Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:58
Rusiya ortdoksal kilsəsi təklif edib ki, Rusiyada kişilər və qadınlar üçün geyim kodeksi tətbiq edilsin. Əslində, daha çox qadınlar üçün…

Kilsənin sinodal şöbəsinin məsul şəxsi Vsevolod Çaplin deyib ki, məktəblərdə, şirkətlərdə geyim kodeksi tətbiq edildiyi kimi, yaxşı olardı, barlarda, ictimai yerlərdə də ümumi Rusiya geyim kodeksi tətbiq ediləydi.

MİNİ YUBKA QARŞISINDA NƏİNKİ QAFQAZLI, RUS DA YOLDAN ÇIXAR

Keşiş Vsevolod deyib ki, əgər qadın mini yubkadadırsa, nəinki qafqazlını yolundan çıxaracaq, hətta rusları da təxribata çəkəcək. Üstəlik, qadın sərxoşdursa və kimisə yoldan çıxarmaqda aktivdirsə, bu, axırda onun zorlanması ilə başa çatacaq.

Keşişin fikrincə, qadınların zorlanmasına daha çox onların geyimi, xarici görünüşü səbəb olur.

Vsevolod Çaplinin sözlərinə görə, bütün zamanlarda bütün millətlərdə adamın xarici görünüşü heç də həmişə şəxsi məsələ sayılmayıb. “Qadınların ictimai yerlərdə, institutda, iş yerində özünü necə aparması heç də onların şəxsi işi deyil” deyən Vsevolod ata göstərir ki, kişilər də öz geyimləri ilə qadınlardan geri qalmırlar:

- Şəhərin ortasında şortik-maykada, çəkələkdə gəzən adama heç də hörmət göstərmirsən, bəd ayaqda fikirləşirsən ki, “bomjdur”.

QADINLAR “KLOUN KİMİ GEYİNİB-BƏZƏNİRLƏR”


Onun sözlərinə görə, küçədə, metroda və ya barda kloun kimi geyinib-bəzənmiş qadınlar nəinki sərxoş axmaqlara rast gəlmək riski ilə üz-üzədir, hətta onlara həyat yoldaşı ola biləcək kişini də tapa bilməyəcəklər:

- Açıq-saçıq görünüş, abırsız rəftar – bədbəxtliyə aparan yoldur. Həyatda bir dəfə sevmək arzusunun boşa çıxması, qısamüddətli nikah, taleyinə zərbə vurulmuş uşaqlar, tənhalıq deməkdir.

“KİMƏ NƏ DƏXLİ VAR, KİM NECƏ GEYİNİR?”

Lyudmila Alekseyeva
Moskva Helsinki Qrupunun rəhbəri Lyudmila Alekseyeva deyib ki, geyim kodeksinin tətbiqi ilə bağlı gətirilən arqumentlər cəfəngiyyatdır. 83 yaşlı hüquq müdafiəçisi “İnterfax” xəbər agentliyinə deyib:

- Kim necə istəyir, elə də geyinsin. Çeçenistanda qadınları ictimai yerlərə yaylıqsız buraxılmırlar. Bu, müsəlman geyim kodeksidir. İndi də provoslav geyim kodeksi tətbiq edilir. Sonra hansısa geyim kodeksi fikirləşəcəklər. Mən özüm nə mini yubka geyinirəm, nə də dekolte. Amma kimə nə dəxli var, kim necə geyinir? Ruslarda bir söz var, geyimə görə qarşılayıb ağlına görə yola salarlar. Deməli, ağıl lazımdır, paltar yox. Qoyun adam özü qərar versin, necə geyinir.

“RƏSMİ İCTİMAİ GEYİM VAR”

Prezident Yanında İnsan Haqları Şurasının rəhbəri Mixail Fedotov isə deyir ki, cəmiyyətdə geyimin idarə olunmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, Rusiyada kütləvi geyim kodeksi var və rahatca istifadə olunur:

- Bizdə elə bir qanun yoxdur ki, şalvar geyinmək yalnız kişi cinsinə məxsusdur. Heç belə qaydaya da ehtiyac yoxdur. Bizdə artıq rəsmi ictimai geyim var – kişilər kostyum və qalstuk, qadınlar kostyum, yubka və ya don geyinirlər.

“KİŞİLƏR KİLSƏYƏ ŞORTİKLƏ GETMİR Kİ...”

Mixail Fetodov deyir ki, kilsəyə getmək istəyən kişi əyninə şortik geyinmir və ya qadınlar da qaydaya uyğun başlarını bağlayır:

- Rusiya dünyəvi dövlətdir və burda kütləvi geyim kodeksləri var. Bank işçisinin geyim tərzi zavodda işləyənin geyimindən fərqlənir. Nəyisə dəyişməyə ehtiyac yoxdur, mədəni səviyyəni, o cümlədən geyimə münasibəti inkişaf etdirməyə ehtiyac var.

“AZƏRBAYCANDA HƏR KƏS ÖZ SƏVİYYƏSİNƏ UYĞUN GEYİNİR”


Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı keşiş Çaplinin təklifi ilə tanış olduğunu, amma bunu birmənalı qarşılamadığını deyir. Onun fikrincə, Azərbaycanda belə bir təklif səslənsəydi, etirazlarla qarşılanardı:

- Biz o dəqiqə demokratik anlayışlarla toqquşacağıq, əks fikirlər eşidəcəyik. Hərə öz səviyyəsinə, mədəniyyətinə, dünyagörüşünə uyğun geyinir və əlbəttə ki, geyim insanın şəxsi işidir.

Amma Qəmər Cavadlı hesab edir ki, belə bir məsələni ictimai müzakirəyə çıxarmaq olar və sonda onlar öz mövqelərini ortaya qoyarlar.

/Sayta hazırladı Səadət Akifqızı/

Şərhləri göstər

XS
SM
MD
LG