Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:13

Reyhan Yusifqızı "Yarımçıq səhifə" (Hekayə)


Bu hadisələrdə bilavasitə iştirak etmiş dostlarıma ithaf edirəm

Nazim gödəkçəsini asılqandan götürərək tələsik özünü qapıdan çölə atıb pilləkənləri enməyə başladı. Arxadan anasının təlaşlı səsini eşitdi:

– Ay bala, getmə, qayıt!

– Ana, uşaqlar gözləyirlər! Qorxma, hamımız bir yerdəyik!

Yoldaşları onu blokun ağzında qarşıladılar:

– Tez olun, kəsəsinə gedib prospektə çıxaq!

Dinməz-söyləməz götürüldülər.

Küçədə bir çaxnaşma hiss olunurdu. Hamı harasa tələsir, əksəriyyət bir istiqamətdə - prospektə tərəf gedirdi. Ağ “Jiquli” onların yanından ötüb həyətə girərək dayandı.

Bir nəfər maşından düşüb eyvanlara baxa-baxa əlindəki ruporla danışmağa başladı.

O, sakinlərə müraciət edərək onları küçəyə çıxmağa, öz xalqı ilə həmrəyliyini nümayiş etdirməyə, milli birliyə çağırırdı.

Bundan sonra küçəyə çıxanların sayı artdı, hamı prospektə tərəf üz tutdu...

...1988-ci ilin fevral ayı idi. Orta məktəbin buraxılış sinfində oxuyan Nazim məktəbdən evə qayıdırdı. O tələsirdi, çünki bu gün anasının ad günü idi.

Atası ilə birlikdə hər il bu münasibətlə anasını təbrik edir, hədiyyə və çiçək alıb ona bağışlayırdılar. Həmin gün anasını bütün ev işlərindən azad edir, yeməyi də özləri bişirirdilər.

Nazim evə çatanda atası artıq mətbəxdə idi, qollarını çırmalayıb işə başlamışdı. Nazimi görən kimi tələsdirdi:

– Aslan oğlum, bu gün cücəplov bişirəcəyik! Yeməyini ye, koməyə gəl!

– Bəs anam hanı?

– Nənənə dəyməyə gedib. O gələnədək işimizi qurtaraq.

– Hədiyyəsini verdin?

– Nə danışırsan, heç sənsiz verərəm? Süfrə arxasında bir yerdə təbrik
edərik.

Nazim kitab şkafının siyirməsini çəkib baxdı – gümüşü kağıza bükülmüş hədiyyə yerində idi.

Günortaya yaxın onlar aşı dəmə qoyub işlərini qurtardılar. Anası hələ gəlməmişdi. Belə qərara gəldilər ki, atası mətbəxi səliqəyə salsın, Nazim isə gül pavilyonuna gedib anası üçün çiçək bağlatdırsın.

O, kefi kök halda evdən çıxıb kücənin başında yerləşən pavilyona yollandı.

Şaxta vardı. Təmiz və nəm havanı ciyərlərinə çəkib səmaya baxdı, göyün üzü tutqun idi.

Əlində ərzaqla dolu iri zənbil olan qonşu qadını görəndə Nazim ayaq saxladı:

– Salam, Sveta xala!

– Salam, Nazimçik, salam.

– Zənbili verin, sizə kömək eləyim.

– Sən yolundan qalma, əzizim, özüm birtəhər apararam.

– Mən tələsmirəm, sonra qayıdıb gedərəm.

O, zənbili qonşu qadının əlindən alıb pilləkənləri qalxmağa başladı.

– Anan necədir, Nazimçik?

– Sağ olun, yaxşıdır.

– Məndən salam deyərsən.

– Baş üstə!

O, zənbili ücüncü mərtəbəyə qaldırıb qadının qapısının ağzına qoydu.

– Sağ ol, oğlum! Allah səni xoşbəxt eləsin!

Qadının xeyir-duaları altında pilləkənləri enib blokdan çıxdı.

Gül pavilyonunda satıcıdan başqa heç kim yox idi. Nazim qoxuları bir-birinə qarışmış növbənöv al-əlvan çiçəklərin arasında dayandı.

Bir tərəfdə ağ-qırmızı qızılgüllər, bir tərəfdə rəngbərəng çöl çiçəkləri, bir tərəfdə qərənfillər düzülmüşdü.

Güllər bir-birindən gözəl və zərif idi. İmkanı olsaydı onların hamısını anasına bağışlayardı.

O, yeddi dənə qızılgül seçdi. Satıcı gülləri düzüb bağlayana qədər bir neçə dəfə dönüb pavilyonun yanındakı hündür binanın yeddinci mərtəbəsinə baxdı.

Sinif yoldaşı Sima orada yaşayırdı. “Bu gün onun da ad günüdür”, - deyə düşündü.

Simadan xoşu gəldiyini, ona xüsusi rəğbət bəslədiyini özünə çoxdan etiraf etmişdi. İndi onu da təbrik etmək arzusu onu üstələdi.

Əvvəldən bağlanmış tək qızılgüllərdən birini götürüb pulunu verdi. “Beş dəqiqəyə qayıdıb dəstəni götürəcəm”, - deyə satıcını xəbərdar edıb pavilyondan çıxdı.

Lift ağır-ağır yuxarı qalxırdı. Nazim həyəcanlı idi, gülü necə verəcəyini, nə deyəcəyini düşünürdü. Tutduğu əmələ hətta bir az peşman da olmuşdu.

Lift üçüncü mərtəbədə dayananda onun həyəcanı bir az da artdı - istəmirdi ki, onu kimsə görsün. Yaşlı bir kişi ev paltarında içəri girib “9” düyməsini basdı.

Nazim əlindəki gülü arxasında gizlədib başını aşağı salmışdı, dəqiqələri sayırdı.

Yeddinci mərtəbədə liftin qapıları açılanda cəld özünü bayıra atdı. Kişi təəccüblə onun arxasınca baxdı.

Nazim çox fikirləşmədi, gülü qapının dəstəyinə taxıb geri qayıtdı. Əsas odur ki, qız kiminsə ona diqqət göstərdiyini, onu düşündüyünü biləcək.

Nə vaxtsa, fürsət düşəndə, boynuna alar, hər şeyi açıb ona danışar.

Əlində zövqlə bağlanmış qızılgüllər, gülə-gülə içəri girəndə, Nazim gözlərinə inanmadı: anası divanda oturub ağlayırdı.

Çaşıb qaldı. Anasının belə ağladığını heç vaxt görməmişdi. Kresloda onunla üzbəüz oturmuş atasının dalğın üzünə maddım-maddım baxdı.

Gülləri nə üçün aldığını, kimə verəcəyini bir anlıq unutdu.

Bu zaman anası gözlərinin yaşını yaylıqla silərək başını qaldırdı, onu yanına çağırdı.

Gülləri alıb baxdı, daha da kövrəldi...

...Onlar hər yay çeşməli-bulaqlı, səfalı bir dağ kəndinə, Nazimin xalasıgilə qonaq gedirdilər.

Xalasıoğlu Rəhimlə birlikdə kəndin girəcəyində çay daşlarından tikilmiş geniş evə, güllü-çiçəkli, gəşəng həyətə sığışmaz, çöllərdə, çəmənlərdə o ki var qaçar, oynayar, dağlara, qayalara dırmaşar, çeşmələrin buz kimi suyundan içər, şırıltı ilə axan dağ çaylarının göllənmiş yerlərində çimər, sonra da kənarında oturub səsini dinləyərdilər.

Gün qalxanda örüşdən qayıdan ala-bula inəyi qabaqlarına qatıb evə dönəndən sonra yenə bir yerdə oturmaz, məhəllə uşaqları ilə birlikdə küçədə çilingağacı oynamağa qaçar, heç yorulmaq bilməzdilər. At minməyi də Nazim kənddə öyrənmişdi.

Yaxşı at minən cavanların yarışmaya çıxması kənddə onun üçün ən böyük əyləncə idi.

