Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:43

Həsən Quliyevin qalmaqallı kitabı Azərbaycan dilində də çap edildi


Bu kitab son illər ən çox axtarılan və soruşulan kitablardandır.

"Qanun" nəşriyyatı kitabı Azərbaycan dilində nəşr etmək qərarı verərkən ilk növbədə bu amili nəzərə alıb.

Fəlsəfə elmləri doktoru H.Quliyev “Arxetipik Azərilər: mentalitetin simaları” kitabında ilk dəfə Azərbaycan xalqına xas olan, onun dünyaduyumunu müəyyənləşdirən aparıcı arxetipləri təhlil edir.

"Haralısan?", "Qismət"...

H.Quliyev öz kitabında azərbaycanlıları öz mentalitetlərinin bu cür arxetipik elementlərini öyrənməyə çağırır.

Onun fikrincə, bunun əvəzində "hər kəs mahiyyətindən bixəbər olduğu mentalitetin məddahına çevrilməyə çalışır".

Əsərin rus variantı bir neçə il qabaq cəmiyyətdə geniş diskussiyalara səbəb olmuş, birmənalı qarşılanmamışdı.

Kitabdan bir parçanı "Oxu zalı"nda dərc edirik.


Həsən Quliyev

Arxetipik Azərilər menta­litetin simaları


....Ənənəvi adamlar (şübhəsiz ki, azərbaycanlılar da) həyatın rasional təşkilinə, sabitləşmiş qanunların yenidən sərf-nəzər edilməsinə şübhə ilə yanaşırlar.

Onlar yeniliklərə münasibətdə mühafizəkardırlar və öz həyatlarını əvvəlki nəsillərin (ulu babaların) təcrübəsinə təqlid praktikasını həyata keçirən (təşviq edən) ənənənin arxetipik tələblərinə etibar etməyi üstün tuturlar.

Buna görə də mentallığın hər bir rasional dərki, arxetiplərin axtarışı və onların mahiyyətinin üzə çıxarılması başqalarının özəl həyatına icazəsiz müdaxiləni, onların ənənəyə sədaqətinə sui-qəsdi nəzərdə tutur.

Arxetiplər icma-kollektiv həyat tərzinin simvolları (nümunələri) qismində qədim keçmişdən uzaq gələcəyə qədər bütün icmanın (və etnosun hər bir nümayəndəsinin) malıdır.

Bu baxımdan özəl həyatın arxetipikliyi «icma» mentallığının – hər bir insan tərəfindən ənənəvi qanunların qorunub saxlanılması mexanizminin özünü büruzə verməsinin xüsusi formasıdır.

Buna görə də mentallığın mənim tərəfimdən (özəl) təhlili eyni zamanda başqalarının (hər bir ənənəvi azərbaycanlının) daxili aləminə ekspansiya və bütün icmanın mentallığına müdaxilə deməkdir.

Hər bir kəs icmanın ayrılmaz hissəsi və ənənənin subyekti qismində həyat tərzinin ümumi-mental özünəməxsusluğundan ötrü məsuliyyət daşıyır.

Və yaxşı olar ki, mənim mentallığın mübhəmliyinə müdaxilə etmək istəyim ətrafdakılar tərəfindən rəğbət və anlamla qarşılansın...

Belə bir münasibət yalnız bu kitabın müəllifi kimi mənim üçün yox, həmçinin mentallığın bizim hamımız tərəfindən müştərək şəkildə mahiyyətinin açıqlanmasının son dərəcə vacib prosesinin davam etdirilməsidən ötrü önəmlidir.

Biz hələlik yolun başlanğıcındayıq: bizim tərəfimizdən mentallığa münasibətin düzgün strategiyasının seçimi onun mahiyyətinin uğurlu dərki üçün ilkin şərtlər yarada bilər.

Azərbaycanlıların ənənə dəyərlərini təftiş etmək istəməməsi mentallığın öyrənilməsi yolunda ciddi maneədir: onlar ənənənin göstərişlərinə dəqiq şəkildə əməl etməyi – nümunələrə təqlid etməyi üstün tuturlar.

Onlar mental həyatın bir sıra cəhətlərini gözə çarpdırmaq istəmirlər və buna görə də onun təhlilinin cəhdinin özünü belə ənənənin (keçmişin pərəstiş dəyərlərinin) ünvanına yol verilməz meydan oxuma qismində qəbul edirlər.

Onlar mental həyatı nümunələrin qeyri-iradi (instinktiv) təkrarı kimi təsəvvür edirlər ki, bu da arxetipik davranışın səbəblərinin «dərk olunmasını» istisna edir.

Bu səbəbə görə də arxetiplər aləminə ekskurs etmək niyyəti ümumi əhval-ruhiyyəyə cavab verməli və hansı isə ilkin təqdirə əsaslanmalıdır.

Müəyyən dərəcədə mentallıq hər bir kəsin «özəl sirri» olduğuna görə ümumi razılığın mövcudluğu mentallığın təbiətinin uğurlu dərkinə daha artıq yardım edə bilərdi.

Bu hələ də naməlum arxetiplərin – mental instinktlərin girovu olan hamımız üçün vacibdir.

Biz yalnız birgə səyin nəticəsində arxetiplər toplusu ilə etibarlı şəkildə kodlaşdırılmış mentalitetin dərki yolunu tapa bilərik.

İndi də olmasa, biz gec-tez xürafatı və qorxunu kənara atıb mentallığın arxetipik simasına diqqətlə baxmaq üçün bu mühüm addımı atmağa özümüzdə cürət tapacağıq.

Yaxşı olar ki, biz mümkün qədər tez mentallığın güzgüsünə baxmaqdan çəkinmə (qorxu) sindromunu dəf etmək zəruriyyətini dərk edək.

Müasir sivilizasiyanın kolliziyaları və gözlənilməz perspektivlər bizi bunu etməyə məcbur edir.

Bu gün bizim mentallığımız tamamilə başqa sosiokültür realılərlə əhatə olunmuşdur: onlar arxaik ulu babalarımızın daha qapalı və məkan baxımından təcrid olunmuş aləmlərindən xeyli fərqlənirlər.

Biz virtual aləmin qurulması sahəsində ən cürətli fantaziyaların gerçəkləşməsi dövrünə daxil olan dinamik və plüralist (mozaik) dünya birliyinə intensiv şəkildə inteqrasiya olunmağa məhkumuq.

Çağdaş sivilizasiya yeni dünyaları «kəşf etmək» və yeniliklərin qarşısıalınmaz axını, özümlüklərin intensiv unifikasiyası ilə ənənələri köklü şəkildə dəyişdirmək üçün fantastik qabiliyyətə malikdir.

Bu şəraitdə ənənədən mühafizəkarcasına və instinktiv (düşünülməmiş) şəkildə yapışmaq və necə olursa-olsun onun invariantlığını qoruyub saxlamağa inadla cəhd göstərmək ağılsızlıqdır.

Aydındır ki, dünyada üstünlük təşkil edən tendensiyalar mentallığın özünəməxsusluğunun müdafiəsi problemini aktuallaşdırırlar.

Lakin burada öz mentallığını sivilizasiyanın kolliziyalarına optimal şəkildə uyğunlaşdırma üsullarını tapmaq üçün onun öyrənilməsini nəzərdə tutan müdrik (aglabatan) strategiyadan söhbət gedir.

Yalnız öz mentallığımızı «mənimsədikdən» sonra biz uyğunlaşma probleminin həlli üçün vacib olan onun təshihi üsullarını tapa bilərik.

Hal-hazırda arxetiplər (hər halda onların bəziləri) başqa mədəniyyətlərin yeniliklərinə uyğunlaşmaq imkanını son dərəcə çətinləşdirirlər: bu yolda bizi mədəniyyətlərin unifikasiyası prosesləri kontekstində mentallıqların uyuşmazlığı problemi gözləyir.

Bu məsələnin həlli arxetiplərin mahiyyətinin müfəssəl bilgisini və mentallığın təshihi bacarığının əldə olunmasını nəzərdə tutur.

Dinamik dünya bizi öz kolliziyalarına uyğunlaşmağın effektiv üsulunun seçimi üçün tələsdirir: yalnız bu yolla mədəniyyətin mozaik sahəsində öz mental simamızı qoruyub saxlaya bilərik.

Söhbət mentallığın aparıcı arxetiplərini müdafiə etməyə imkan verən uyğunlaşma strategiyasının seçimindən gedir: «bizim» gələcəyimiz bir çox cəhətdən sivilizasiyaya uyğunlaşma yolumuzun seçimindən asılıdır – qarşımızda mentalitetimizin özünəməxsusluğunu «sivilləşdirmək» məsələsi durur.

Ulu babalarımız bizə uyğunlaşmağa son dərəcə geniş meydan açan həyat tərzi qoyub getmişlər: artıq uzaq arxaik dövrdə etnos uyğunlaşmanın xüsusi energetikasını əldə etmişlər.

Qədim türklərdə «qurbağalar arasında qurbağa ol» həyat formulu geniş yayılmışdı: bu keyfiyyət sayəsində onlar uğurla müxtəlif mühitlərə və ekstremal durumlara (köçərilik, ov, hərbi yürüşlər, ticarət səyahətləri) uyğunlaşırdılar.

Mentallıqda uyğunlaşma arxetipinin olması bizdə müasir sivilizasiyanın kolliziyalarına uyğunlaşmanın istənilən strategiyasını tapmaq ümidi doğurur.

Ənənəvi həyat obrazının arxetipik aspektlərinin öyrənilməsinə girişmək istəyini «özümlüyümüzə» dünyada baş verən kolliziyalara mentallığın uyğunlaşması yollarının axtarışına güclü maraq doğurmuşdur.

Hər şey cəmiyyətdə ruhi qaynama – müstəqilliyin və yeniliklərin labüdlüyünün öncədən hiss olunması ilə başladı.

Millət üçün kortəbii şəkildə inkişafın yeni perspektivləri açıldı: bu vaxta qədər naməlum böyük dünya nəzərlərimiz qarşısında açıldı və biz birdən-birə özümüzü bütün sivilizasiyanın bir hissəsi kimi dərk etdik.

Bizim hər birimiz kəskin şəkildə özümüzün (özümlüyümüzün) başqaları üçün açıqlanmasının əhəmiyyətini dərk etdik.

Biz mürəkkəb mədəni axına düşdük: xarici aləm diqqətlə bizi nəzərddən keçirir və bizi başa düşməyə mental xüsusiyyətimizin kodunu açıqlamağa cəhd göstərir.

Lakin biz öz mental simamızı başqalarına çatdırmaq üçün hər şeydən əvvəl özümüz özümüzü başa düşməliyyik: biz özümüzü bir növ «layiqli şəkildə» dünyaya təqdim etməliyik.

Məhz buna görə də özümlüyümüzün əldə olunması (mənimsənilməsi) bizim üçün xüsusi aktuallıq kəsb etdi və buna görə də mentallığın axtarışı – onun özünəməxsusluğunun dərki çox tezliklə diqqət mərkəzinə keçdi.

O vaxta qədər həyatın totalitar qapalılığı ilə sıxışdırılan özümlüyün (özünütəyinin) mənimsənilməsi tələbatı nəhayət ki, əməli genişliyə çıxdı.

İndi qorxmadan öz mentallığı və onun reanimasiyasının (reabilitasiyasının) zəruriliyyi haqqında danışmaq olardı.

Mentallığın açıqlanmasına coşqun həvəslə birlikdə mentallığın «demonları» – arxetiplər də şüuraltından çıxdılar.

Bizim xaotik posttotalitar durumumuzu idərə edərək onlar bəzən davranışımızı anarxiyanın təhlükəli məcrasına yönnəltməyə başladılar.

Ənənə yeniliklərə müqavimət göstərir və bizim mentallığımızda həyatın təzələnməsi yolunda xeyli arxetipik maneələr mövcuddur.

Bizim arxetiplərimizin çoxunun naməlum instinkt olaraq qalması məsələni çətinləşdirir.

Bu mövcudluğun son dərəcə qorxulu durumudur, çünki bu durum özündə xaos atmosferində mentallığın bir sıra cəhətlərini itirmək təhlükəsini gizlədir.

Mentallığın özünəməxsusluğunun açıqlanması ilə bağlı bilgisizlik və istəksizlik durumun və perspektivin xüsusiyyətinin dərkini çətinləşdirir, dünyaya uyğunlaşmağın məqbul strategiyasının axtarışını səngidir.

Minilliklər boyu bizi qoruyan mentalitetimiz (əgər biz vaxtında onun qayğısına qalsaq!), bu dəfə də bizi xilas edə bilər.

Lakin onu qorumaq üçün onun haqqında kifayət qədər aydın təsəvvürə malik olmaq lazımdır.

Sadə bir həqiqət var: bizdən başqa heç kim mentalitetimizin taleyinin qayğısına qalmayacaq.


Mentallığı (onunla bir yerdə həmçinin özümlüyü) qorumaq üçün onun arxetipik mahiyyətinin dərkinin əhəmiyyətini başa düşmək lazımdır.

Mentallığın təbiəti haqqında bilgi onun mahiyyətinin təshihi üçün bizə açar verər.

Bu da bizə xarici aləmin kolliziyalarına uyğunlaşmanın ən effektiv formasını tapmaqda kömək edər.

MENTALİTET. Mentallığın dərki təkcə özünütəyinat üçün yox, həmçinin sivil dünyada öz yerini tapmaq – onun yeniliklərinə uyğunlaşmaq baxımından vacibdir.

Müasir sivilizasiya müxtəlif mentallıqların son dərəcə dinamik və açıq «birliyi»ndən ibarətdir. Lakin qeyd etmək lazımdır ki, qərb dəyərləri açıq-aydın üstünlük təşkil edirlər.

Bu «yad» aləmə ahəngdar şəkildə daxil olmaq və bununla yanaşı öz mental simamızı itirməməkdən ötrü mentallığımızın özünəməxsusluğunu dərk etmək və onun bu və ya digər cəhətlərini təshih etmək məqsədilə onunla manipulyasiya etmək sənətinə yiyələnməliyik.

Mentalitetin xüsusiyyətlərini öyrənmək baxımından onun arxetipik əsaslarına daha böyük diqqət vermək lazımdır.

Əgər biz həqiqətən öz özümlüyümüzü onun üçün mümkün eroziya təhlükəsi təşkil edən yad mədəni təsirlərdən qorumaq istəyiriksə, çağdaş dünyanın gerçəkliyinin bizi mentallığımızın dərkinə məhkum etdiyini anlamalıyıq.

Mentallığın özünəməxsusluğunun təhlilinə girişəndə biz faktiki olaraq naməlum bir məkana daxil oluruq: bu vaxta qədər sövqi-təbii yaşayırdıq və ənənənin əsaslarının mahiyyətini öyrənməyə zərurət duymurduq.

Mentalitet qapalı sirr – pərəstiş tabusu idi: o, rasional düşüncənin və mənəvi aləmin digər sahələrinin səlahiyyətinin hüdudlarından kənarda idi.

Biz instinktlərlə kifayətlənirdik və sövqi-təbii belə hesab edirdik ki, ənənə və bizim mental şüuraltımız hər bir kəsin davranışını nəzarət altında saxlayır və həyat tərzini yad təsirlərdən – yeniliklərdən qoruyur.

Lakin son vaxtlar dünya kəskin şəkildə dəyişmişdir. Bizim həyat təzimizdə və şüurumuzda köklü dəyişikliklər baş vermişdir ki, bu da arxetipik şüuraltına təsir etməyə bilməzdi.

Azərbaycanlılar birdən xüsusi keçid dövrünə «yıxıldılar» – gözlənilməz yeniliklərin, proqnozlaşdırılmaları müşkül kataklizmlərin axınına düşdülər və başqa mədəni təsirlərin təzyiqinə düçar oldular.

Gözlənilmədən yeniləşmiş dünyada şüurun, həyat tərzinin, mənəvi normaların və s. kortəbii metamorfozası baş verdi.

Gerçəklik bizi həmçinin düşkünlük təhlükəsinə düçar olan mentallığı yada salmağa məcbur etdi.

Hamı birdən özündə «mentallıq ağrısı» hiss etdi ki, bu da hər bir kəsi ona diqqət verməyə məcbur etdi.

Bu gün çoxları əmindirlər ki, bizim xüsusi mentallığımız mövcuddur və onun sayəsində azərbaycanlılar mücərrəd Homo deyillər və konkret, lakin hələlik naməlum «özümlüyün» daşıyıcılarıdırlar.

Yeniliklər hamını özünün «mental siması»nın axtarışına onun arxetipik cizgilərinin dərkinə sövq etdi.

Bu gün hamı «mentalitet»dən danışır: sanki onun nə olduğunu dəqiq bilərək inamla ondan istifadə edirlər.

Ola bilsin ki, bəzilərimiz mentallıq haqqında intuitiv təəssürata malikik.

Lakin bu şübhəsiz ki, onun mahiyyətini dərk etməyə və onu idarə etməyə kifayət deyil.

Mentalitet hələ də bizim üçün «ruhumuzu» özündə saxlayan sirdir və onu eroziyadan qoruyan arxetipik nümunələr pərdəsi altında gizlənmişdir.

Ziyalı azərbaycanlılarının çağdaş nəsli mentallığın özümlü mahiyyətinin anlamında öz səriştəliliyini hamıya nümayiş etmək mərəzinə mübtəla olmuşdur.

Lakin onların mentalitetə həyasız istinadı elitar dəb forması, daha doğrusu, ümumi intellektual xəstəlik forması kəsb etmişdir.

Hər kəs özünün yalançı səriştəsini nümayiş etməyi vacib hesab edir, hər kəs mahiyyətindən bixəbər olduğu mentalitetin məddahına çevrilməyə çalışır.

Ən pisi də odur ki, çoxları mentalitetə belə bir münasibətin anormallığını sezmirlər.

Bu cür adamlar üçün mentalitet dəbdə olan yarlıqdan başqa bir şey deyildir və bu yarlıq vasitəsilə onlar guya öz ziyalılıqlarını, elitaya məxsusluqlarını, vətənpərvərliyə sadiqliklərini nümayiş etdirirlər.

Əslində isə onlar bizim hamımıza ziyan vururlar: onlar qorxulu səriştəlilik illyuziyasına meydan açırlar və bununla da bir növ problemi yoxa çıxardırlar – mentallığın dərkinin əhəmiyyəti anlamı prosesini səngidirlər.

Paradoksal durum yaranır: azərbaycanlılar mentaliteti əlçatanlığına və onun mahiyyətinin aşkarlığı illyuziyasına görə öyrənmirlər, «yadlar» isə bizim mentalitetin özünəməxsusluğunu duymadıqlarına görə bizim yardımımız olmadan onu başa düşmürlər.

Şübhəsiz ki, bizim mentalitetimiz yalnız bizim səlahiyyətimizdədir.

Lakin bu heç də o demək deyildir ki, hər bir azərbaycanlı onun mahiyyətini anlamağa qadirdir, bu sahədə kifayət qədər səriştəlidir.

O da aydındır ki, başqa mədəniyyətlərin nümayəndələri mentallığımızın dərkində bizdən daha artıq səlahiyyətli ola bilməzlər: bizim bir çox mental sevinclərimiz, qayğılarımız, həyəcanlarımız, hərəkətlərimiz və s. onlara məlum deyildir.

Yadlar bizim problemləri həll etmək iqtidarında deyillər, çünki onlar «öz mentallıqları» ilə bizimkinin özünəməxsusluğunu duya bilməzlər. Aydın şəkildə «mentallığı duymaq» üçün onun «arxetipik libası»nda uzun müddət yaşamaq lazımdır.

Biz (azərbaycanlılar) öz səriştəliliyimizin dəyərləndirilməsində təmkinli olmalıyıq və özümlüyün mahiyyətinin dərkinin əhəmiyyətini başa düşən, ehtiyatla, imkanı daxilində səriştə ilə mentallığın naməlum cəngəlliklərinə daxil olan kəslərə mane olmamalıyıq.

Mənim mentallığımızı yolüstü dərk etmək cəhdlərim şüurumu amorf duruma gətirib çıxarırdı və mən onu mental simanın aydın cizgilərinə yönəltmək üçün diqqətimi cəmləşdirə bilmirdim.

Daxili nəzərim şüuraltının zülmətində dolaşırdı və bu simanı üzə çıxarmaq niyyətim son dərəcə amorf obyektin aydın olmayan dumanlı cizgilərini ehtiva etməyimlə başa çatdı.

Bu kifayət qədər uzun müddət davam etdi... o vaxta qədər ki, «yad» təcrübənin uğurlu ekskursları ilə silahlandım: bir sıra tədqiqatçıların (Avqustinin, Yunqun, Eliadenin, Borxesin, Qumilyovun və başqalarının) ölçülüb-biçilmiş fikirləri, əsaslı şəkildə ümumiləşdirilmiş müşahidələri mənə mentallığımızın dərinliklərinə dalmaq üçün kifayət qədər etibarlı cığır tapmağa yardım etdilər.

Tədricən mənim bərkdən-boşdan çıxmış şüurum mentalitetin ümidverici arxetipik elementlərindən yapışmağa başladılar.

Mənim ekskurslarımdan açıq-aydın belə bir qənaət hasil olurdu ki, əgər bu gün mədəniyyətdə mentalitetə tələbat varsa, deməli bu fenomenin axtarışının bir səbəbi var.

Mənim bu qənaətin hər gün tapdığım hər bir arxetiplə və onların arasında üzvi əlaqələrin mövcud olmasını dərk etməyimlə möhkəmlənirdi.

Əgər biz hamımız «bir yerdə» bizim mentallığımızın mövcudluğuna əminiksə və şübhə doğurmayan arxetiplər bunu inandırıcı şəkildə sübuta yetirirlərsə, deməli, bu bizim ənənə üçün spesifik olan və onun özünəməxsusluğunu ifadə edən «nə isə»nin məna sahəsinin dərki üçün üsullar olmalıdır.

Bu halda bizdən – azərbaycanlılardan başqa (yad adam) onun özünəməxsusluğunun kodunu açıqlaya bilməz.

Ona görə yox ki, başqaları bunu bizim əvəzimizdə etmək istəmirlər, ona görə ki, başqaları sonra başa düşmək üçün bizim mentallığın özünəməxsusluğunu dərk edə bilməzlər.

Yalnız bizə və bizim hər birimizə ayrı-ayrılıqda «ənənənin təbiəti»özünün səriştəli öyrənilməsi üçün obyektiv imkan verilmişdir.

Mentallığın ssenarisinin mədəniyyətin digər tədqiqat proqramlarından prinsipial fərqi məhz bununla bağlıdır: «özündən çıxmamaq şərtilə» hər bir kəs bu özünəməxsus aləmə cığır aça bilər və arxetipik hörgülərin mürəkkəb şəbəkəsini açıqlamaqla mentalitetin xüsusiyyətini dərk edə bilər.

Mentallığa hər bir daxil olma öz çətinliklərini yaradır: hər bir kəsin axtarış obyektinə heç bir aidiyyəti olmayan şəxsi görüntüsünü üzə çıxarmaq təhlükəsi var.

Lakin bu tipli ekskurslarda hövsələli olmaq və mentallıq atmosferinə dalmaq durumunda uzun müddət qalmaq təcrübəsinə malik olmaq lazımdır: qaranlıq otaqda nəyi isə birdən-birə aşkar etmək mümkün deyil, lakin göz tədricən uyğunlaşır və görməyə vərdiş edir.

Demək olar ki, əgər biz məqsədyönlü şəkildə mentallığın mahiyyətinin axtarışına davam etsək, belə bir metamorfoza bizim hər birimizlə baş verə bilər: əvvəl-axır naməlumluq dumanı dağılmağa başlayar və hər bir kəsin nəzərləri qarşısında tədricən əvvəllər naməlum, demək olar ki, ğözə görünməz arxetiplər aləminin cizgiləri, ştrixləri görünməyə başlayır.

Sonra isə, kim bilir, bəlkə də arxetiplərin özünəməxsusluğu haqqında bu və ya digər dərəcədə dəqiq təsəvvür almaq mümkün oldu.

Onun mahiyyətinin dərki bizim təhlükəli yeniliklərə və unifikasiyaya məruz qalan plüral dünyada mədəniyyətimizin koloritini saxlamaq üçün vacibdir.

Bu şəraitdə öz mentallığını itirmək təhlükəsi demək olar ki, realdır.

Və böyük və yad aləmin total şirnikləndirici təkliflərinə görə mentallığımızı yaddan çıxarmaq və yaxud qurban vermək böyük ağılsızlıq olardı.

Mən əminəm ki, yalnız bizim mentalitetimiz yox, hər hansı başqa bir ənənənin (mədəniyyətin) koloriti belə bir aqibətə layiq deyil: sivilizasiya müxtəlifliyin sintezi əsasında qərar tutmuşdur.

Aydındır ki, hər bir mentalitet və onların hamısı «bir yerdə» sivil birliyin açar meyarı kimi müəyyən şəkildə bir-birinə uyğunlaşmalıdırlar.

Bu halda hər bir mentallıq özümlüyünü qoruyub saxlayır və dünyanın rəngarəngliyinə öz töhvəsini verir: mentalitetin özünəməxsusluğu məhz bu cəhətinə görə gözəl olan sivilizasiyanın mozaik mahiyyətinin özünəməxsusluğunda qorunub saxlanılır.

Əgər biz «öz özümlüyümüzü, mentallığımızı» daha yaxşı anlasaq, onun əhəmiyyətini daha yaxşı dərk edərik və biz onu qoruyub saxlamağa cəhd göstərərik; anlamla bir yerdə xarici mozaik aləmə uyğunlaşma yolunu da tapa bilərik.

Yalnız onun bütün özünəməxsusluğunu görəndan sonra çağdaş sivilizasiyanın yenilikləri nəticəsində bizim laqeydliyimizlə bağlı itirə biləcəyimiz «nəyi isə» tam şəkildə dəyərləndirə bilərik.

ARXETİPLƏR. Nəzəriyyəyə görə, mentalitet «arxetipik çulğalaşmaların məcmusudur»: mentallığın nüvəsini bir çox cəhətdən onun özümlülüyünü səciyyələndirən və ona invariantlıq, ənənəvi sabitlik verən aparıcı arxetiplər təşkil edirlər.

Məhz energetik baxımdan güclü arxetiplərin əsasında mentalitetin bütövlük xüsusiyyəti formalaşır.

Buna görə də mentalitetin mahiyyətinin dərki aparıcı arxetiplər toplusunu üzə çıxarmağı, onların «energetikası»nın spesifikliyini başa düşməyi və onların arasında mövcud olan üzvi əlaqələri, çulğalaşmaları ortaya qoymağı tələb edir.

Mentalitetin xəyali obrazının axtarışı onun arxetipik məzmununun üzə çıxarılması – «aparıcı arxetiplər siyahısı»nın tərtib olunması ilə başlayır.

Arxetiplər arasındakı çulğalaşmaların mexanizmini aydınlaşdırdıqca mentalitetin real konturlarının yaradılmasına ümid bəsləmək olar.

Mentallıq aləminə səyahətimin nəticələrini etüd qismində ifadə edərkən mən dəyər baxımından mühakimələrdən istifadə etməməyə çalışırdım: sosiokültür (mənəvi) fenomenlərin öyrənilməsində yaxud müzakirəsində belə mühakimələr son dərəcə arzuolunmazdırlar.

Mənim üçün pis yaxud yaxşı arxetiplər, mentallıq, ənənələr mövcud deyillər və mahiyyət etibarilə ola bilməzlər.

Dəyərə əsaslanan mühakimələr mentallığımızın arxetipik mahiyyətinin cəhətlərini dərk etmək yolunda ciddi maneəyə çevrilə bilərlər.

Buna görə də hələ axıra kimi aydınlaşdırılmamış arxetipləri onların mahiyyətinin dəyərləndirilməsi süzgəcindən «buraxmaq» istəyini özündə boğmaq böyük əhəmiyyət kəsb edir.

Fenomenlərin faydalı – faydasız, yaxud yaxşı – pis parametrinə uyğun seçiminin dəyər baxımından təhlili təhlükəlidir, çünki onların əsl mahiyyətinin bərpa olunması prosesini ciddi şəkildə təhrif edə bilər.

Buna görə də «onlar necə, nə üçün, nə vaxt və nədən ötrü yaranmışlar?» suallarına cavabları sonraya saxlayaq.

Bizim vəzifəmiz mümkün qədər çoxlu məna ifadə edən arxetipi «qazıb üzə çıxarmaq», onların arasındakı sistemli əlaqələri aydınlaşdırmaq, mentallığın arxetipik simasını yaratmağa cəhd etməklə bağlıdır.

Uğurlu axtarış üçün əvvəllər olduğu kimi bu gün də arxetiplərin bizim şüursuzluğumuzda sakinləşdiklərinə, bizim hərəkətlərimizi və düşüncələrimizi idarə etdiklərinə inamımız kifayətdir.

Onlar ənənənin etibarlılığına və həyat alqoritminin qorunub saxlanılmasına zəmanət verən «mentalığın kodları» qismində şüuraltında yerləşdirilmişlər.

Arxetiplərin məhz anadangəlmə olmaları onların istənilən zaman və istənilən şəraitdə öyrənilməsinə və axtarış prosesində uğur qazanmağa ümid bəsləməyə imkan verir.

Mən ehtimal edirəm ki, bu və ya digər arxetip (xüsusilə mənim etüd variantımda) kiminsə xoşuna gəlməyə bilər və onda həmin arxetipdən sadəcə olaraq yaxa qurtarmaq istəyi meydana gələr.

Çox göman ki, arxetiplərlə bu cür üzləşmək heç də ən yaxşı çıxış yolu deyil; onları «qanundan kənar» (faydasız, lazımsız və hətta zərərli) elan etmək mümkünsüzdür, çünki onlar bizim şüurumuza, mədəniyyətimizə və həyat tərzimizə «genetik baxımdan daxil edilmiş» və öz kökləri ilə möhkəm yapışmışlar.

Bilməməzlik fenomenlərin dəyər baxımından seçimi üçün əsas ola bilməz; bu, yalançı səriştəliliyin son dərəcə təhlükəli nəticəsidir.

Dəyərləndirmə ən yaxşı halda arxetiplərin mahiyyətinin və mental rolunun kifayət qədər dolğun dərki zəminində yerinə düşər.

Yalnız əsl səriştəlilik arxetiplərin təshihi və seçimi üçün dəyər təhlili aparmaqdan ötrü normal şərait yaratmağa imkan yaradar.

Lakin hətta hansı isə arxetiplərdən ağrısız-filansız yaxa qurtarmaq mümkün olsa belə, tələsməyə dəyməz: heç vaxt yaddan çıxarmaq olmaz ki, mentallığın özümlülüyü arxetiplərlə bağlıdır və hər bir aparıcı (təməl) arxetipi mentallığın unikal – təkrarolunmaz simasına özünün xüsusi töhfəsini verir.

Bu və ya digər arxetipin faydalı olub-olmaması haqqında düşünərkən bizim mentallığımızın mahiyyətinin dəyərləndirilməsinin «ekoloci hissi»nə söykənmək zəruridir: o bizim mövcudluğumuzun sosiokültür (ənənəvi) mühitidir və onun azacıq mutasiyası belə geriyədönməz düşkünlük proseslərinə təkan verə bilər.

Seçim prosesində nəyi isə dəyərləndirmə istəyi ilə üz-üzə gələndə mən daosların müdrikliyini rəhbər tuturam; məlumdur ki, onlar nəsnənin, hadisənin faydalı olub-olmaması arasında dəqiq hədd müəyyənləşdirmək təhlükəsindən çəkinməyə çağırırdılar.

Bir çox hadisələrin təhlili zamanı mən Çcuan-tszının pritçasını yadıma salıram: hər bir ağacı faydasızlığına görə kəsməzdən əvvəl qızmar yay günündə səhrada elə bu ağacın altındaca dincəlməkdən aldığın böyük səadəti təsəvvür et.

Çcuan-tszının bir digər son dərəcə zəruri aforizmi də var: hamı faydalılığın faydasını bilir, lakin faydasızlığın faydasını dərk etmək heç də hamıya qismət olmur.

Bu gün biz ancaq arxetiplər aləminə səyahət etmək fikrindəyik: hal-hazırda biz mentallığımızın özümlülüyünün simasını səciyyələndirən, bizim üçün böyük əhəmiyyət kəsb edən «Qorqud nəslinin arxetipləri» kimi mürəkəb bir fenomenin mahiyyətinin uzun dərki yolunun lap başlanğıcındayıq.

Bu ilkin mərhələdə bu və ya digər arxetiplərin faydalı yaxud faydasız olması haqqında mülahizələri rəhbər tutmaq təhlükəli olardı.

Ola bilsin ki, sonralar, mentallığımızın mahiyyətini dərk edəndən sonra ilk baxışdan hətta ən «faydasız» görünən arxetiplərin faydalılığını başa düşəcəyik; ola bilsin ki, hər bir arxetipin mentallığın simasını müəyyənləşdirən «kölgəsi» mövcuddur.

Yolun başlanğıcında həmişə çoxlu suallar doğur, çoxlu şübhələr meydana gəlir.

Çox güman ki, bu təbiidir. Qabağa getdikcə sualların sayının xeyli artacağı da təbiidir.

Mənə elə gəlir ki, sualların və şübhələrin çoxluğu onların tam yoxluğundan çox-çox yaxşıdır. Sualların və şübhələrin mövcudluğu axtarışın uğurluluğunun əlaməti, problemə ciddi münasibətin təzahürüdür.

Mentallığın arxetipik mahiyyətinin dərki saysız-hesabsız suallarla və şübhələrlə üz-üzə gəlməkdir.

Onlar adamı heç olmasa bəzilərinə cavab tapmaq və müəyyən şübhələri dağıtmaq cəhdinə (istəyinə) təhrik edir.

Axı aktual suala hər bir uğurlu cavab ilə biz mentallığın dərinliyinə yeni bir addım atmış oluruq və hər bir uğurlu addımla bizdə mentallığın aparıcı amili qismində hər bir arxetipin özünəyetərliliyinə inam hissi möhkəmlənəcək.

Mən mentallığın arxetipik əsaslarının axtarışına və onun mahiyyətinin dərkinə hamımız üçün böyük əhəmiyyət kəsb edən bircə suala cavab tapmaq üçün başlamışdım: bizim mentalitetimiz nədir?

Çox tezliklə mənim daxili düşüncəm həyat tərzinin gerçəkliyindən bizi addımbaşı (ayaqyolu, zibil, haralısan, qismət və s.) izləyən «zəhlətökən» arxetipləri üzə çıxartdı.

Ortaya qoyulan arxetiplərlə birlikdə yeni-yeni suallar meydana çıxırdı və getdikcə onların sayı artırdı.

Sualların zəminində axtarışların və düşüncələrin yeni arxetiplərin üzə çıxarılmasına və onların mental çulğalaşmasına yardım edən təzə istiqamətləri yarandılar.

Əgər əvvəllər mənim daxili baxışım göz-gözü görməyən dumanın içində batırdısa, indi mən artıq tanış arxetiplərin labirintləri içində gəzib-dolaşıram; onlar məndə yeni şübhələr doğurur, təxəyyülümü yeni assosiasiyalarla, mental obrazlarla və s. ilə yükləyirlər.

Bizim mentallığılın özünəməxsusluğunu mozaik formada əks edən etüdlərimlə mən hamını bu ecazkar aləmə səyahət etməyə dəvət edirəm. Əminəm ki, birgə axtarışlarımızla mentallığın arxetipik mahiyyətini dərk etməyin ən yaxşı üsulunu daha tez tapa bilərik.

Mentallığın problemlərinin həlli təkcə şəxsi yox, həmçinin «müştərək» cavabdehlik məsələsini ortaya qoyur: mentallıq hər birimizə bütün əcdadlarımızdan nəql olunmuşdur və buna görə onların qorunması üçün biz hamımız məsuliyyət daşıyırıq.

Hər bir arxetipin arxasında yalnız mentallığın cəhəti yox, həmçinin bizim mədəni əcdadlarımızın həyatı – tariximiz, ənənələrimiz, mədəniyyətimiz dayanır.

Bu mürəkkəb yolda problemlər və şübhələr bizi qorxutmamalıdırlar; axı söhbət sivilizasiyanın kollziyalarına uğurla uyğunlaşmaq üçün mentallığın mahiyyətini dərk etməkdən gedir.

Gələcək nəsillərin arxetipikliyinin qorunub saxlanılması gördüyümüz işin uğurundan asılıdır.

Buna görə də bizi keçmişimiz və gələcəyimiz üçün məsuliyyəti dərk etməməyimiz qorxutmalıdır. Bir çox azərbaycanlılar özlərini cavabdehliklə yükləməməkdən ötrü arxetipik (instinktiv) həyatı üstün tutardılar.

Lakin daim açıq olan və dəyişən dünyada arxetipik-«kor-koranə» (şüursuz) yaşamaqda davam etmək şansı daim əriyir.

Biz ya mentallığımızın spontan itkisinə, ya da onun öyrənilməsinə və «özümlüyümüz»ü bütün mümkün mutasiyalardan müdafiə üsullarının axtarışına məhkumuq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG