Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:24

Qarabağ əlilini “Şərq” bazarından niyə qovdular?


Amil Rzayev
Amil Rzayev
Bakıdakı “Şərq” bazarında paltar alveri ilə məşğul olan birinci qrup Qarabağ müharibəsi əlili Amil Rzayev AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib ki, bazar rəhbərliyinin göstərişi ilə mağazasının qapısı sındırılıb, malları əlindən alınaraq anbara yığılıb. Səbəb icarə haqqını vaxtında ödəməməsi olub:

- 2001-ci ildən “Şərq” bazarında işləyirdim. Bazarın rəhbərliyinə hər ay 400 manat pul ödəyirik, qəbz də vermir. İcarə haqqı ödənişində əlil kimi mənə heç bir güzəşt etmirdilər. Halbuki mən icarə haqqının 50 faizini ödəməli idim. Xəstəliyimlə əlaqədar 3 ay işə çıxa bilmədim. İcarə haqqının bir hissəsini ödəmişdim, 600 manat qalmışdı. Bazar rəhbəri Heydər Əliyevə bununla bağlı yazılı müraciət elədim, ancaq müraciətimə baxmadı.

“35 MİNLİK MALIMI ƏLİMDƏN ALDILAR”

Sentyabrın 28-də məni zorla mağazadan çıxartdılar, mallarımı yığıb apardılar. Mən o malların bir hissəsini nisyə götürmüşdüm, bir hissəsi üçün isə banklardan pul götürüb ödəmişdim. Hazırda da iki banka pul ödəyirəm. 35 min manatlıq malımı yığıb apardılar, özümü də “Şərq” bazarından zorla çıxartdılar.

Mən də prezidentin mənə hədiyyə etdiyi “Oka”yla etiraz aksiyası keçirtdim, Heydər Əliyev maşınımın şüşələrini qırdırdı, maşına min manata qədər zərər dəymişdi. Bununla bağlı prezidentə 20-yə qədər ərizə yazmışam, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə yazmışam, məhkəməyə vermişəm.

- “Şərq” bazarının rəhbərliyi ilə aranızda müqavilə var idi?

- Orda heç kəslə müqavilə bağlanmır. 2003-cü ildə mağazaları satıcılara satdı. Daha doğrusu, öz “polkalarımızın” böyür-başını bağlatdırdı və özümüzə satdı. Həmin vaxt mən o mağaza üçün indiki pulla 3700 manat ödədim. Ancaq heç kəslə, o cümlədən də mənimlə alqı-satqı müqaviləsi bağlamadı. 2007-ci ildən hamıdan təzədən pul yığmağa başladı ki, guya mağazaları 25 illik müqavilə ilə bizə verir. Mən səs-küy saldığıma görə məndən pul almadılar, ancaq həmin vaxtdan mənimlə “düşdülər”.

“DƏDƏ QORQUD HOLDİNQ”, YOXSA “NUR”?

Amil Rzayev Nərimanov rayon Məhkəməsinə yazdığı iddia ərizəsində cavabdeh tərəf kimi “Dədə Qorqud Holdinq”i göstərib. Deyir ki, “Şərq” bazarını həmin şirkət idarə edir. Ancaq məhkəməyə “Nur” şirkətinin nümayəndələri gəlmişdilər. Onlar bildirdilər ki, “Şərq” bazarını “Dədə Qorqud Holdinq” yox, “Nur” şirkəti işlədir. Heydər Əliyev də həmin şirkətin təsisçisidir.

Şirkətin nümayəndəsi məhkəmədə bildirdi ki, Amil Rzayev işlədiyi müddətdə onunla müqavilə bağlanıb və ödədiyi icarə haqlarına görə ona qəbzlər verilib. Amil Rzayevsə hakimə şirkət nümayəndəsinin yalan danışdığını dedi. Hakim Rasim Kazımov şirkət nümayəndəsindən növbəti məhkəmə iclasında Amil Rzayevlə bağlanmış müqavilələri məhkəməyə təqdim etməsini tapşırdı.

O MALLAR BİZƏ LAZIM DEYIL

“Nur” şirkətinin vəkili Cavanşir Süleymanov AzadlıqRadiosuna bildirib ki, Amil Rzayev vaxtında icarə haqqını ödəmədiyinə görə həqiqətən də “Şərq” bazarının rəhbərliyi onun satdığı geyim əşyalarını mağazadan aktla yığışdıraraq bazarın anbarına yığıb. Ancaq sonradan ona dəfələrlə gəlib anbardan mallarını geri götürməsini desələr də, Amil Rzayev mallarını geri götürmək istəməyib. O, “Şərq” bazarının rəhbərliyindən dəymiş zərər kimi malların pullarını ödəməsini tələb edib:

- O mallarını bizə satmaq istəyir, bizə də o mallar lazım deyil.

Elə Amil Rzayev də deyir ki, o, indi mallarının geri qayıtmasını istəmir. İstədiyi odur ki, “Şərq” bazarının rəhbərliyi vaxtında mağazadan yığışdırıb apardığı geyim əşyalarının pullarını ona ödəsin. Deyir ki, bazar rəhbərliyi həmin əşyaları yay fəslində aparıb, həmin geyim əşyaları da mövsümə uyğun yay geyim əşyaları olub:

- İndi onların mənə qaytardıqları yay geyim əşyalarını kimə satım ki, başıma yığdığım 35 min manat borcu adamlara qaytara bilim.


XS
SM
MD
LG