Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:50

Mərkəzi Bank yeni inzibati bina layihəsi haqda məlumat verdi


“Mərkəzi Bankın yeni inzibati bina kompleksinin inşa edilməsi məqsədilə bir müddət əvvəl Heydər Əliyev prospektində Nazirlər Kabinetinin sərəncamı ilə banka torpaq sahəsi ayrılıb”.

Bu barədə AzadlıqRadiosuna Mərkəzi Bankın kommunikasiya departamentinin direktoru Rüfət Abbasov məlumat verib.

1998-ci ildə tikilərək istifadəyə verilən hazırkı binanın 200 nəfər üçün nəzərdə tutulduğunu bildirən bank nümayəndəsi əlavə edib ki, ötən dövr ərzində ölkə iqtisadiyyatının miqyası böyüyüb, Mərkəzi Bankın fəaliyyət dairəsi genişlənib, yeni idarəetmə və funksional infrastruktur vahidləri yaradılıb. Bankın əməkdaşlarının sayı artaraq 500 nəfəri ötüb və bu sayın gələcəkdə daha da artması gözlənilir: “Məhz bu səbəblərdən də Mərkəzi Bankın yeni binasının inşa edilməsi zərurəti yaranıb”.

“Mərkəzi Bankın yeni inzibati binasının layihələşdirilməsini həyata keçirmək üçün dünyada məşhur, Avropa Mərkəzi Bankının yeni inzibati binası layihəsini gerçəkləşdirən “COOPHIMMELB (l)AU” Avstriya şirkəti seçilib”.

Verilən məlumata görə, binanın layihələndirilməsi zamanı müasirlik, xarici görünüşün unikallığı ilə yanaşı, binanın çox mərtəbəliliyi kimi meyarlar rəhbər tutulub:

“Miqyası sürətlə artan ölkə iqtisadiyyatının nağd pula təlabatının artması nəzərə alınaraq beynəlxalq standartlı “Xəzinə mərkəzi”nin yaradılması layihədə əksini tapır. Eyni zamanda qızıl hasilatının başlanması və onun gələcəkdə artması proqnozları ölkənin qızıl ehtiyatlarının saxlancını zəruri edir və bu yeni binada öz həllini tapacaq”.

R. Abbasov bildirib ki, Mərkəzi Bankın dünya təcrübəsinə uyğun idarəetmə və funksionallıq inkişafının 20-25 illik perspektivləri də nəzərə alınmaqla layihədə bankın bütün infrastrukturları, konfrans zalları, müxtəlif növ təlim otaqları, maşın parkinqi, vətəndaşların istifadəsi üçün açıq olan kitabxana və muzey də öz əksini tapıb.

Bank rəsmisi bildirib ki, hazırda yeni inzibati bina layihələşmə mərhələsindədir, yekun qərar qəbul edilməyib. Ona görə də R.Abbasov deyib ki, layihənin neçəyə başa gələcəyi kimi suallara ancaq bu işlər başa çatandan sonra cavab vermək mümkün olacaq.
XS
SM
MD
LG