Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:14

Müxalifətçi gənclərlə polis arasında qarşıdurma olub


20 Yanvar qurbanlarının ziyarəti zamanı müxalifətçi gənclərlə polis arasında qarşıdurma olub.

Bu barədə AzadlıqRadiosuna AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı məlumat verib.

O deyir ki, bir qrup gənc siyasi şüar yazılmış plakat qaldırıb:

«Keçmiş Əzizbəyov heykəlinin yaxınlığında bizə polis əməkdaşları yaxınlaşdı, plakatı əlimizdən almaq istədilər».

Əbülfəz Qurbanlı deyir ki, plakatı əllərindən alandan sonra gənclər «Azadlıq» şüarı qışqırıblar, bu da onlarla polis arasında qarşıdurmaya səbəb olub:

«Polis tərəfindən saxlanan olmadı. Şəhidlər Xiyabanını ziyarət zamanı isə polis AXCP-Müsavatın birləşdiyi İctimai Palatanın üzvlərinə imkan vermədi ki, onların hamısı xiyabana birlikdə daxil olsun».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə bildirib ki, olayla bağlı onlara məlumat daxil olmayıb.

Amma onun fikrincə, ümumxalq hüzn günündə siyasi şüarlar səsləndirilməsi yersiz cəhddir və anlaşılan deyil:

«20 Yanvar hər bir azərbaycanlı üçün kədərli gündür və adamlar onların xatirəsini yad etməyə yığışır, anım mərasimində siyasi şüar səsləndirmək başa düşülən deyil».
XS
SM
MD
LG