Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:20

Mərkəzi Klinik Xəstəxananın işçiləri yarım ştata keçirildilər


Mərkəzi Klinik Xəstəxana

Mərkəzi Klinik Xəstəxana

“Mərkəzi Klinik Xəstəxananın işçiləri 0.5 vahidli iş ştatına keçiriliblər. Yəni orada işləyənlər daha əvvəlki kimi tam ştatda yox, yarım ştatda işləyirlər və maaşları da əvvəlki ilə müqayisədə yarım dəfə azalıb”.

Bu barədə AzadlıqRadiosuna daxil olan məktubda bildirilir. Özünü Kamran kimi təqdim edən məktub müəllifi hesab edir ki, bu addım əslində müəssisənin vergidən yayınması üçün münbit şərait yaratmaqla yanaşı orada işləyənlərin gələcəyi üçün də müsbət vədlər vermir.

Klinikanın işçilərindən bəziləri yarım ştata keçirilmələri barədə faktı təsdiqləsələr də, suallarımızı rəhbərliyə ünvanlamağı tövsiyə etdilər.

“Mərkəzi Klinik” MMC-nin baş direktor müavini Ceyhun Topçubaşov deyir ki, xəstəxananın təmiri ilə əlaqədar həqiqətən də belə bir addım atılıb:

MÜVƏQQƏTİ OLARAQ 50 FAİZ MAAŞA KEÇİRİK

“Xəstəxana təmirdədir. İndi onun bir hissəsi bağlanacaq. Sözsüz ki, belə olanda çarpayıların sayı da azaldılacaq və sairə. Ona görə də ya biz gərək işçilərin sayını azaldaq, ya da maaşları. İndiki çətin vəziyyəti nəzərə alaraq, işçilərin hamısını işdə saxlamaq üçün müvəqqəti olaraq 50 faiz maaşa keçirik”.

Mərkəzi Klinik Xəstəxananın ümumilikdə 800 işcisi var. Onlar işə müqavilə ilə qəbul edilirlər. Ceyhun Topçubaşov belə deyir və əlavə edir ki, təmir başa çatandan sonra işçilər yenə də tam ştata keçirilib əvvəlki maaşlarını alacaqlar. O hesab edir ki, klinikanın təmiri azı 6 ay çəkəcək.

Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə deyir ki, belə hallarda həqiqətən də işçilərin sayı işin həcmi ilə uyğun gəlmir.

Və qanunvericiliyə əməl etməklə işçiləri ixtisara salmaq mümkündür. Amma əgər müdiriyyət humanistlik göstərirsə, bu vəziyyətə müvəqqəti hal kimi baxırsa, onda işçilərin natamam iş vaxtına keçirilməsi daha məqsədəuyğun olardı, nəinki onları yarım ştata keçirmək:

“YAXŞI OLARDI Kİ, NATAMAM İŞ VAXTI TƏTBİQ OLUNSUN”

“Çünki yarım ştata keçmək işçidə iş yerinə münasibəti də dəyişir. Yəni o, həmin müəssisənin tam hüquqlu işçisi sayılmır. Yaxşı olardı ki, natamam iş vaxtı tətbiq olunsun və ona uyğun vəzifə maaşı verilsin. Məsələn, işçi gündə 8 saat deyil, 6 saat işləyib onun pulunu alır. Əgər əlbəttə ki, müəssisənin zərurəti varsa. Yox, əgər burada vergidən yayınmaq, ikili mühasibatlıq və sair bu kimi məsələlərlə bağlı belə bir gediş edilirsə, bu, çox pisdir”.

S.Məmmədov konkret olaraq Mərkəzi Kilinik Xəstəxanadakı vəziyyət barədə bir söz deyə bilməsə də, ümumən qeyd edir ki, təcrübədə belə hallardan müxtəlif formalarda sui-istifadəyə rast gəlinir. Burada işçini asılı vəziyyətdə saxlamaqdan tutmuş, ikinci mərhələdə onları işdən çıxatmaq planları da mümkündür.

Sahib Məmmədovun fikrincə, işçini yarım ştata keçirəndə müəssisənin bunu necə rəsmiləşdirməsi çox vacib məqamdır. Əgər işçi ərizə yazıb öz xahişi ilə yarım ştata keçirsə, sonra ona verilən vəd yerinə yetirilmədikdə hüquqi baxımdan tam ştata bərpa olunmaq üçün onun heç bir imkanı qalmır.

Ona görə də əmrdə müddəti göstərilməklə natamam iş vaxtının tətbiq olunması daha etibarlıdır.

Şərhləri göstər

XS
SM
MD
LG