Keçid linkləri

Təcili xəbərlər

Həm dindar, həm də ateist olmaq


«Ateist» sözündən qəribə açılışlar

«A-teist» sözündə Tanrını danmaq gizlənib. Hərçənd sözə ciddi yanaşsan, kimlərsə bütün ateistlərin heç də dinsiz olmadığına sübutlar gətirə bilər: əski ovsunlarda, totemizmdə din vardı, Tanrı isə yoxdu. Eləcə də Buddizm – onu yeganə ateistik din adlandıranlar da var.

TANRININ SÜBUTU

Mənə Kantın baxışları güclü etgi, təsir göstərmişdi. Bu alman filosofu yazırdı ki, Tanrının olduğunu elmi yolla sübut etmək olmaz. Sonra isə artırırdı: ancaq di gəl, Tanrının olmadığını da elmi yolla sübut etmək olmaz, çünki elmi yolla yalnız təcrübəyə girənləri, yəni gözümüzə, qulağımıza, bir sözlə duyularımıza bəlli olanları sübut etmək olar.

Beləcə, Kant özü dindar ola-ola unikal bir ideyanı ortaya atmışdı: ateizmin də, dindarlığın da elmi əsası yoxdur. Sonra alman filosofu soruşmuşdu ki, bəs Tanrı elmi şüurun «pəncərəsindən» bizə görünmürsə, biz necə Ona inana bilərik? Cavabını belə vermişdi: bizi Onun varlığına inandıran əxlaqi bilincimizdir. Çünki əxlaq deyir: Tanrı yoxdursa, deməli, hər şeyi etmək olar (eyni düşüncə Dostoyevskidə də vardı). Ancaq Tanrı varsa, Onun gözündən heç bir yaramazlıq yayına bilməz, deməli, cəzasız heç nə qalmaz.

Ancaq, düzü, sonralar Kantın mənə təsiri başqa əlavələrlə saçaqlandı. Birincisi, aydın oldu ki, elmi sübut, elmi həqiqət, gerçək dünyanı göstərmək deyil ki, Tanrı varlığının, olumunun sübuta yatmamaması nəsə İlahiyyatçı biliyə eyib gətirsin. Nils Bor, görün nə deyirdi: öncələr elə bilirdilər ki, fizika dünyanın görkünü, şəklini verir. İndi isə bilirik ki, fizika dünya haqqında nəyi deyə biliriksə, onun şəklidir. Bu deyim elmi sübutu nəyisə göstərən, açan həqiqətə yox, nəyisə necəsə demək bacarığımıza çevirir. Sübut, bax, bu həqiqət gücünü itirəndən sonra Tanrı məsələsində onun hansı cazibəsi qalır ki?!

MƏN NİYƏ DİNDƏYƏM?

Yaxşı Tanrının olmaması və olması elmin gücsüzlüyü fonunda 50 % 50-dirsə, nələr tərəzinin Tanrıya aid gözünü mənim gözümdə ağır edir?

Tanrının tərəzisini, birincisi, əxlaq mənim üçün ağır edir. Tanrıya inananda mənəvi adam olmaq daha asandır, nəinki ateist olanda. Düzdür Mirzə Fətəli soruşurdu ki, baxın quldurlara, hamısı dindardır, ancaq baş kəsirlər. Baxın Tanrıya inanmayan bilik adamlarına, onlar bu yaramazlıqları edirlərmi?! Sual düzdür. Onun üçün də mən deyirəm, Tanrıya inananda mənəvi adam olmaq daha asandır, inanmayanda isə çox çətindir. Ona görə də inanmayanların arasında mənəvi adamların sayı xeyli azdır. Hələ onu demirəm ki, özünü dinsiz sayan xeyli adam var ki, özləri də bilmədən dinsiz deyillər. Rus filosofu Berdyayev «insan siyasi varlıqdır» modelində söyləyirdi ki, «insan dini varlıqdır» (yəni insan özündən dini layları soyub ata bilməz). Bunu sübut etmək üçün isə göstərirdi ki, hətta ateist bolşeviklər də dini strukturlardan bilinclərini təmizləyə bilmirdilər (Cənnət=Kommunizm və s.)

Berdyayevin bir ideyası da vardı: ən böyük ateistlər özləri də bilmədən bu dünyaya Tanrı tərəfindən İlahi missiya ilə göndəriliblər. Onlar ateistlik edəndə əsl dinçilər öz düşərgələrində eyibləri görürlər və onlardan təmizlənməyə çalışırlar. Oxşar düşüncə təsəvvüfdə də var: ən böyük iman küfrlə əl-ələ gedir. Yəni küfrün oyatdığı suallara iman cavab tapa-tapa diri qalır.

Bax, bu səbəbdən də mən ateist olmasam da ateistlərə pis baxmıram, çünki onların sırasından bizi silkələyən, bizi yeni sorular qarşısında qoyan düşücə adamlaırını gözləyirəm.

MƏN KİMLƏRDƏN QORXURAM?

Mən hansı dinçilərdən qorxuram? Onlardan ki, sonsuz Allahı başlarındakı balaca allah şəkli (obrazı) ilə eyniləşdirirlər və hesab edirlər ki, Allah elə «budur». Sonra isə bu allahın adından camaatı Cəhənnəmlə, suça batmaqla hədələyərək özlərini Allahın vuran əli, hədələyən barmağı sayırlar. Bu adamlar qanmadan bütpərəstlik edirlər, çünki başlarındakı allah şəklini Allaha tay tuturlar.

NƏDƏN İSLAM?

Mən nə üçün müsəlmanam? İslam mənim üçün öz dilim kimidir. Var nəsə universal dil sxemi, “həndəsəsi” (Çomski və b.), bu sxem ayrı-ayrı millətlərdə başqa-başqa dillərə çevrilib. Eləcə də var Tanrıya universal iman, bu iman ayrı-ayrı millətlərdə Allaha, Ahura-Mazdaya, Yahvaya inama çevrilib. Mən İslamı ona görə sevirəm ki, o Tanrı haqqında, mənəvi olmaq haqqında başqa dinlərdə olmayan bilgi və duyğuları açır (yazıqlar olsun ki, İslam alimlərinin ən az araşdırdıqları elə bu açılanlardır). Necə ki türkcəmiz də sevgi, həsrət haqqında başqa dillərdə açılmayan incəlikləri açır.

Bu yazıda elmi məqalədə deyiləsi minlərlə incəlikləri vermək mümkün deyil. Ancaq çox dinçilərə, çox islamçılara, çox ateistlərə duydurmaq istədim ki, sizdə olan İslamdan da başqa və düşündürücü İslam, başqa və düşündürücü ateizm var.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG