Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:35
Milli Kitab Mükafatı Müsabiqəsinə təqdim edilən 12 əsər çıxdaş edilib.

Bu barədə Azadlıq Radiosunun “Oxu zalı”na müsahibəsində müsabiqənin eksperti Qan Turalı məlumat verib.

Onun sözlərinə görə, bəzi müəlliflər MKM-in şərtlərini yaxşı oxumayıblar:

“Məsələn, müsabiqəyə Bakı dialektində ümumişlək sözlər haqda lüğət, kompüter proqramı haqda kitab, Amerika yazıçılarının əsərlərinin tərcüməsi, Asif atanın fəlsəfi kitabı, Bakı haqqında məşhur adamlarla müsahibələr də göndərilib. Həmin kitablar təbii ki oxumaq üçün ekspertlərə təqdim edilmədi” – deyə Qan Turalı bildirib.

“MKM-ə bədii əsər təqdim edilməlidir. Müəllif bunu şəxsən etməlidir. Əsər Azərbaycan yazıçısı tərəfindən yazılmış olmalıdır”.

12 əsər çıxdaş ediləndən sonra ekspertlərə 102 əsər təqdim olunub.

Bunlar roman, povest və hekayə toplularıdır.
Müsabiqəyə əsər təqdim edən yazıçıların adlarını açıqlaya bilməyəcəyini deyən ekspert bildirib ki, bu həmin yazarları lazımsız psixoloji təzyiqə məruz qoymamaq üçündür.

“Azərbaycanda elə şərait var ki, hansısa yazıçı 20-liyə düşməsə, kimlərsə onu haqsız yerə istedadsızlıqda günahlandıra bilər. Ona görə də adları açıqlamayacağıq.

Sadəcə 102 əsərdən 20-ni seçib elan edəcəyik – yəni 20-liyə düşən yazarları”.

Qan Turalı deyir ki, əsərlərini müsabiqəyə təqdim edənlər arasında ədəbi dairələrdə kifayət qədər tanınan, populyar olan 20-dən çox yazar var.

Müsabiqədə iştirak edənlərin çoxu yaşı 40-dan aşağı olan yazarlar, gənclərdir.

Bununla yanaşı müsabiqəyə yetərincə orta yaşlı yazar da qatılıb.

Qan Turalının verdiyi məlumata görə, MKM-ə Azad Yazarlar Ocağının da bir üzvü öz povesti ilə qatılıb.

Onun sözlərinə görə, “Ən yeni ədəbiyyat” seriyasından çap olunmuş əsərini müsabiqəyə təqdim edən yazarlar da var.

Müsabiqəyə təqdim edilən əsərləri oxuyub 20-liyi müəyyən etmək üçün 6 ekspertə təxminən 1 ay vaxt verilib.

Qan Turalı etiraf edir ki, hər bir ekspertin fevralın ortalarına qədər 102 əsərin hamısını oxuması mümkün deyil.

Onun verdiyi məlumata görə, 102 əsər 6 ekspert arasında bölünüb.

Hər bir ekspertə 15-20 arası əsər düşüb.

“Hər bir ekspertin 1 aya 15-20 əsər oxuması mümkündürmü” sualının cavabında Qan Turalı bildirib ki, bu tamamilə mümkün işdir:

“Bizə lap böyük - 400-500 səhifəlik romanlar təqdim edilməyib.

Əsərlərin çoxu orta və nisbətən kiçik həcmlidir.

Müsabiqənin şərtlərinə görə, təqdim olunan əsər 40 min işarədən az olmamalıdır.

Ona görə də ekspertlər işinin öhdəsindən gələcək. Məsələn, mən artıq payıma düşən 2 əsəri oxumuşam.

Hər bir ekspert başqasının payına düşən əsərləri də oxuya, başqa ekspertlərin oxuduqları əsərlər barədə verdikləri rəylərlə tanış ola bilər”.

Qan Turalı deyir ki, bu il müsabiqədə yenilik edilib və hər bir ekspert oxuduğu əsər barədə yazılı rəy verməli, əsəri niyə bəyəndiyini, yaxud məqbul saymadığını əsaslandırmalıdır”.

MKM-in ekspertlər şurasında bu şəxslər yer alır: Elnarə Tofiqqızı - tənqidçi, filoloq; Mahir Qarayev - şair, tərcüməçi; Tehran Əlişanoğlu - tənqidçi, filologiya elmləri doktoru; Yaşar - yazıçı, tərçüməçı; Qan Turalı - köşə yazarı; Zahir Əzəmət - yazar.

Şərhləri göstər

XS
SM
MD
LG