Rəhim diribaş və zirək uşaq idi. Nazimdən dörd yaş kiçik olsa da, heç nədə ondan geri qalmır, şəhərli xalasıoğlunun bəzi ədalarını hədəf edib onu cırnatmağı xoşlayırdı. Xalasının qızı Zəminə Nazimdən bir yaş böyük idi.

Heç evdən kənara çıxmaz, butun günü ya iş görər, ya da kitab oxuyardı.

Hərdən dərs kitablarını əlinə alıb Nazimi sual-cavab eləyəndə o, xalasıqızına hirslənər, “istirahətimi korlama, yoxsa daha sizə gəlmərəm”, - deyə söhbəti yayındırardı.

Bu yay Zəminə hamının gözlədiyi kimi qəbul imtahanlarını uğurla verib yüksək bal toplamış və Pedaqoji Universitetin tələbəsi olmuşdu. İndi Bakıda, nənəsinin yanında qalır, hərdən Nazimgilə də gedib-gəlirdi.

...Nazim hər şeyi atasından öyrəndi. O gün Rəhim tövlənin yanında təzə doğulmuş buzovla oynayırmış.

Anası qonşunun həyətində çörək bişirməyə gedibmiş, atası isə həyətdəki ağacları sulayırmış.

Rəhim bir də onu görüb ki, həyətə tökülüşən adamlar atasını həyət boyu suruyub taxta artırmanın içinə atdılar və od vurdular.

Gizləndiyi yerdən atasının fəryadını eşidən, onun içəridə diri-diri yandığını bilən uşaq şoka düşür. Sonra qonşu evlərə və bütün kəndə basqın başlayır.

Qonşudan qaçıb gələn anası həyətdə qışqırıb şivən salanda da, ağlaya-ağlaya pay-piyada qonşu kənddə yaşayan qohumlarıgilə qaçanda da, ta Bakıya gəlib çıxanadək Rəhim bir kəlmə danışmır...

...Onlar dinməzcə evdən çıxıb Nazimin nənəsigilə getdilər. Gohum-əqrəba, dost-tanış hamısı ora yığışmışdı. İkinci mərtəbədə yerləşən mənzildən ağlaşma səsi gəlirdi.

Nazim əvvəl kişilərlə birlikdə aşağıda dayandı, sonra orada qərar tuta bilməyib yuxarı qalxdı. Qapılar açıq idi. Evdən valerian iyi gəlirdi.

Otağın ortasında, arvadların içində yerdə oturmuş xalasını gördü. Başındakı qara yaylığı alnının ortasına qədər çəkmişdi, dizlərinə döyüb ağlayır, dil deyirdi: “Vaxtında dedim çıxaq gedək, ürəyimə damıb, bu işlərin axırı yoxdur.

Qulaq asmadı... Dedi neyləyəcəklər, bəyəm dünya sahibsizdir? Dünya elə sahibsiz imiş, ay bacı! Amma mənimki bunu bilmirmiş! Ay zalım dünya! Heç meyiti də yoxdur ki, qabağıma qoyum, oxşayım!

Onları görüm zəlil olsunlar!” Onun böyründə oturmuş Zəminə səssizcə ağlayır, tez-tez içini çəkirdi. Nazim axtarıb anasını tapdı.

O da dizlərinə döyür, hərdən: “Can bacı” – deyə səs verirdi. Anası onu görcək qalxıb yanına gəldi, nəm gözlərini yerə dikib yavaşca dedi: “Burada dayanma, düş aşağı, kişilərin yanına”. “Ana, Rəhimi görmürəm axı. Haradadır bəs?” “Onu xəstəxanaya qoyublar, qərara gəliblər ki, hələlik buradan uzaq olsa yaxşıdır.

Danışmır hələ. Yerini dayından öyrən, yanına get”. Anası onun boynunu qucaqlayıb başını sinəsinə sıxdı.

...Rəhim çarpayıda hərəkətsiz uzanaraq tavana baxırdı. Rəngi solğun idi. Nazim onun yanında oturub əlindən tutmuşdu. Nə deyəcəyini, haradan başlayacağını bilmirdi.

- Mən hər şeyi bilirəm, - o bir qədər susandan sonra udqunaraq davam
etdi, - bundan sonra hər şey başqa cür olacaq. Burda yaşayarsınız, sən bizdə qalarsan. Bir-birimizdən hec ayrılmarıq.

O çalışırdı ki, xalasıoğlu gözlərini tavandan ayırıb ona baxsın, amma Rəhim baxmırdı. Sanki onu görmür, eşitmir, yanında olduğunu hiss eləmirdi.

Bir damcı göz yaşı onun gözünün kənarından asılıb qalmışdı.

Nazim gözünü o kiçik damcıdan çəkə bilmir, baxır, baxırdı. Birdən ona sanki içəridən od vurdular, qəzəb, qəhərqarışıq bir səslə xalasıoğlunun əlini sıxıb silkələdi:

- Biz qisasımızı alacağıq, eşidirsən? Mutləq alacağıq! Səni aparıb bizim
kluba yazdıracam. Orada bilirsən necə oğlanlar var? Çevik, güclü – aslan kimi! Biz də elə olarıq, qara kəmər alarıq. İnanmırsan mənə?

Rəhimin gözündə donub qalmış damcı birdən titrəyərək üzüaşağı balışa yuvarlandı. Onun ardınca tökülən damcılar aramsız axaraq balışı islatdı. Nazim daha dözə bilmədi. İçərisində yığılıb qalmış qəzəbi və qəhəri boşaltmaq ücün hönkürərək üzünü xalasıoğlunun balışına sıxdı...

...1990-cı il, yanvarın 19-dan 20-ə keçən gecə idi. Artıq bir neçə saat idi ki, televiziyanın enerji bloku partladılmışdı.

SSRİ Ali Soveti Rəyasət Heyətinin əmri ilə Bakıda fövqəladə vəziyyət elan olunmuş, 26 000 sovet əsgəri tanklarla şəhərə girmişdi.

Onların məqsədi aydın idi: avtoritar rejimi xilas etmək və xalq hərəkatını yatızdırmaq. Bunun üçün zəmin yaratmaqdan ötrü onlar hər şey eləmiş, tarixi düşmənçiliyi gündəmə gətirib milli ehtirasları qızışdıraraq milli qırğınlar törətməkdən belə çəkinməmişdilər.

Qarabağda yaradılmış, guya Moskvaya tabe olan qondarma Volski hökuməti də bu rejimə xidmət edirdi. Nazim bu barədə çox eşitmişdi.

Bu avtoritar rejimə nifrəti aşıb-daşırdı.

Xalasıgilin başına gələnləri bir an belə unuda bilmirdi. Ona elə gəlirdi ki, qisas anı, həlledici an budur, indi gəlib çatmışdır, qazanacaqları azadlıq xalasıoğlunun dərdinə məlhəm olacaqdır.

Qəti olmaq, nəyin bahasına olursa olsun desantı şəhərə buraxmamaq lazımdır.

Camaatı qırmayacaqlar ki! Tanklar adamların üstündən keçib getməyəcək ki! Amma belə olmadı.

O gün Tanrı onlardan üz döndərmişdi...

Şəhərə girən qoşun hissələrinin qarşısını kəsmək üçün xalq cəbhəsinin fəalları Bakının bütün əsas giriş yollarında avtomobil, yük maşınları və avtobuslardan barrikadalar qurmuşdular.

Hər tərəfdən dəstə-dəstə adamlar axışıb onlara köməyə gəlirdi.

Nazimgil prospektdə düzəldilmiş barrikadaya yaxınlaşanda orada adam çox idi. Onları qarşılayaraq qruplara bölüb “hazır vəziyyətdə” duranlara qatdılar.

Məqsədləri şəhərin bu hissəsindən kecəcək desantın qarşısını kəsməkdi.

Plan çox sadə idi. “Mütəxəssislər” adlandırılmış qrup armatur çubuqlarla silahlanmışdı.

Tank gələndə çubuğu onun tırtılına soxub dayandırmalıydılar. Hazır dayanmış “cəza” qrupu isə tankdan çıxacaq əsgərlərə hücum etməli idi. Əslində, bunu necə edəcəklərini bilmirdilər. Həmin gün hansısa bir hadisənin olacağına heç kəs inanmırdı.

Doğrudan da, beyin qızanda insan bütün başqa hisslərini itirərək reallıqdan nə qədər uzaq olurmuş... Beləcə, sonsuz nigarançılıq içındə gözləməyə başladılar.

Adamlar lap çoxalmışdı. Bir ucdan yeni dəstələr gələrək onlara qoşulurdu. Kimsə “Heyratı” üstündə “Qalx ayağa, millət, boğmasınlar səsimizi...” oxumağa başladı. Yer-yerdən ona qoşulanlar oldu...

Tanklar yaxınlaşdıqca qışqır-bağır artırdı. Hökuməti və Rusiyanı lənət sədaları ərşə qalxmışdı. Adamlar sanki qurd ürəyi yemişdilər, heç nədən qorxmurdular, ”Öldü var, döndü yoxdu” deyirdilər.

Birdən arxasında gizləndikləri maşınlar aralandı, tankın biri onları basıb arasından keçdi və sürətlə camaatın üstünə getdi, əsgərlər də atəş açdılar. Qaçaqaç başlandı. Qışqırtıdan qulaq tutulurdu.

Yer sürüşkən olduğundan bərk qaçmaq da olmurdu, üstəlik adam çox idi, bir-birinə dəyib itələşirdilər.

Möhkəm basabas düşdü. Yoldan kənara çıxmağa çalışan Nazim qarşısındakı qadının sürüşüb yıxıldığını görüb onu tapdalamamaq üçün dayandı, arxadan gələnləri də saxlamağa çalışdı. Amma adamların qarşısını heç bir qüvvə ilə almaq mümkün deyildi.

Onlar üstlərinə gələn tankın altında qalmamaq üçün qaçmalı, canlarını qurtarmalı idilər.

Ölüm yaxında olanda insan azğınlaşır, çünki başa düşür ki, ümiddən başqa itirə biləcəyi çox şeylər var, ölüm sondur.

Nazim yana çəkilmək istədi, amma onu geri itələdilər. Müvazinətini saxlaya bilməyib üzüqoylu yıxıldı.

Durmaq istədi, bacarmadı. Arxadan gələn kütlə yatağından çıxıb daşan çay kimi özünə yol açdı. Onu tapdalayıb keçdilər. Əlləri ilə başını tutaraq üzüqoylu qalmışdı.

Onun üstündən ötüb keçənlərin sayını çoxdan itirmişdi, tərpənə bilmirdi. Qalxmaq istədikcə onu bir də, bir də basıb əzirdilər. Heç bir şey düşünmürdü, ağrı da hiss eləmirdi.

Köksünü dolduran ağrı bütün digər ağrıları kütləşdirmişdi. Azadlığın qiyməti bu idisə, ona hazır idi.

Ölüm bu idisə, bundan asan nə vardı ki?! Heç nəyə təəssüf eləmirdi.

Yaxınlıqdan tankın keçdiyini duydu, sonra heç nə eşitmədi, soyuq yerdəcə hərəkətsiz qaldı...

O gecə ölüm çox ucuz idi, hər kəs ölə bilərdi. Sağ qalanların yeganə köməkçisi ya bəxt, ya da təsadüf idi.

O gecə çox sualların cavabını heç kəs bilmirdi, kimin yalan, kimin düz danışdığı da bilinmirdi, insanlar üçün müqəddəs heç bir şey qalmamışdı.

O gecə yalnız iki yeniyetmə üçün müqəddəslikdən azacıq bir şey qalmışdı ki, onlar ayaq altında tapdanıb qalmış bir adamın qollarından yapışaraq kənara sürüyüb divara söykədilər, sonra siqaret yandırıb damağına qoyaraq qaçıb getdilər...

15.01.11

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG