Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:04

Rüfət Əhmədzadə. Mənsur şeirlər


Pıçıltı

Sənə demişdim axı... Demişdim! Demişdim ki, həyatda heç də hər şey göründüyü tək deyil.

Sənə özünü bağışlamağın satmaq, qibtə ilə diz çökməyin qürurunu ayaqlar altına atmaq, ilahi duyğularla sevdiyin birisiylə yastığa baş qoymağın Allahdan üz döndərib şeytan qucağında yatmaq olmadığını...

Axı, dəfələrlə izah etmişdim. Yəqin ki, lazımınca deyə bilməmişdim. Ya da, çox qəliz danışırmışam mən.

Sənə demişdim axı...Demişdim! Demişdim ki, həyatda sevgi üzdə bölündüyü tək deyil.

O, həmişə qarşılıqsız olur. Hətta, qarşılıqlı gəlsə belə... Hətta, iki nəfər də bir-birinə, dönə-dönə hey “mən səni sevirəm” desə belə!

Birində çox olanda, o birində hisslər azalmalıdır. Birinin duyğuları hücuma keçdiyi an, digərinin ordusu geriyə qaçmalıdır.

Yox, yox... Mən demirdim ki, məhz bu cür olmalıdır. Amma nə edim ki, hey belə oldu. Bilsəydim ki, sən yenilik etməkdən qorxacaqsan... Heç nə deməzdim sənə.

Sənə demişdim axı... Demişdim! Demişdim ki, heç nədən qorxma. Demişdim ki, heç kimin qınağına aldanma.

Mənə inan... Bilirsən, mən bunu niyə demişdim? İnanmışdım sənə, inanmışdım.

Axı, səndən nələr gözlədiyimi dönə-dönə demişdim... Amma sən… Elə əsl gözlədiyimi verdin.

Qorxa-qorxa “səni itirmək istəmirəm” sözlərimin cavabını.... Nə qələt eləmişdim!

Tam səmimi, düşündüyümü demişdim sənə! Demişdim!

Sevdiyimdə görmədiyim baxmadığımdan irəli gəlmirdi. Səni yüksəkdə görməyim axmaqlığımdan deyil, sənə verdiyim dəyərimdən idi.

Demişdim axı, sənə.. “Sən mənə heç nə demə, göstər sevgini – narazı fısıltıdan uzaq nəfəsin ilə” – pıçıldamışdım qulağına, səni qucağıma bərk-bərk sıxıb.

Sənsə gülümsəmişdin... Aşiqliyiməmi? Ya səfehliyimə... Öyrənə bilməmişdim.

Mən demişdim axı sənə... Bildiyimi demişdim.

Heç də hər şey biz istəyən kimi olmur həyatda. Heç də hər dediyimiz dinlənilmir... Hətta, ən yaxın ətrafımızda da. Demişdim ki, ürəklər xalsız olmaz.

Eh! Gör ey, sənə mən nə çox şey demişdim... Özümə deyən biri lazım idi – sənə dediklərimi.

Demişdim axı... Demişdim. Gün gələcək, səni düşündürəcək gücdə deyə bilmədiyim bütün sözlərim yazdıqlarım olacaq.

Onda, sən də hər şeyi xatırlayacaqsan. Və hərflərə pıçıldayacaqsan: “Mənə demişdin axı... Demişdin!”


Melanxolik monoloq
(bir qəribin iç səsi)

Ey, təbim mənim! Dostum mənim! Sən çoxdandır ki, alov axtarırsan. Qəfil, tüstü görünür. Uzaqdan, sevinərək, başılovlu qaçarsan. Amma, sonda...

Sən köz ilə oynarsan! Qəribədir, deyilmi?

Ömrü böyük arzulara həsr elə... Kiçik uğurlar qazan! Biz həmişə bu cürə pərt oluruq.

Lakin, “şükür!” deyirik. Maraqlıdır! Görəsən, biz niyə yaşayırıq!?

Sən çoxdandır, uçmağa çalışırsan. Bacardığın yalnız tullana bilmək! Qəribədir, deyilmi? Xəyalların səni göyə qaldırır.

Amma, yerə enmək heç də xoş deyil. İnsan əlində olanlardan niyə tez bezir?

Həyatdan da bezirik. Amma, ölməkdən qorxaraq! Maraqlıdır! Görəsən, biz niyə yaşayırıq!?

Sənə bir şey söyləyim:
İkonalar ağlamaz! Ağladanları olmaz! Ağlayaraq baxsa da, hamı onlara... Gözlərindən yaş axmaz!

Çünki, yox duyğuları! Nə yanarlar, nə də ki, hallarına yanan yox. Hamı arxayındır ki, ikonalar güclüdür! Kimsə narahat olmaz! Onların özü belə - bizdən fərqli olaraq!

Çünki, yox duyğuları! Yox sevən ürəkləri! Amma, çox sevənləri! Onlar ki, bizim kimi, sevgi arzulamazlar! Di gəl, sevgi sarıdan, heç olmaz qıtlıqları!

Bizimsə, duyğumuz var. Sevib, sevilməliyik! Amma, çox az alınır. Və çox zaman, uğursuz! Maraqlıdır! Görəsən, biz niyə yaşayırıq!?

(Bu arada, kənardan bir musiqi səsi gəlir. Gitara ağlayır. Onu kimsə ağladır. Elə də həzin deyil. İnsan duyğuları tək, çılğın və azğın hava... Ağlayan gitaradır. İkonalar hələ baxır!)
Ey, canım mənim! Dostum mənim! Sən çoxdandır, təslim olmaq barədə düşünürsən. Görəsən kimə, nəyə? Heç özün də bilmirsən!

Sadəcə, yorulmusan. Bezmisən savaşmaqdan. Daha, yeni bir zərbə dadacaq halətin yox! Daha, yenə dərd çəkəcək taqətdə ürəyin yox...

Qaçırsan insanlardan! Amma, insan arzusuyla, hələ də alışırsan. Tənhalığa qapanmaq ilə isə, sən sadəcə özünü aldatmağa çalışırsan!

Çəkilmisən kənara! Amma, fikir əl çəkmir. Ürək dinlənə bilmir. Xəyallar boğur səni! Divarlar sıxır səni! İndi kimsə gələcək....

Sən xoşbəxt olacaqsan! Sadəcə, bir anlığa! Sonra, nə olur olsun! Təki, bitsin bu lənət! Sıxılır tək ürəyin! Lakin, sevgi gələndə... Yenə acı, iztirab.... Yenə çəkərsən əzab!

Bu sənə xoşmu olar? Cavab vermə! Bilirəm! Biz hamımız beləyik!

Elə, mən də, səndən heç fərqlənmirəm! Maraqlıdır! Gorəsən, biz niyə yaşayırıq!?

Gəl, bir də yada salaq:

İkonalar ağlamaz! Onları ağladacaq aldadanları olmaz! Yalançılar da belə, onların qabağında, çox səmimi olarlar! Çünki, insan deyillər!

Həqiqi deyil onlar! Reallıqdan çox uzaq, real inam hədəfi! Qəlblərindən keçən yox.

Onları hiss edən yox! Amma, çoxdur onların arzu eləyənləri! Onlar ki, bizim kimi arzuyla yaşamazlar!

Di gəl, arzu sarıdan, heç olmaz qıtlıqları!
Bizimsə, arzumuz var. Sevib, sevilməliyik! Amma, çox az alınır.

Və çox zaman, uğursuz! Maraqsızdır! Görəsən, biz niyə yaşayırıq!?

(Yenə musiqi səsi gəlir. Bu dəfə, piano ağlayır. Onu mən ağladıram.

Elə də çılğın deyil. İnsan duyğuları tək, bezgin və üzgün hava... Ağlayan pianodur. İkonalar isə, susur!)

7 sentyabr, 2009-cu il
Kiev, Ukrayna



Leyla

Eyb etməz, Leyla! Eyb etməz. Sənin itki hesab etdiyin şeylər – bitib tükənənlərdir.

