Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:30

«İrandan kartof gətirməyə qoymurlar»


Mallarımızı əlimizdən alıb Astara terminalının anbarına vururlar
Astara rayonunun bir qrup sakini yanvarın 18-də icra hakimiyyəti binasının önündə etiraz aksiyası keçiriblər. Buna səbəb Astara keçid məntəqəsində İrandan gətirilən kənd təsərrüfatı məhsullarının əllərindən alınmasıdır.

Astara şəhər sakini Fəridə İbayeva deyir ki, kartof və soğan məhsulları İranda nisbətən ucuzdur:

«MALLARIMIZI ƏLİMİZDƏN ALIB...»

«Kartofun 10 kiloqramı İranda 3 manat 30 qəpiyədirsə, bizdə bu 5 manatdan yuxarı qiymətə satılır. İrana gedən yerli sakinlər oradan kartof gətirir, müəyyən hissəsini özlərinə saxlayır, qalanlarını satırlar. Astara gömrükxanası buna icazə vermir. Mallarımızı əlimizdən alıb Astara terminalının anbarına vururlar. Oradan da aparıb satırlar. Şikayətimizə baxan yoxdur. Ona görə də icra aparatın qarşısına gəlmişik. Bizi dinləmək əvəzinə üstümüzə polis göndəriblər».

Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məzahim Hüseynov isə deyir ki, vətəndaşlar İrandan qadağan olunmuş mallar gətirilər:

«BELƏ MƏHSULLAR ADAMLARDA XƏSTƏLİK YARADIR...»


«Onların İrandan gətirdikləri kartof texniki məhsuldur, insanlar üçün deyil. Belə məhsullar adamlarda xəstəlik yaradır. Bu barədə adamlarla izahat işləri aparılıb. Bir adam gündə İrana üç dəfə gedir. Hər dəfə geri qayıdanda özü ilə 50-60 kiloqram kartof gətirir. Belə məlum olur ki, adamlar İrana alverə gedirlər. Gömrük bizə tabe olan orqan deyil, biz onlara göstəriş verə
Astara Gömrük İdarəsi
bilmərik».

«SƏRHƏDDƏ HEÇ BİR STATUSU OLMAYAN MONOPOLİSTLƏR ƏYLƏŞİBLƏR»

İş adamı Fayıq Cəfərov isə deyir ki, sərhəddə heç bir statusu olmayan monopolistlər əyləşiblər:

«Onlar qoymur. Əslində, Azərbaycandan da İrana çoxlu mal gedir. Oradan da Azərbaycana lazım olan nə varsa gətirilir. Azad bazar iqtisadiyyatı şəraitində yaşayırıqsa, belə olmalıdır. Adətən sərhədyanı zonalarda alış-veriş olur. Burda qəribə nə var ki. İran bir neçə adda olan məhsulu ərazisindən çıxartmağa icazə vermir. Qadağan olunmuş mallar arasında kənd təsərrüfatı məhsulları yoxdur. Kimlərsə idxal olunan məhsullara qanunsuz nəzarət edir».

Astara Gömrük İdarəsinin isə bu məsələ ilə bağlı münasibətini öyrənmək mümkün olmadı. Dəfələrlə cəhd göstərsək də, onlar bununla bağlı hər hansı münasibət bildirmədilər.

Sabiq gömrük xidməti kapitanı Elman Hüseynov isə deyir ki, keçid məntəqələrində qadağan olunmuş malların siyahısı olur. Xaricə getmək istəyən vətəndaşlar bu siyahı ilə tanış olurlar:

«Gömrük idarələrində xidmətlər də var. Bu xidmətlərin nəticəsində insanın sağlamlığına ziyan olan nə varsa saxlanılır. Qalan hallarda xaricdən gətirilən mallara görə qanun daxilində rüsum ödənilir. Gömrük heç bir səbəb olmadan malı saxlaya bilməz. İrandan maşınla tonlarla Azərbaycana kartof daşınır. Belə olan halda piyadalara kartofun gətirilməsini qadağan etmək heç bir məntiqə sığmır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG