Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:53

«İntizamsız sürücü Yol polisini sevə bilməz!»


Vaqif Əsədov
Vaqif Əsədov
Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı-- Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov söylədi

YOL POLİSİ NİYƏ SEVİLMİR?

«Gürcüstanda Yol polisinə olan sevgi niyə bizdə yoxdur?» - yazan dinləyicinin sualını cavablayan qonağımızın fikrincə, bu sevginin, rəğbətin artması üçün cəmiyyət arasında təbliğat işlərinin aparılmasına ehtiyac var:

«Mən nə qədər Azərbaycan məkanında qapı-qapı gəzib TV-lərdən, radiolardan keçirdiyimiz tədbirlərin işıqlandırılması ilə bağlı xahişlər edəcəm? Olmazmı ki, TV-lər, radiolar, qəzetlər Dövlət Yol Polisinin keçirdiyi tədbirləri vaxtaşırı işıqlandırsın, cəmiyyət arasında yaysın və yol mədəniyyətinin yüksəldilməsinə nail olsun?».

TV-LƏR SMS OYUNLARIYLA MƏŞĞULDUR


Vaqif Əsədov təəssüflənir ki, bu gün ölkə TV-lərində bir-birini təkrarlayan SMS oyunları baş alıb gedir:

«Bunlar da lazımdır. Ancaq yaxşı olardı ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı xüsusi verilişlər hazırlansın. Belə verilişlər olsa, Yol polisinin imici də dəyişər, onlara sevgi də artar».

POLİSİ SEVƏNLƏR SEVİR...

Vaqif Əsədov polis və cəmiyyət arasında bu cür çıxışlar edilməsinin əleyhinə olduğunu da gizlətmədi:

«Polisi sevənlər sevir. «Mənim polisim məni qoruyur» devizini yəqin ki, hamı bilir. İntizamsız sürücülər ona görə Yol polisini sevmirlər ki, onlar saxlanılır və qanuna müvafiq qaydada cərimə edilirlər».

YOL POLİSİ DƏ TƏNBEH OLUNUR

Vaqif Əsədov ötən il 76 əməkdaşın (36 zabit) intizam tənbehi aldığını dedi.

«Bir nəfər zabit polis adına ləkə gətirdiyinə görə daxili işlər orqanlarından azad edilib. Bunu deməkdə məqsədim odur ki, dinləyicilər Yol Polisi İdarəsində əsas şərtin davamiyyət, nizam-intizamın yüksək olması, vətəndaşlarla qarşılıqlı münasibət, səmimiyyət, etik normalara cavab verən davranışın olduğunun fərqinə varsınlar. Bilsinlər ki, əməkdaşlarımız bu gün dünəndən, sabah isə bu gündən daha fəal xidmət göstərir».

Yaxın zamanlarda Bakı şəhər məhkəmələrinin çıxardığı qərar əsasında səs siqnallarının müsadirəsi ilə bağlı geniş tədbir keçirəcəyik»
SİQNALLARLA BAĞLI TƏDBİRLƏRƏ BAŞLANIB

Şöbə rəisi avtomobillərə quraşdırılan səs siqnalları ilə bağlı xüsusi tədbirlərə başlandığını dedi:

«Yaxın zamanlarda Bakı şəhər məhkəmələrinin çıxardığı qərar əsasında səs siqnallarının müsadirəsi ilə bağlı geniş tədbir keçirəcəyik. Qoy görsünlər ki, belə siqnalların nəqliyyat vasitəsinə quraşdırılması müsadirəyə, eyni zamanda sürücünün müəyyən miqdarda cərimə ödəməsinə gətirib çıxaracaq».

MENTALİTET SƏS SİQNALINI SEVİR?

Vaqif bəy milli mentalitetin səs siqnallarından istifadəni gücləndirdiyi qənaətindədir:

«Təəssüf ki, səs siqnalı verməklə bir-birimizi çağırırıq, salamlaşırıq, sağollaşırıq, ailə qururuq, toy edirik və s. Ancaq yaxşı olar ki, yol hərəkətində səs siqnalından istifadəni bir təhlükə kimi qəbul edək».

Qonağımız bu dözülməz səsin insanları şəhərin hər yerində haqladığını bildirdi:

«Əhali bu səslərdən öz mənzilində belə rahatlana bilmir, həyatı zəhərlənir. Odur ki, Dövlət Yol Polisinin bu yöndə keçirdiyi tədbirlər ancaq alqışlanmalıdır».

Keçirilən tədbirlərdə 166 səs siqnalının açıldığını deyən Vaqif Əsədov «yaxşı olar ki, cəmiyyət özü, hətta sürücülər buna qarşı təbliğat aparsın» - dedi.

--Yol polisi hərəkətin təhlükəsizliyi ilə bağlı daha hansı tədbirlər keçirəcək?
--Bakı şəhər məktəbliləri, valideyn komitələri, müəllim heyəti, eyni zamanda QHT-lərin iştirakı ilə Azadlıq meydanında yanvarın 18-də baş tutan aksiya nəyi hədəf götürmüşdü?
--99 məktəblinin vurulması, 34 ölüm faktı, 84 yaralı Bakı üçün dəhşətli fakt deyilmi? Məktəbəqədər yaşlı 21 uşağın ölümü, məktəblər arasında isə 13 ölüm faktı kimləri narahat etməlidir?
--«Yol-nəqliyyat qəzalarının aradan qaldırılması üçün sərt cəzalar tətbiq edilməlidir. Qanunların işləməsi üçün rüşvət yığışdırılmalıdır» yazan peterburqlu dinləyicimizə nə cavab verildi?
--Yanvarın 7-dən bu günədək təyin olunmayan yerlərdən keçən nə qədər bakılı cərimələnib? Cərimələnlər Yol polisinə necə reaksiya verdilər?
--Yol Hərəkəti Qanununun 40-cı maddəsini pozanlar İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə görə nə qədər cərimə ödəməlidirlər?
--Dinləyicinin «avtomobillərə texniki baxış ləğv olunsa, rüşvəti yığışdırmaq olarmı» sualı necə cavablandı? Vaqif bəy dinləyicimizə hara müraciət etməyi tövsiyə etdi?
--Bəs «çoxdandır yox idiniz, haradaydınız, sizi görməyə çox şadıq» mesajına qonağımız nə dedi?
-- Və nəhayət, 20 Yanvar günü şəhərdə yol hərəkəti necə tənzimlənəcək?
«Can Bakı»nı elə bu səhifədən dinləyin.

XS
SM
MD
LG