Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22
Gürcüstanın xarici işlər naziri Grigol Vashadzenin yanvarın 18-19-da Azərbaycana işgüzar səfəri diqqət mərkəzindədir. Bu, Gürcüstan baş diplomatının 2011-ci ildə ilk xarici səfəridir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyir ki, işgüzar formatda həyata keçirilən bu səfərdə cənab Vashadze azərbaycanlı həmkarı Elmar Məmmədyarovla və nəqliyyat naziri Ziya Məmmədovla görüşəcək:

DİGƏR QARŞILIQLI MARAQ KƏSB EDƏN MƏSƏLƏLƏR...

“Görüşlərin əsas mahiyyəti ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlarda birgə fəaliyyət, mövqelərin uzlaşdırılması, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və digər qarşılıqlı maraq kəsb edən məsələlər olacaq”.

Elxan Poluxovun sözlərinə görə, iki ölkənin XİN rəhbərləri Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsini və Gürcüstanın ərazi bütövlüyü məsələsini də müzakirə edəcəklər.

SSRİ-nin süqutundan sonra Azərbaycanla Gürcüstanı birləşdirən nəhəng beynəlxalq layihələrin iki ölkə arasında xüsusilə iqtisadi əlaqələri daha da genişləndirməsi heç kimə sirr deyil. Bu baxımdan iqtisadi və siyasi ekspertlər Gürcüstanın xarici işlər nazirinin səfər proqramına Azərbaycanın məhz nəqliyyat naziri ilə də görüşün daxil edilməsini təsadüfi saymırlar.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu düşünür ki, Vashadzenin 2011-ci ilin ilk rəsmi səfərini Azərbaycana etməsi daha çox siyasi “etiket”- yəni hörmət, ehtiram xarakteri daşıyır. Təbii ki, Grigol Vashadze Elmar Məmmədyarovla görüşməlidir. Amma səfərin mahiyyətində daha çox nəqliyyat məsələləri dayanır. Çünki Azərbaycan Gürcüstan üçün Şərqə qapı olduğu kimi, Gürcüstan da Azərbaycan üçün Qərbə qapı rolunu oynayır:

NƏQLİYYAT MƏSƏLƏSİ ÖN PLANDADIR

“İki ölkə arasında ən çox müzakirə olunan nəqliyyat, kommunikasiya məsələləridir. Bakı-Tbilisi-Ceyhan, Bakı–Tbilisi–Ərzrum oradan keçir. Bakı-Tbilisi-Qars yaxın illərdə istifadəyə veriləcək. Avropadan yüklərin böyük qismi Gürcüstanın Qara dəniz limanları vasitəsilə Azərbaycana gəlir. Mərkəzi Asiyadan gələn yüklərin böyük qismi Azərbaycandan keçib Gürcüstan ərazisi ilə gedir. Yəni bütün bunların hamısında nəqliyyat məsələsi ön plandadır”.

Gürcüstanın XİN rəhbərinin səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə də görüşəcəyi barədə məlumatlar var.

Bəzi ekspertlər düşünürlər ki, səfərlə bağlı açıqlanan bütün məlumatlar əlbəttə ki, məsələnin üzdə olan tərəfidir. Amma Gürcüstanla Azərbaycan arasında müzakirəsi gedən, nədənsə hələ də rəsmən açıqlanmayan məsələlər də var. Və Bakıda belə məsələlərdən də danışılacağı istisna olunmur.

AZƏRBAYCAN “MAZDOK-ABOVYAN” QAZ KƏMƏRİNİ ALMAQ İSTƏYİR


Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, Azərbaycan Gürcüstan ərazisindən keçərək Rusiya ilə Ermənistanı birləşdirən “Mazdok-Abovyan” magistral qaz kəmərini almaq istəyir. Və artıq bir müddətdir ki, Bakı ilə Tbilisi arasında bu barədə danışıqlar gedir:

“Ötən ilin dekabr ayında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, onlar artıq Gürcüstan hökumətinə bu kəmərlə bağlı təkliflər verib. Və orada tərəf kimi ARDNŞ-in törəmə şirkəti olan “SOCAR-Georgia” çıxış edir. Bütün məsələləri təsərrüfat subyekti kimi bu şirkət həyata keçirəcək. Ancaq hansı müddətə, bununla bağlı hələlik heç bir məlumat yoxdur”.

İlham Şaban
Bir vaxtlar “Mazdok-Abovyan” qaz kəməri Ermənistanı və Gürcüstanı mavi yanacaqla təmin edən əsas vasitə idi. 1990-cı illərdə, xüsusilə qış aylarında həmin kəmərin Gürcüstan ərazisində dəfələrlə qəzalar baş verirdi ki, nəticədə Ermənistanda ciddi istilik problemi yaranırdı. Bəs indi bu kəmər öz əhəmiyyətini nə dərəcədə saxlaya bilib? Bunun satılması və alınması kimə nə verir?

İlham Şaban deyir ki, “Mazdok-Abovyan” bir vaxtlar strateji bir nəql vasitəsi idi. O vaxtlar kəmərin buraxılış gücü 7 milyard kubmetrə yaxın idi. Ancaq müstəqillik dönəmində bu rəqəm heç vaxt 4 milyarddan yuxarı olmayıb. Kəmərlə Rusiya qazının nəqli ildən-ilə azalır. Çünki Gürcüstan Azərbaycandan, Ermənistan isə İrandan qaz almaqla bu kəmərə ehtiyacı azaldırlar.

ERMƏNİSTAN BU ANLAŞMADAN SİYASİ SPEKULYASİYA KİMİ İSTİFADƏ EDİR

İlham Şaban istisna etmir ki, yaxın beş ildə Ermənistanın Rusiyadan qaz alması tamamilə azalacaq (Çünki bu ilin aprelindən Rusiyanın “Qazprom” şirkəti Ermənistana satılan qazın qiymətini qaldıracaq). İkincisi, İran-Ermənistan qaz kəməri hazır olandan sonra isə Ermənistanın Rusiya qazına heç bir ehtiyacı olmayacaq. Gürcüstanın isə qazla bütün təminatı Azərbaycan vasitəsilə həyata keçiriləcək. O zaman Azərbaycan (ARDNŞ) bu kəmər vasitəsilə Gürcüstanın şimal ərazilərini qazla təmin etmək üçün istifadə edə bilər.

İlham Şaban deyir ki, Ermənistan bu anlaşmadan Azərbaycana qarşı siyasi spekulyasiya kimi istifadə edir və edəcək. Azərbaycanın isə indiyədək bu iqtisadi niyyəti barədə açıqlama verməməsi sadəcə anlaşılan deyil. Onun sözlərinə görə, kəmər barədə Rusiya ilə danışıqlara ehtiyac yoxdur. Çünki o 1991-ci ildən Gürcüstana məxsusdur.

Şərhləri göstər

XS
SM
MD
LG