Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:48

20 Yanvardan 21 il sonra


Bu günün fərqliliyi təkcə təqvimdə qara işarələnmiş tarixdən, Şəhidlər Xiyabanında beş gün əvvəldən görülən hazırlıq tədbirlərindən, qərənfilə bürünmüş metrostansiyalardan başlamır.

Qucaq-qucaq al qırmızı qərənfillərin yolboyu satılmasında, insanların çoxunun yalnız bir istiqamətdə hərəkət etməsində, hətta konduktorun sərnişinləri Şəhidlər Xiyabanına gedən avtobuslara çağırmasında da fərqliliyi hiss edirsən. O indi daha tez-tez və ucadan deyir bu sözləri:

“ŞƏHİDLƏR XİYABANINA, ŞƏHİDLƏR XİYABANINA!”

20 Yanvar faciəsi ilə əlaqədar səhər saatlarından minlərlə insan Şəhidlər Xiyabanını ziyarətə gəlir. Uzaqdan baxanda Xiyabanın qarşısında al qırmızı qərənfillərdən düzəldilmiş rəsm qan gölməçəsini, insanların əllərində tutduğu dənə güllər isə qan damcılarını xatırladır...21 il əvvəl isə Bakının müxtəlif yerlərində bu rəsm əsəri insan qanı ilə canlandırılmışdı.

Xiyaban ziyarətçilərindən biri danışır ki, o vaxt Rusiyada, Tambo şəhərində olarkən eşidib 20 Yanvar faciəsi haqqında:

- Azərbaycanlılar – hamımız çıxdıq küçələrə, etiraz etməyə. Nəticəsi olmadı...

77 yaşlı Qumru Məmmədovanı həmin gün ən çox təsirləndirən həlak olanlar arasında yaşca kiçik Larisa və İlqarın ölümü olub. Elə o vaxtdan iki cüt qərənfillə onların qəbrini ziyarət edir:

Qumru Məmmədova
- Sonra xəstəxanaya düşənlər də var idi axı. Bir gün “28 May” metrosu qarşısında gördüm ki, yazıblar ki, kimin imkanı var onlara nəsə bişirib aparsın. Mən də evdə ətim var idi, gəlib bişirdim, plov da elədim. Respublika xəstəxanasına getdim, 2-3 mərtəbədə verdim.

AĞIR GÜN İDİ

O dövrün şahidləri olanlar fikirli–fikirli ziyarətdən qayıdır. Onlara baxanda düşünürsən ki, o günün hadisələri səhnələşir gözləri önündə:

- İndi ordan qayıdıram, o günü heç xatırlamaq istəmirəm, ağır gün idi.

- Salyanski kazarmanın qabağında yaşayırdım, pəncərəni açdım, baxdım aşağı, 5-6 nəfər “speznaz”dan şlem, şitlər, bronjlet, başlarında isə antennləri. Pəncərəni açanda qışqırdı ki, “zakroy”, bu adamları sonra görmədik, işlərini görüb gediblər.

BUNA AZADLIQ DEMƏK OLARSA...

Bakı sakinlərindən kimi 20 Yanvar gününü “azadlıq mübarizəsi” adlandırır, kimisi isə hələ də tam azad olmadıqlarını dilə gətirir:

- Müstəqil olmağımızın ilk başlanğıcı bəlkə də bu oldu.

- Bizdə dırnaqarası azadlıq var, yenə də eşidirik bu nağılları. Çünki bizdə müstəqillik formal bir şeydir. İstərdim həqiqətən hiss edək müstəqilliyi.

- Sovet dövrünə baxanda bugünkinə min şükür, yəqin ki, yaxşılığa doğru gedirik.

- Uşaqlar məktəbə, özlərinin ləyaqəti adlanan hicabdan məhrum olaraq gedirlər, əgər buna azadlıq demək olarsa, gəlin azadlıq deyək!

- Bütün strukturlarda, bütün işlərdə köhnə aparatın işçiləri qalıb, çətinliklər var, birdən-birə alınmır demokratiya, azadlıq, amma inanıram ki, düzələcək.

Bu gün Şəhidlər Xiyabanını ziyarətə gələnlər arasında Azərbaycan prezidenti İlham Əliyev, nazirlər, hərbçilər və sair dövlət rəsmiləri də olub.

Müxalifətçilərin ziyarəti insidentsiz ötüşmədi
Siyasi partiyalardan isə AXCP və Müsavat liderləri öz tərəfdarlarını bir araya yığıb ziyarətə gəldi. Onlar üzərində

“AZADLIQ UĞRUNDA ÖLDÜ ŞƏHİDLƏR,
AZADLIQ GÖRMƏDİ VƏTƏNDAŞLARI”


şüarı olan plakatla ziyarət etmək istərkən polislə üzləşdilər.

Polis plakatı müxalifətçilərin əlindən aldı. Siyasi liderlərlə polis arasında qarşıdurma olsa da, sonunda Xiyabana ziyarət baş tutdu.

Səhər saat 9-dan Şəhidlər Xiyabanının ətrafında toplaşmış jurnalistlərin isə gözləntiləri doğrulmadı. Nazirlərin və digər rəsmilərin ziyarətdən sonra onlara informasiya verəcəklərini gözləsələr də, rəsmilər Xiyabanı tərk edənə kimi mühafizə xidməti jurnalistləri əraziyə buraxmadı.
XS
SM
MD
LG