Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:16
Azadlıq Radiosunun “Pen klub” verilişinin qonağı yazıçı Pərviz Cəbrayıldır.


- “Yad dildə” romanınız Nəsimi musabiqəsində ilin romanı seçilib. Gözlənilən idimi bu sizin üçün?

- Müsabiqədə iştirakımdan xəbərim yox idi. Zahir Əzəmət telefon açıb dəvət etdi. Orada bildim ki, yekun nəticə belə olub.

Amma müsabiqənin keçirilməsindən xəbərim olsaydı, belə özümlə bağlı bu nəticəni gözləməzdim.

- Milli Kitab Mükafatı Müsabiqəsinə (MKM) qatılmaq istəmirdiniz...

- Hə, əvvəl Milli Kitab Mükafatı Müsabiqəsinə qatılmamaq fikrindəydim.

"40 yaşla bağlı ümumən götürəndə məndə belə bir təəssürat var ki, tamamilə təzə doğulmuşam. Özü də 40 yaşında dünyaya gəlmişəm. Və mən dünyanı yenidən öyrənməyə başlamalıyam".
Amma sonra - indi açıqlanması caiz olmayan şeylərə görə müsabiqəyə qatıldım.

Burada pis bir şey də görmürəm.

Ən azı ona görə ki, yazıçı həm də oxunmaq üçün yazır və əlavə 5-10 adam da mənim kitabımı oxuyacaqsa, bunun ziyanı olmaz hər halda...

Bir sözlə, mənim ora kitab göndərməyim, aldığım məlumatlardan çıxardığım nəticənin yekunudur.

Amma onu da bilirəm ki, MKM-in ekspertlər qrupunda balans gözlənilməyib.

Bilirsiniz, bəzən insan ümidsiz yaşamağı da sınaqdan keçirməlidir. Mən kitabımı qalib olmaq üçün göndərməmişəm.

Sadəcə göndərmişəm və ümidsiz yaşamağın həzzini alıram.

- Bu romanın Türkiyədə nəşr olunması məsələsi nə yerdədir?

- Oradakı nəşriyyatlardan birinə kitabı göndərmişəm. Müəyyən ümidli gözləntilər var. Ehtimal olunur ki, baş tutacaq.

Tərcümə prosesi gedir hazırda. Amma bu mənim yox, yaxın dostlarımdan birinin ideyası idi. Özüm belə işlərdə tənbələm.

- Azad Yazarlar Ocağında (AYO) Şahbaz Xuduoğlunun MKM-ə qoşulmasından narazılıqlar, ümumiyyətlə bu müsabiqədə iştiraka qarşı çıxanlar var. Siz necə baxırsınız bu məsələyə?

- Kim istəmirsə, bu müsabiqəyə kitabını göndərməsin. Mən də göndərməyə bilərdim, göndərməyəcəkdim, amma göndərdim.

Bu hər kəsin öz iradəsinə bağlıdır.

Mən bu prosesdə diqqətin Şahbaz Xuduoğlunun üzərinə yönəldilməsini qəbul edə bilmirəm. Tutaq ki mən əvvəl kitabımı vermirdim, sonra göndərdim.

O da dünən getmirdi, bu gün gedib. Bu qədər bəsitdir bu. AYO-ya gəlincə, mən onun üzvü deyiləm.

- Amma üzv olmaq ehtimalı bir vaxt yaranmışdı.

- Rafiq Tağı AYO-nun sədri olanda namizədlik məsələmi qoydu. Mənsə sadəcə hər hansı birliyin, quruma üzvlüyün tərəfdarı olmadığım üçün imtina etdim.

Ümumiyyətlə mən istənilən birliyin sonunu “kolxoz” kimi təsəvvür edirəm.

- “Məryəm Surəsi” - yeni romanınızın adı hardandır? Dinə dəxli varmı bu romanın?

- Bu adın birbaşa “Quran”dakı “Məryəm surəsi” ilə heç bir bağlılığı yoxdur.

Sadəcə bu ad iki yerə parçalanmaq üçün yaranıb. “Surə” müsəlmançılığa - Şərqə, “Məryəm” isə xaçpərəstliyə - Qərbə işarədir.

Bütün bunlar romanın qəhrəmanı olan qadının başında cərəyan edən bir ideyadır.

Əslinə isə o nə müsəlman, nə xaçpərəstdir, heç əsl adı da Məryəm deyil.

- Romanın ideyası hardan gəldi?

- “Yad dildə”nin içindən çıxıb bu ideya.

- Romanda hadisələr həm də Avropada - İsveçrədə cərəyan edir. Olmusunuzmu orada?

- Hə, hadisələr Sürixdə cərəyan edir. Amma mən orada olmamışam. Əlbəttə ki oranı görmək, hiss etmək daha yaxşı olardı bu baxımdan.

Amma indi elə bir zamandır ki, internet vasitəsilə virtual olaraq hər yeri gəzmək mümkündür.

Mən də romanı yazmazdan əvvəl Sürixi beləcə gəzmişəm.

Əsərdə təsvir etdiyim yerləri indi rahat gedib gəzə bilərəm. Artıq oralara o dərəcədə bələdəm.

- “Məryəm surəsi”, icərisindən çıxdığı “Yad dildə” romanını yaxşı mənada arxa plana keçirə biləcək ya yox?

- Hər yeni roman özündən əvvəlkini arxa plana keçirməlidir. Əgər belə olmasa, deməli ya geriləmisən, ya da yerində sayırsan...

- Ötən verilişlərin birində Əli Əkbər Azərbaycan dilinin naqis olduğunu demişdi. Siz nə düşünürsünüz bu barədə?

- Dünyada naqis dil yoxdur. O dildə naqis yazan, naqis danışan adam ola bilər.

Mən şəxsən yazanda, təsvir verəndə dil baxımından hansısa çatışmazlıq hiss etməmişəm. Məncə dostumuz Əli Əkbər sadəcə fikrini düz ifadə etməyib.

- Bu günlərdə 40 yaşınız tamam oldu. Nə verib sizə bu 40 yaş?

- Əslində bəlkə, mən nə vermişəm 40 yaşıma. Məsələn, bu “Məryəm surəsi”ni mən 40 yaşıma yazmışam.

Yəni özümə söz vermişdim ki, “mən sənin 40 yaşına bir roman yazacam”.

Düzdü, ondan əvvəl “Yad dildə” romanı və “Hər sabah yaşam” şeirlər kitabı gəldi. Məncə 40 yaşıma borcumu verdim. 40 yaş mənə nə verib, bilmirəm.

Amma, 40 yaşla bağlı ümumən götürəndə məndə belə bir təəssürat var ki, tamamilə təzə doğulmuşam. Özü də 40 yaşında dünyaya gəlmişəm.

Və mən dünyanı yenidən öyrənməyə başlamalıyam.

- Kim bükəcək, kim bələyəcək sizi bundan sonra (kim qayğınıza qalacaq)?

- Heç ki, özüm. Amma mən elə doğrudan da uşaq kimiyəm. Evdə uşaqlar da məni sanki bir uşaq kimi böyüdürlər.....

VERILIŞƏ TAM ŞƏKİLDƏ BURDA QULAQ AS
(Prodüsser Səadət Akifqızı)

Həmçinin oxu
Milli Kitab Müsabiqəsinə təqdim edilən 12 əsər çıxdaş edilib

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG