Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:36

Elçin Behbudov Elvin Əsgərovun ölümü ilə bağlı iki görüş keçirib


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Çevik Polis Alayının rəisi Səhlab Bağırov və Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin rəisi Lətif Cahangirovla görüşüb. Görüş yanvarın 12-dən 13-nə keçən gecə polis əməkdaşları tərəfindən döyülərək öldürüldüyü bildirilən Elvin Əsgərovla bağlı olub.

Elçin Behbudov AzadlıqRadiosuna deyib ki, rəsmilər ona Elvin Əsgərovun polislərə xəsarət yetirdiyini bildiriblər:

“Səhlab Bağırov mənə dedi ki, həmin gün 8 nəfər restoranda yeyib-içdikdən sonra sərxoş vəziyyətdə küçədə dava salıblar. Ərazidə olan polis əməkdaşları onlara yaxınlaşaraq, bölməyə aparmağa çalışıblar. Ancaq Elvin Əsgərov bıçaqla polis əməkdaşlarına xəsarət yetirib. Polislər əlavə kömək çağırıblar. Davanın iştirakçılarından bəziləri hadisə yerindən qaça bilsələr də, polislər üç nəfəri bölməyə gətirə biliblər. Polislər Elvini tutanda o yıxılıb. Onun bıçaqladığı polis əməkdaşları isə nazirliyin xəstəxanasında müalicə olunurlar”.

Elçin Behbudov Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinin rəisi Lətif Cahangirovla da görüşüb: “Mənə dedilər ki, Elvin Əsgərov bölməyə gətiriləndə ağzından və burnundan qan axırdı. Vəziyyətinin yaxşı olmadığını görəndə bölməyə təcili yardım çağırıblar. O 3 saylı xəstəxanada kəllə-beyin travmasından ölüb”.

Elvin Əsgərovun ailəsindən bildiriblər ki, polislər ona işgəncə verib öldürüblər.

Elçin Behbudov baş verənlərlə bağlı araşdırmaların davam etdiyini, hadisənin digər şahidləri ilə görüşəcəyini də bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG