Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:16
Bakıda vaxtilə “passaj” adı ilə tanınan küçədə indi basabas olmur, çünki ayaq saxlayıb baxası heç nə yoxdur, mağazalardan savayı. Bir müddət əvvəl “Torqovi”dan rəssamların köçürülməsi sanki rəsm əsərlərinə xüsusi marağı ilə seçilməyən Azərbaycan toplumunu incəsənətdən bir az da uzaqlaşdırdı.

Küçə incəsənəti dünyada sənətin ən məşhur növlərindəndir – elə şəhərlər var ki, ora turist axını üçün məhz rəssamlara minnətdar olmaq lazımdır. Bakının “Torqovi”sında işləyən rəssamlara isə bu minnətdarlıq qismət olmadı...

3 DİBÇƏK, 2 ZİBİL QABI İLƏ BAKIYA BƏZƏK VURMAQ...

“Divin canı şüşədəydisə, Bakının canı da o küçədə idi”, deyir Bakı sakini Eldar:

“Əhalinin özünə də ləzzət edirdi. Bir var quru-quru gəlirsən, boş-boşuna gedirsən də. 3 dənə dibçəyi qoymaqla, 2 dənə zibil qabını qoymaqla yaraşıq olmur axı...”

“Passaj”ın keçmiş rəssamlarından Mübariz Şahverdiyev deyir ki, əgər paytaxta gələn qonaq rəssamların küçəsindən keçməyibsə, deməli, Bakıda olmayıb:

“PASSAJ”I GÖRƏNƏDƏK BİZİ BAZAR ADAMI HESAB EDİRMİŞ”

“O küçədə elə bil ki, canlanma var idi, qeyri-adi bir küçə formasını almışdı. Latviyalı bir qonaq gəlmişdi, dedi mən Qafqazda heç cürə təsəvvür edə bilməzdim ki, belə bir küçə ola bilər. Açığı, bizim adamlara Moskvada, Leninqradda olarkən bazar adamları kimi baxırmış. Amma gəlib bu küçəni görəndən sonra deyir ki, sizdə demək incəsənətə maraq var imiş. Bundan sonra gələn qonaqların fikirlərini təsdiqləyən bir şey olacaq ki, yəni incəsənətə maraq yoxdursa, buna şərait yaradılmırsa, ancaq bazar mövqeyindən çıxış etməli oluruq”.

Mübariz Şahverdiyev deyir ki, rəssamın alıcıyla ünsiyyətdə olması, əsərin rəsm salonunda satılmasından fərqlidir. Həm gəliri, həm də mənəvi baxımdan:

“Bilirdin ki, müştəri rəssamın işinə müəyyən qədər qiymət verir, deyir ki, mənim gücüm bax buna çatır. Ona sən məmnuniyyətlə verirdin ki, bu adam mənim işimi alır. Bu da məni qane edir. Amma biz artıq o işlərdən tam təcrid olunmuşuq. Salonlarda da demək olar ki, rəssamın yox, ancaq onlar öz maraqlarını güdürlər”.

ƏSƏR SATMAQLA PALTAR SATMAĞIN FƏRQİ...

Sənətşünas Ziyadxan Əliyev deyir ki, əsər satmaq pal-paltar satmaq deyil:

Ziyadxan Əliyev
“Dünyanın hər yerində mədəni işlərlə məşğul olan, bu işə dəstək verən iş adamları belə, müəyyən vergilərdən azad olurlar. Əsər satmaq pal-paltar satmaq demək deyil. Bu, insanların zövqünün formalaşdırılmasına xidmət edən vasitədir, bir məkandır. Ona görə də bunları başqa ticarətlə qoşalaşdırmaq olmaz”.

Sənətşünasın fikrincə, müəyyən rüsumlarla da olsa, rəssamlar məhz “passaj”da öz fəaliyyətlərinə davam etməlidirlər.

KÜÇƏ RƏSSAMLIĞI İNSANLARA NECƏ TƏSİR EDİR?

Art-menecer Fəridə Allahverdiyevanın fikrincə, rəsm sərgisini küçədən yığışdırmaqla məmurlar incəsənətə münasibətlərinin səviyyəsini sərgiləyiblər:

“Əgər küçə ticarəti vardısa, rəsm əsərləri satılırdısa, bu, hansısa mənada rəssamlığa tələbatı artırırdı. Məsələn, belə hesab olunurdu ki, Niderland rəssamları ən çox tələb olunan rəssamlardır, çünki bu rəssamlar xalqa çox yaxındırlar. Onlarda küçə rəssamlığı əvvəldən inkişaf etmiş bir şeydir. Buna görə də bu xalq həmişə incəsənəti dəyərləndirir. Əgər incəsənət küçələrdən yığışdırılırsa, istər-istəməz onun cəmiyyətlə əlaqəsi itir. Bu da incəsənətə münasibəti aşağı səviyyəyə gətirib çıxarır”.

Fəridə Allahverdiyeva deyir ki, Azərbaycanda sərgi salonlarına, açılışlara getmək sıravi vətəndaşlar arasında populyar deyil, ona görə də açıq havada rəsm əsərlərinin satışı həm də sərgidir:

“Bu, açıq hava altında olanda və insanlara daha yaxın olanda, geniş kütlələrə əlçatan bir yerdə olanda istər-istəməz insan hansısa incəsənət nümunələriylə tanış olurdu. Ən optimal variant o olardı ki, onlar yenidən həmin yerə qayıtsınlar. İlk növbədə bu, həmin küçənin xüsusiyyətinə çevrilmiş bir şeydir, incəsənət küçəsi kimi sayılırdı bizdə”.

QANUN RƏSM ƏSƏRİNİN KÜÇƏDƏ SATIŞINI QADAĞAN EDİRMİ?

Əlabbas Bağırov
Bakı Şəhər İcra Hakimiyyətinin ticarət və xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov isə bir müddət əvvəl AzadlıqRadiosuna deyib ki, rəssamlar qanunsuz küçə ticarəti ilə məşğul olduqları üçün fəaliyyətlərinə son qoyulub:

“Bakı Şəhər İcra Hakimiyyəti başçısının göstərişinə əsasən, bütün bunlar qeyri-qanuni küçə ticarəti sayıldığına görə, yığışdırıldı”.

Qüvvədə olan qanunvericilik Azərbaycanda küçə ticarətini qadağan etmir, onu sadəcə tənzimləyir. Bu ticarət növü “Bakı şəhəri səyyar (mövsümi) ticarət və xidmətlərinin aparılması qaydaları” ilə nizamlanır. Bu normativ akta istinadən, qadağan olunan fəaliyyətlərin siyahısında “rəsm əsərləri” sözü keçmir, burda əsasən ərzaq məhsulları və bir neçə elektrik cihazlarının adı qeyd olunur. Rəsm əsəri, qaydalarda yazıldığı kimi, “xarab olan və ətrafda sanitar vəziyyətə problem yaradan, hansısa əlamətləri xüsusi yoxlanılmağa ehtiyacı olan” əşya deyil.

MƏMURLA SƏNƏTÇİNİN İSTƏKLƏRİ ÜST-ÜSTƏ DÜŞMƏYƏNDƏ...

İndiliksə, “passaj”da əsərlərini satışa çıxaran rəssamlar pərən-pərəndir. Mübariz Şahverdiyev deyir ki, ən aşağı qurumlardan tutmuş, Prezident Administrasiyasına kimi şikayətlərinin nəticəsiz qalması incəsənətə biganəliyin işarəsidir. Bu isə gənc rəssamlara da artıq öz təsirini göstərib:

“Yavaş-yavaş gələcək nəsil incəsənətin qadağa kimi deyim, yoxsa necə...İncəsənətdə yaşlı rəssamların çəkdiyi bu əzab-əziyyəti görürlərsə, onlar yəqin bu əziyyəti çəkmək istəməyəcəklər”.

Mübariz Şahverdiyev deyir ki, onlara yaxınlarda İçərişəhərdə yer təqdim olunubmuş. Amma “yer haqqı” tələb edənlərlə istəkləri üst-üstə düşmədiyindən bu sevda da baş tutmayıb.

Şərhləri göstər

XS
SM
MD
LG