Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:39

«AXCP-Müsavatın birləşməsi mövzusu adamların zəhləsini töküb»


Pənah Hüseyn
Pənah Hüseyn
«Hazırkı parlament Prezident Administrasiyasının bir şöbəsidir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında ölkədə baş verən ictimai-siyasi proseslərə münasibət bildirən Pənah Hüseyn deyib. Əvvəlcə AXCP-Müsavat partiyalarının birləşməsi barədə sualı cavablandıran siyasətçi deyib ki, hər şeyin çürüyünü çıxarmaq lazım deyil. Bu mövzunun da artıq çürüyü çıxıb:

MƏSƏLƏNİN BELƏ QOYULMASINDA ƏN ÇOX MARAQLI OLAN HAKİMİYYƏTDİR

«Əvvəla, mövzu adamların zəhləsini tökməyə başlayıb. İkincisi, bu birləşməni istəyən adamlar varsa, artıq buna mane olan müstəviyə keçib. Və elə bil ki, qaşınmayan yerdən qan çıxarmaq kimi. Ya AXCP-dən olan, ya Müsavatdan olan nümayəndəyə müraciət edirlər və mütləq bir provakasyon işin tərəfinə toxunmaqla məsələnin ixtilaf tərəfini kökləməyə çalışırlar. Hazırda bu məsələnin bu şəkildə qoyulmasında ən çox maraqlı olan hakimiyyətdir».

Pənah Hüseyn deyir ki, seçkidən sonra müxalifət partiyalarının dəstəyi ilə yaradılmış İctimai Palatanı birləşmənin modeli hesab etmək olar. AXCP-Müsavat partiyalarının birləşməsi məsələsi isə onun fikrincə, süni surətdə gündəmdə saxlanılır. Pənah Hüseyn deyir ki, səbrli olub Müsavat Partiyasının qurultayını gözləmək lazımdır:

«Bu proses gedib. Bu prosesi əks istiqamətə döndərmək istəmirlərsə, indiki səviyyə ilə qane olub, bir qədər sakitləşib, bir qədər bu məsələnin oturuşmasına, həzm olunmasına nail olub, müəyyən sürəci gözləmək lazımdır».

HƏBSLƏR GÖZLƏNİLƏN İDİ

Son vaxtlar ölkədə baş verən həbslərə də münasibət bildirən Pənah Hüseyn deyib ki, seçkidən sonra həbslər gözlənilən idi:

«Nemət Pənahlı təkidlə o çıxışları etməsəydi, yəqin ki, onu həbs etməzdilər. Diqqətlə araşdırsaq, o çıxışlarda elə bir təfərrüat-filan da yoxdur. Müəyyən mənada pafoslu tənqid deyə bilərik. O baxımdan da mən sözün doğrusu mütləq saymıram ki, Nemət Pənahlı deyək ki, həbs olunmalı idi».

İslam Partiyası sədrinin həbsinə gəlincə isə Pənah Hüseyn bildirib ki, bu hücuma çoxdan hazırlıq görülürdü:

HİCAB MƏSƏLƏSİ SÜNİ ŞƏKİLDƏ ŞİŞİRDİLDİ

«Dini cameəyə hücum hazırlanırdı. Bu hicab məsələsi deyilən problem də mənim fikrimcə süni şişirdildi. Təsəvvür edin ki, heç bir xüsusi qərar və ya qanun olmaya-olmaya Misir Mərdanov kimi ehtiyyatlı bir adam görünməyən bir qətiyyətlə bu məsələni gündəmə gətirdi. Bizim məlumatlarımıza görə, bütövlükdə başıörtülü məktəbə gedənlərin sayı respublika üzrə 1500-2000 nəfərdən artıq deyil. Və Azərbaycan üçün açığı belə bir problem, təhlükə də yoxdur. Birdən-birə süni şəkildə bunu gündəmə gətirmək, bu etirazlar, çıxışlar da göz qabağında idi və siyasi müxalifətdən sonra da guya ölkədə əsas qüvvənin geriçi, dinçi, İrançı, islamçı qüvvələrin olduğunu saxlamaq və bu müqayisədə də hakimiyyətin müasir, çağdaş, dünyəvi, demokratik, belə bir ekstremalist qüvvə təhlükəsinin qarşısında duran və çox ciddi bir qüvvə imicini yaratmaq planı aydın şəkildə ortada idi. Və müəyyən şəkildə bunu həyata keçirdilər».

Pənah Hüseyn deyir ki, bu aqibət başqa istiqamətlər üçün də ola bilərdi. Onun fikrincə, İslam Partiyasının sədrinin məlum çıxışı bu məsələnin sürətlənməsində vasitə olub. Həbs olunan insanların evlərində axtarış aparılmasına, onların və ya yaxınlarının evində silah-sursat tapılmasına gəldikdə isə siyasətçi deyib ki, bu üsullarla hakimiyyət köhnə modellərə qayıdır.

Azərbaycanda aparılan siyasətə son vaxtlar adların qoyulmasına gəldikdə isə Pənah Hüseyn bunlarla razılaşmayıb. O deyib ki, heç bir modeldən söhbət gedə bilməz, yalnız bir model var. Ancaq bu eksperiment də özünü doğrulda bilmir:

AZƏRBAYCANI NAXÇIVANLAŞDIRMA SƏYLƏRİ VAR

«Azərbaycanı Naxçıvanlaşdırma səyləri var. Orada bir eksperiment gedir. Onu da bura transfer etmək səyləri var. Məncə, bu da alınmadı. Bu onunla nəticələndi ki, naxçıvanlıların getməyə bir Azərbaycanı var. Burda yaşayanların isə gedəsi başqa yeri yoxdur».

Azərbaycanda yeni formalaşan parlamentə də münasibətini açıqlayan Pənah Hüseyn deyib ki, bu parlament tarixə düşə bilər:

«Real müxalifətin təmsil olunmadığı ilk parlamentdir Azərbaycan müstəqillik əldə edəndən sonra. Bu məsələyə mütləq diqqət yetirilməlidir. Qondarma və yaxud dırnaqarasında olan müxalifət parlamentlər olub digər ölkələrdə. Biz bunu görmüşük və yaxud görürük. Yeri gəlmişkən, Tunisdə də əldəqayırma bir müxalifətin olduğu barədə məlumatlar yayıldı. Sən demə orada da «fiktivni» müxalifət varmış. Bu cür hadisələrin və bu cür proseslərin qarşısını ala bilmir».

PARLAMENTDƏ DANIŞMAQ İSTƏYƏN ADAM YOXDUR

Pənah Hüseyn deyib ki, real müxalifətin parlamentə düşə bilməməsinin müsbət və ya mənfi tərəfləri haqda cəmiyyətdə diskussiyalar gedir. Onun sözlərinə görə, demokratik müxalifətin ora düşə bilməməsini müsbət qiymətləndirənlər çoxdur. O deyib ki, indiki parlament daha çox Prezident Administrasiyasının bir şöbəsinə bənzəyir:

«Bu yeni parlamentin iki iclası olub. Özüm də böyük maraqla onun sessiyasını gözləyirəm. Mən də olan məlumata görə, orada danışmaq istəyən adam yoxdur. İki iclasdan sonra bəziləri ilə biz ünsiyyət saxlaya bilmişik, orada deyəsən danışan problemi yaranıb. Nə olacağını heç özləri də bilmir. Belə bir vəziyyətdir. O baxımdan ona parlament demək bir qədər doğru deyil. Olsa-olsa Prezident Administrasiyasının bir parlament şöbəsi və ya bir bölməsi deyək, belə bir şəkildə fəaliyyət göstərir».

XS
SM
MD
LG