün kefə baxır, kanikuldadı.
Yarı Avropadır, yarı Asiya,
Qitədən qitəyə uzanıb yatır.

Süzün badələri, biz də yüz vuraq,
Xoş gəlib Təzə il köhnə plaşda.
Keşikdə əsgərə baxaq düz duraq,
Rusiya kefdədir, dünya təlaşda.

07.01.2010.Moskva


ULDUZ İŞIĞINDA

Hərdən gecələri göyə baxanda,
Ulduz düymələnər açıq yaxanda,
Ruhun, canın, səsin yerdən çıxanda,
Nə ot, nə qızılgül, nə zanbaq olmaz,..

Baxarsan, əlçatmaz uca göylərə,
Dövranları yoran qoca göylərə,
Hərdən vurulduqca haça göylərə,
Kəndirlə, mismarla bəzənmək olmaz.

Baxarsan, gözlərin deşər göyləri,
Əl atıb yapışar, eşər göyləri,
Nə xeyir saxlayır, nə şər göyləri,
Açıb bu sirləri yazan mağ olmaz!

Baxarsan, başının üstündə yol var,
Başına sancılan tikanlı kol var,
Haçalar üstündə gərilmiş qol var,
Ayaqların mıxda, gəzinmək olmaz.

O uca, o təmiz, əlçatmaz yola,
Saman tökənlər var, yatağın ola.
Donarsan soyuqdan, qaç bala-bala,
Ulduz işığında qızınmaq olmaz...

08.01.2010.


İKİNCİ NƏVƏM Oğuz Təkinin
İLK AĞ PƏLƏNG İLİNƏ HƏDİYYƏ


Bu qarpız, bu yemiş, bu zoğal, bu qoz,
Necə bağ-baxcalı bostan yaratdın.
Şükür möcüzənə sənin İlahi,
Sən necə yoxluqdan insan yaratdın?!

Bu uzun barmaqlar, bi incə qaşlar,
Bu nəm-nəm yolunda körpə vuruşlar,
Bir böyük cahanla döyüşü başlar,
Bələkdən fələyə dastan yaratdın.

Gah baxır, gah gülür, gah qığıldayır,
Kim bilir, o bizi indi nə sayır?
Bəlkə bələk deyil, bizi sarıyır,
Oğuz Təkin olur, ad-san yaratdın.

O kimin nəvəsi, kimdir babası,
Hansı bürcdən gəlir səsi, sədası?
Şahanə duruşü, xanlıq ədası,
Pələngdir, börüdür, qaplan yaratdın!

11.01.2010.



ARABAÇI ŞEİRİ

Başımda telim qalmasa,
Saqqalı, bığı neylərəm?
Qövsi-qüzehim olmasa,
Qaranı, ağı neylərəm?

Qoyunum-keçim olmasa,
Çadırm, keçəm olmasa,
Köçməyə köçüm olmasa,
Aranı, dağı neylərəm?

Bağ ilə işim olmasa,
Ağzımda dişim olmasa,
Qarpız-yemişim olmasa,
Quruca tağı neylərəm?

Hoşa, öküzlərim hoşa,
Dartın yükü qoşa-qoşa,
Allah qoymaz yüküm aşa,
Mənzili yaxın eylərəm!

11.01.2010.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG