Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:07

Mənzili başına uçur, torpağı əlindən gedir


Xətai rayon sakini Qönçə Səmədova AzadlıqRadiosunun “Qaynar xətt”inə uzun illər mənzil növbəsində olmasına baxmayaraq, hələ də ona mənzil verilməməsindən, onsuz da qəzalı vəziyyətdə olan 26 kvadratmetrlik mənzilinin isə qonşuları tərəfindən daha da bərbad günə salınmasından şikayətlənir.

Onun sözlərinə görə, başına gələnlər azmış kimi, hələ üstəlik uzun illər əkin sahəsi kimi faktiki istifadəsində olmuş torpaq sahəsi də əlindən çıxmaq üzrədir.

Qönçə Səmədova deyir ki, 2007-ci ildə Xətai rayon İcra Hakimiyyətindən bu torpaqdan istifadə hüququnu rəsmiləşdirib. Ancaq sonradan ona məlum olub ki, torpaq sahəsi bina tikintisi ilə məşğul olan “Delfin” Məhdud Məsuliyyətli Cəmiyyətə satılıb:

GƏLİRLƏR, YAZIRLAR, GEDİRLƏR...

“Ailə başçım yoxdur, təkbaşına 3 uşaq saxlayıram, uşaqlarımdan biri astma xəstəsidir, 6 yaşından ikinci qrup əlildir.

1992-ci ildən mənzil növbəsindəyəm. Mənzilimin sahəsi 26 kvadratmerdir. Evin üstünə bir dəfə şam ağacı aşdı, ev qəzalı vəziyyətə düşdü, Mənzil İstismar Sahəsi hadisəni aktlaşdırmadı. Bundan başqa, 1994-cü ildə qonşum pəncərəmin qabağında qaraj tikməklə evimə gələn gün işığının qarşısını aldı. İllərlə ora-bura şikayətlər yazandan sonra pəncərəmin qabağını sökdürə bildim. Evimin qəzalı vəziyyətinə əlac etməkdənsə, hər dəfə gəlib-gedirlər, yazırlar ki, ev özbaşına tikilidir, heç bir köməklik etmirlər”.

ŞİKAYƏTÇİNİN DEDİKLƏRİNDƏ HƏQİQƏT VAR, AMMA...

Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynli isə deyir ki, Qönçə Səmədovanın mənzili həqiqətən də qəzalı və antisanitariya vəziyyətində olub. Qızı xəstədir, ancaq o, bir-birinə zidd tələblər irəli sürür. Buna görə də iddiasında haqlı deyil.

Xeyrulla Hüseynlinin sözlərinə görə, bu ailənin yaşayışının ağır vəziyyətdə olduğu nəzərə alınıb və kömək məqsədilə mənzilinin sökülüb yenidən tikilməsi təklif olunub. Bunun üçün isə ailəyə bildirilib ki, müvəqqəti olaraq yaxınlıqdakı bağçalardan birində yaşasın. İnşaat materialları ayrılsın və tikinti aparılsın. Lakin Qönçə Səmədova razılaşmayıb.

Müavin deyir ki, Qönçə Səmədova üç tələb irəli sürür. Üçotaqlı mənzil, 6 sot torpaq sahəsi və evinin sökülüb yenidən tikilməsi. Bundan başqa, o, güzəştli şərtlərlə Xətai rayon İcra Hakimiyyətində mənzil qeydiyyatındadır.

“PRİNSİPƏ DÜŞÜB”

Ancaq İcra Hakimiyyətlərində ev tikintisi dayandırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə tikilən evlərsə şəhid statusu olan şəxslərin ailələrinə və birinci qrup əlillərə verilir. Ərazidə aparılan digər bina tikintiləri kommersiya şirkətlərinindir. İstifadəsində olan torpaq sahəsinin ona verilməsi tələbi ilə əlaqədar isə müavin bildirib ki, Xətai rayon İcra Hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Oradan göndərilən cavab məktubunda qeyd olunub ki, həmin sahə “Delfin” Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisinə düşdüyü üçün torpaq sahəsinin Qönçə Səmədovaya verilməsi mümkün deyil.

Qönçə Səmədova isə icra başçısı müavininin dedikləri ilə razılaşmır: “Prezidentin fərmanı var ki, 5 ildən artıq yaşamısansa, o torpaq onun özünə verilir. Ona görə də o adam nə tikə bilir, nə də mənə verir, prinsipə düşüb”.

XS
SM
MD
LG