Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:21

Narkoman - cinayətkar yoxsa xəstə?


Əksər məhbus CM-nin 234.1 (narkotik maddə saxlama və istifadə) maddəsi ilə həbsdə yatır
2010-cu ilin rəsmi statistikasına əsasən, hazırda Azərbaycanda qanunvericiliyin narkotik maddəsi ilə 3 mindən çox məhbus cəza çəkir. Onların 2 minə yaxını isə satış məqsədi olmadan qanunsuz yolla əldə olunmuş və istehlak miqdarından artıq narkotik maddə saxlama ittihamı ilə həbs olunub.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, onlar ölkənin cəzaçəkmə müəssisələrində monitorinq aparıblar, məlum olub ki, əksər məhbus CM-nin 234.1 (narkotik maddə saxlama və istifadə) maddəsi ilə həbsdə yatır. Novella Cəfəroğlu deyir ki, cəmiyyətdə və hüquq-mühafizə orqanlarında narkotik istifadəçilərinə münasibətin dəyişməsinə, onların daha çox xəstə kimi qəbul edilməsinə ehtiyac var:

«Ən çox yatanlar narkotikdən istifadə edənlərdir. Orda müalicə yerləri var, amma axıra qədər müalicə olunmurlar və üstəlik, istifadə imkanları genişlənir».

Bir müddət öncə AzadlıqRadiosunun «Qaynar xətt»inə üz tütmüş Bakı sakini Həqiqət Zeynalova əsassız yerə üç oğlunun narkotik maddə saxlamada ittiham olunmasından şikayət edirdi.

Həqiqət Zeynalova deyirdi ki, oğlanlarının ikisi narkotik maddə istifadəçisi olublar, əvvəllər buna görə həbsdə də yatıblar. O, iddia edirdi ki, polislər oğlanlarının narkotik istifadəçisi olduğunu bildiyindən daim təzyiq altında olublar.
Araz Əliquliyev
Onun uşaqlarına dəyməməsi üçün polisə vaxtaşırı pul ödəyirmiş:

«NARKOTİK İSTİFADƏÇİSİNİ HƏBSXANAYA SALMAQLA ONU İSLAH ETMƏK OLMAZ, ən uğurlu yol onun müalicəsinə nail olmaqdır».

Bunu Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Araz Əliquliyev deyir. O bildirir ki, Azərbaycan qanunvericiliyində bu imkan var, amma heç kəs bu imkandan yararlanmır:

«Altı ildir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» qanun qüvvəyə minib. Onun 26-cı maddəsi imkan verir ki, narkotik istifadəçisinin yaxınları polisə müraciət etsinlər və onların məcburi müalicəsinə nail olsunlar. Amma polis deyir ki, mən adamı necə məcburi müalicəyə göndərə bilərəm, bu, qanunaziddir. Halbuki qanun buna icazə verir».

Araz Əliquliyev hesab edir ki, narkotik istifadəçilərinə cəza tədbirləri yumşaldılmalı, əksinə, qanunsuz narkotik satışı ilə məşğul olanlara cəza tədbirləri kəskinləşməlidir.

Komissiya təmsilçisi deyir ki, müvafiq qeyri-hökumət təşkilatları müvafiq qanunvericiliyin təkmilləşdirilməsi haqda təkliflərini hazırlayıb onlara təqdim etsinlər.
Tanrıverdi Aydınbəyov
Araz Əliquliyev deyir ki, onların qanunvericilik təklifi ilə çıxış etmək hüquqları var və onlar bu sənədi parlamentə təqdim edə bilərlər.

Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Tanrıverdi Aydınbəyov da məhkumlar arasında CM-nin 234.1 maddəsi ilə ittiham olunanların çox olduğu ilə razılaşır. Amma deyir ki, BU MADDƏNİN CM-DƏN TAMAMİLƏ ÇIXARILMASI QEYRİ-MÜMKÜNDÜR:

«Bu, narkotik satanlara geniş imkan yaradardı. Məsələn, elələri var ki, adamlardan kuryer kimi istifadə edir, deyir ki, onsuz da polis üstündə tapsa, sənə heç nə eləyə bilməz».

DİN təmsilçisi hesab edir ki, bu məsələnin həlli ilə bağlı peşəkar ekspert qrupu işləməlidir və heç bir detal nəzərdən qaçmamalıdır.

Xarici təcrübəyə istinad edən hüquq müdafiəçisi Səadət Bənənyarlı deyir ki, bir çox ölkələrdə sosial, tibbi xidmətlər olur və narkotik istifadəçilərinə xidmət göstərir. Narkotik maddə müəyyən miqdarda açıq satışa da buraxılır ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq asanlaşsın.

Şərhləri göstər

XS
SM
MD
LG