Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:45

«Azərbaycanda «özbəkləşdirmə prosesi» gedir»


Arif Yunus
Arif Yunus
«Azərbaycanda özbaşınalıq hökm sürür».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Arif Yunus Elvin Əsgərovun polis bölməsində döyülərək öldürülməsi barədə yayılan fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bunun səbəbi cəmiyyətin icraçı strukturlara nəzarət edə bilməməsindədir:

«Azərbaycanda demokratiya yoxdur, cəmiyyətin icraçı strukturlara, yəni nazirliklərə nəzarəti yoxdur. Bu, özbaşınalıqdır. Biz heç nə edə bilmirik. Biz ona görə təkliflər veririk insanlara ki, evdən çıxmayın, restorana, kafeyə getməyin. Biz məcburuq buna».

İslam Partiyasının sədri və partiyadaşlarının həbsinə də münasibət bildirən politoloq deyib ki, Mövsüm Səmədovun həbsi sosial şəbəkələrdə yayılmış çıxışı ilə bağlıdır:

«Söhbət ondan gedir ki, prezidenə qarşı kəskin tənqiddən sonra onu həbs ediblər. O ki qaldı çevriliş-filan, bu sonrakı işdir. Əsas onu həbs etmək lazım idi. Hansı bəhanə ilə? İndi deyirlər ki, guya teraktla bağlı idi. Mən qətiyyən buna inanmıram. Bu köhnə sovet üsullarının bir hissəsidir».

Arif Yunusun fikrincə, «Azərbaycanda «özbəkləşdirmə prosesi» gedir» və baş verənlər də bunun nəticəsidir:

«İSLAM ARTIQ REAL MÜXALİF QÜVVƏ OLUB»

«2006-ci ildən bu günə kimi Azərbaycan Özbəkistanın siyasi yolu ilə gedir. Mən həmişə bunu deyirəm. Azərbaycanda özbəkləşdirmə prosesi gedir. Bu nə deməkdir? Özbəkistanda vaxtı ilə normal sivil müxalifət var idi. İslam Kərimov bunları yığışdırıb, indi Özbəkistanda boşluq yaranıb və bu boşluğu islamçılar doldurdular. Artıq Azərbaycanda da eyni vəziyyət yaranıb. Azərbaycanda da klassik müxalifət yavaş-yavaş yığışdırılıb. Bu gün bizim müxalifət QHT-lərə bənzəyir. Bəyanat verir, çıxış edir, hansısa tədbirlər görür. Amma bu güc deyil. Artıq başa düşürük ki, bu müxalifətin qatarı getdi. Artıq 2006-cı ildən bu günə kimi müxalifətdən danışırıqsa, özü də siyasi bir qüvvə kimi sözsüz ki, İslamdan söhbət gedir. İslam bu gün artıq real müxalif qüvvə olub».

Politoloq deyir ki, Azərbaycanda seçkilərdən-seçkilərə müxalifət partiyaları görünməyə başlayır:

«Bunun nəticəsində unutmuruq bu partiyaları. Amma cəmiyyətin müxalifətə də ümidi qalmayıb. Azərbaycan cəmiyyətindəki ümidsizlik islamçıların sosial bazasının güclənməsinə imkan yaradır».

Politoloqun fikrincə, dindarlara qarşı olan siyasət, repressiya isə pis nəticə ilə qurtaracaq.

BU HƏBS OYUN DEYİL

Nemət Pənahlının həbsinə də münasibət bildirən A.Yunus deyib ki, bu həbs oyun deyil:

«Əlbəttə, biz hələ Heydər Əliyevin dövrünü unutmamışıq. Əgər indi bizim prezidentimiz Heydər Əliyev olsaydı, mən inanardım ki, bu oyundur. Çünki Heydər Əliyev bu tipli oyunların böyük ustası idi. Amma İlham Əliyev belə oyunlara çox vaxt heç getmir. WiliLeaks yazırdı ki, İlham Əliyev daxili proseslərə Sonny Karlioni kimi emosiyalarla yanaşır. Azərbaycanlı kimi yanaşır. Siyasətçi kimi yox insan kimi. Kimsə onu təhqir etdi, tənqid etdi, o siyasətçi kimi buna yanaşmır. Onun atası isə siyasətçi kimi yanaşırdı».

Arif Yunus bildirir ki, Nemət Pənahlının mətbuatdakı tənqidi fikirlərinə bu hakimiyyətin reaksiyası onun həbsidir.

XS
SM
MD
LG