Sənin yaşamaq gücün, yaşatmaq yetənəyin heç zaman bitməz, Leyla! Həyat da əbədidir. Sevə bilsən, o bitməz!

Gedən getdi, Leyla! Gedən getdi. Xətrinə dəyib də, eşqinə dəyməyib də… Artıq, özgəsinə dəyməyə getdi. Nə olsun ki, arzuların meyvələri dəyməmiş töküldülər….

Nə olsun ki, uşaqların çimərlikdə qurduğu qum qəsrləri kimi, sənin xəyalların da söküldülər…

Külək yıxdı onları, Leyla! Külək yıxdı. Hərəkətin deyil də, hərəkatın deyil də…

Heykəllərin küləyi yıxdı, Leyla! İndi sağda da, solda da gördüyün, toxunduğun, danışdığın, rastlaşdığın heykəllərin küləyi…

Bilirsən, Leyla… Dəyməz ona, Vallah, dəyməz! Sənə adi dayanacaq tək dəyənlərə görə, qəti dəyməz!

Mən qismətə çox inanıram, Leyla! Sən də inan…

Və bil ki, Tanrının səndən aldığı hətta yaxşısa belə, sən daha yaxşısına layiq görülmək üçün, lap əla olmalısan.

Sil gözünün yaşını… Daha nə deyim, Leyla?! Sənə necə təskinlik verim ki mən? O uzaqda… Sən sazaqda….

Heç kimə heç nə deməzsən, dərdini içə salıb sızıltıyla, iniltiylə… Eləcə, gecələri keçirərsən!

Eyb etməz, Leyla! Eyb etməz. Mənimki də belə gəldi. Gedən mənimki deyilmiş, Leyla! Mən anladım, mən öz payımı aldım. Sən də al ibrətini…

Və öz dərsini anla! Məni çox incitdilər, Leyla. Elə üzdülər…

Amma, o qədər yox ki, ancaq dərdimi yazıb aləmə car çəkim… Axı, məndən də bədbəxtlər var həyatda.

Bilirsənmi, insanların səni görə bilməsiyçün şöhrətə can atmaq nədir?

Bilirsənmi, nifrət etdiyin istismarçıya tən olmaq üçün plan qurmaq nədir?

Bilirsənmi, mən məni sevənləri hey kasıb zamanımda tapmışam… Amma, kasıblıqdan da qoruya bilməmişəm.

Heç indi də varlı deyiləm, Leyla. Mən hələ ki, o həddə çatmamışam. İnsanlara hələ yaxınam,

Leyla!

Bax, sənə də yaxınam. Hamıdan yaxın… İndiyədək, heç kimsənin istisi belə yaxmamışdı yaxından, yaxamdan məni. Səni qucaqladıqca, saçlarını oxşadıqca..

Sənə təsəlli verməyi demirəm, özüm səndən toxtaqlıq alıram lap… Sən hələ gözlərimin içinə bax.

Çoxdandır gözlərimdə görünməyən qığılcımlar görərsən. Həm də, çoxdandır ki görmədiklərin…

…Dayan, Leyla! Dayan. Nə edirsən? Sal qollarını aşağı, boşalt mənim boynumu…

Elə bilmə, mən özgə odunu söndürə bilərəm.

Elə bilmə, mən yandırdığım odun yanğısı az acıdar…

Mən də gedərəm, Leyla. Bax, elə indicə, paltomu geyinib, damağıma papiros ilişdirib, bəxtim rəngdə çəkmələri ayağıma keçirib...

Gecə vaxtı səni tək qoyub gedəcəyim təj…

Getməmişdən, sənə bir sirr açım. Sənin həyatındakı ən nalayiq əclaf mən idim, Leyla! O mən idim. Amma, sən….

Heç nə dəyişə bilməz həqiqətlə oyalanma, Leyla! Məni yola salıb da, mənim izlərimi silməklə əlləş… Eləcə, gecələri keçirərsən!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG