Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:02
Haqqında rəsmən yalnız əmlak alqı-satqısı dəftərində bəhs edilən bir qəsəbə var – 3 minə yaxın sakin oranı əsasən Atyalı adlandırır. Nə 109 məlumat bürosunda, nə Qaradağ rayonunda, nə də Abşeron rayonunda bu qəsəbəyə dair hər hansı bir məlumat var. Deyilən bircə odur ki, bu yaşayış massivi Hökməli qəsəbəsinə baxır…

9 ildir Atyalı qəsəbəsində yaşayan Rəhimə Əliyeva bu qəsəbəni belə tanıdır:

- Qeydiyyatı yoxdur, hələ ki sənədləşmə yoxdur. Müşfiq qəsəbəsinə baxır. Sənəddə “Bağçılıq” gedir, Mebel fabrikinin üzərindədir. Bu torpaqlar onlara aiddir.

QƏSƏBƏNİN ADINI BİLMƏYƏN SAKİNLƏRİ

Qəsəbə ilə bağlı qeyri-müəyyənlik o qədərdir ki, azı 5 il yaşayan sakinlər hələ də buranın Atyalı, yoxsa qonşuluqdakı Nübar qəsəbəsi adlandırmaqda çətinlik çəkirlər. Biri deyir Nübardır, o biri israr edir ki, Atyalı…

AzadlıqRadiosunun Nübar qəsəbəsindən hazırladığı reportaja baxanda isə bu qəsəbələrin ancaq adıyla fərqləndiyini görmək olur.

Qaz, kanalizasiya, su, elektrik – bu sözləri eşidən qəsəbə sakinləri bir ağızdan şikayətlənirlər.

QADINLAR XƏNDƏK QAZIR

Atyalının ortasında 6 qadın əllərində bel qazıntı işlərilə məşğul idilər - qəsəbəyə çəkiləcək su xətti üçün xəndək qazırdılar.

Gədəbəydən 12 il əvvəl Atyalına köçmüş Nailə xanım o fikirdədir ki, indiki şərtlərlə bu qəsəbədə heç yaşanası deyil:

Xəndək qazan qadınlar...
- Deputatımız gəlir deyir hamı səs versin. Hamı gedir səs verir, amma biz yenə bu gündəyik. Özü də Bakının qırağında bizim heç bir şeyimiz yoxdur. Qaz çəkirlər guya ki...Su çəkmişik özümüz odur ee, dərənin döşündən.

- Xəndəyi niyə siz qazırsınız?

- Bəs kim qazsın? Kimi gətirək qazsın?

- Bəs bələdiyyə maraqlanmır ki sizinlə?

- Heç bələdiyyəmiz də yoxdur, icra hakimiyyətimiz də yoxdur, deputatımız da yoxdur. Heç bir kəsimiz yoxdur.

HAMI ODUN YANDIRIR

Atyalıda hər evin bacasından tüstü çıxır. Burda evi isitməyin tək yolu odun yandırmaqdır. Rəhimə Əliyeva:

- Elə olur ki, günlərlə işığımız olmur. Hamı odun yandırır.

Beyləqan rayonundan 3 il əvvəl Atyalına köçmüş Leyla Orucovanın fikrincə, qəsəbənin problemi evlərin qeydiyyatsız olmağıdır. O düşünür ki, evlər sənədləşdirilsə, sakinlər vergi ödəyər, bununla da qəsəbədə məişət problemləri həll edilər:

Biz gəlib burdan özümüz almışıq evləri, bütün çətinliyə də dözməliyik
- Qeydiyyatsız sənədlərlə yaşayırlar, qeyri-qanuni yaşayırlar. Ona görə də hamısı düşür dövlətin üstünə. Dövlət qazı nətər çəksin, suyu nətər çəksin. Amma hamı pul versə, kömək etsə, onlar da çəkər. Biz gəlib burdan özümüz almışıq evləri, bütün çətinliyə də dözməliyik.

TUALETİ HƏYƏTLƏRDƏ QAZILMIŞ QUYULAR ƏVƏZ EDİR

Metronun “20 yanvar” stansiyasından 10 kilometr aralıda yerləşən Atyalıda kanalizasiya sistemi də yoxdur – burda tualeti həyətlərdə qazılmış quyular əvəz edir.

Sudan istifadəyə gəlincə, kimisi suyu pulla alıb anbara vurdurur, kimisi də ümumi bulaqdan evinə daşıyır. Amma əksəriyyət yaxınlıqdan keçən şollar suyu borularından öz evinə su çəkib.

Rəhimə Əliyeva:

- Kanalizasiyası yoxdur, suyu da hər kəs özü çəkir. Pul yığırıq, şərikli çəkirik.Yuxarıdan şollar suyu keçir. Əslində qeyri-qanunidir. Yoxlanılsa, hamısı qanunsuzdur. Amma bizim qanunsuz çəkdiyimiz suya da dövlət gətirib sayğac qoyub, axı bizə suyu çəkməyiblər, niyə sayğac qoyurlar?

Əgər bu qəsəbədə kiminsə dərmana ehtiyacı olsa, şəhərdən gələn ailə üzvünü gözləməli olur. Nə apteki, nə də xəstəxanası olan Atyalı sakinləri özləri özlərinə təcili yardım xidməti göstərmək məcburiyyətindədirlər:

- Xəstəxana nədir? Həkim var ki, xəstəxana da olsun? “Skoro” gələr, gəlməz, götürürük asfalta kimi qucağımızda qaçırdırıq, ordan da taksiyə qoyub aparırıq.

İŞ GEDİR...

Fəhlələrin sözlərinə görə, tezliklə qəsəbə qazla təmin ediləcək
Qəsəbədə ara-sıra qazıntı işləri gözə dəyirdi. Fəhlələrin sözlərinə görə, tezliklə qəsəbə qazla təmin ediləcək. Hövsan bələdiyyəsinin özünü təqdim etməyən üzvü də bunu təsdiqlədi. Dedi ki, sakinlər bir az gözləsinlər, hazırda bu problemlərin həlli üçün iş gedir…

Atyalıdan şəhərə qayıdanda ayaqqabılarımıza baxıb “elə palçıqlı gedəcəksiniz” deyə sual da ünvanlayan oldu.

Onsuz da qəsəbə sakinlərinin dediyi kimi dörd saatlıq intervalla gələn avtobusu gözləmək imkanımız yox idi.

Ağlımıza da gəlmirdi ki, Atyalı əhalisinin təcrübəsindən istifadə edib ayaqqabımızın üstündən salafan geyinək. Üst-başımızın palçığını ört-basdır etməyin ən yaxşı yolu isə taksiyə oturmaq idi...

Şərhləri göstər

XS
SM
MD
LG