Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:02

"Onlar savaşmaq üçün hazırdırlar, ancaq barış mədəniyyətləri yoxdur”


Azad Yazarlar Ocağının üzvü, şair Rasim Qaraca ilə müsahibə


1. AYO üzvlərinin bir neçəsi, o cümlədən də siz Gündəlik Azərbaycan qəzetində çalışmısınız. İndi isə siz Eynulla Fətullayevlə bağlı bəyanat verməməkdə ittiham edilirsiniz....

- Doğru deyil, mən Gündəlik Azərbaycan qəzetində çalışmamışam, yəni elə təsəvvür yarana bilər ki, mən bu qəzetdə maaşlı olaraq işləmişəm, belə deyil. Yalnız həftədə 2 dəfə bu qəzetə köşə yazısı yazmışam, məni bu qəzetdə yazmağa Şahvələd Çobanoğlu dəvət edib. Eynulla ilə şəxsi tanışlığım olmayıb, sadəcə bir dəfə redaksiyada qarşılaşmışıq. Eynullanı müdafiə etmək baxımından mənəvi bir məsuliyyətimi dərk edirəm, ancaq bu məsuliyyət onun rəhbəri olduğu qəzetdə nə zamansa yazdığıma görə ola bilməz. Buna görə məni qınamaq absurddur. Xatırladım ki, mən artıq 3-cü ildir AYO-nun rəhbərliyindən könüllü olaraq uzaqlaşmışam. AYO nə üçün bəyanat verməyib və məni ittiham edənlər və bunu mətbuata çıxaranlar nə üçün Enullanın həbsdə olduğu dövrdəki AYO rəhbərləri qarşısında bu məsələni qaldırmayıblar və mətbuata da çıxarmayıblar, bunu onlardan soruşun. Eynullanı müdafiə etmək baxımından mənim hər hansı bir tərəddüdüm yoxdur, ona olan sayqım da sonsuzdur. Ancaq bu müdafiə məsələsi də şüarçılıqla, kampaniya xatirinə olmamalıdır, bir təsir gücü olmalıdır.

2. Abzas.net saytında sizi narahat edən nədir?

- Abzas.net-in yaranma məqsədləri haqqında fikirlərimi yazmışam. Özlərinin də dediyi kimi, bu “supermarket tipli internet qəzetidir”, reallığı əks elətdirmək deyil, reytinq qazanmaq onu yaradanların əsas qayəsidir, dolayısıyla, mənim tənqid etdiyim şüarçılıq, hay-küyçülük saytın aparıcı özəlliyidir. Mənim Abzas.net-dən guya narahat olduğumu manşetə çıxarmaqla da nə qədərsə reytinq qazanacaqlar. Ancaq önəmli olan bunlar deyil. Bildiyiniz kimi, Abzas.net-in yaranmasıyla AYO-nun xəbər saytı olan Adyazar.az saytı bağlanmaq məcburiyyətində qaldı. Əsası olmayan, xəyali ittihamlarla Adyazar-ın redaktorları, xəbər vermədən, və buna qədər heç bir narazılıq olmadığı halda, saytdakı fəaliyyətlərini dayandıraraq yeni bir sayt – Abzas.net-i yaratdılar, mən bunu AYO-ya qarşı bir hərəkət kimi qiymətləndirirəm, çünki nəticə olaraq təşkilati maraqlar bundan zərər görürdü. Guya mən “boz kardinalam”, “xaç atasıyam”, guya gəncləri müstəqil olmağa qoymuram. Gənclər bir təşkilatdan ayrılıb başqa bir təşkilat yarada bilərlər, mən buna normal baxıram, ancaq ayrıldığın təşkilata da bir təpik vuraraq deyil.

3. Deyilənə görə, QHT Yardım Şurasından bir neçə qrant lahiyəsi almısınız. Sizcə, bu, normal haldırmı?

- Bir neçə dəfə? Heç yarım dəfə də deyil. QHT Yardım Şurasının məlumatları şəffafdır, saytlarında əks olunub, oradan da görə biləcəyiniz kimi, nə AYO, nə də Alatoran jurnalı təşkilat olaraq Şuradan heç bir qrant almayıb, məlumdur ki, Şura yalnız qeydiyyatdan keçmiş QHT-lərə qrant verir, AYO isə qeydiyyatdan keçməyib. Yalnız mən “Yaradıcı Ziyalılar” İcctimai Birliyinin layihəsində maaşlı olaraq iştirak etmişəm, yeni bir ədəbiyyat saytının yaradılması mənə həvalə edilib və bu sayt artıq yayınlanmaqdadır.

4. Uzun müddət yazmırsınız və qrant lahiyələri ilə məşğulsunuz. Gənc yazarlar deyir ki, siz qrant aldığınıza görə susursunuz....

-Son dəfə Almaniyanın Goethe İnstitundan Stefan Sveyqin bir kitabı üçün qrant almışam. Lakin həmin instutut mənim qarşımda susmaq kimi bir tələb qoymayıb. Yazmağa gəldikdə isə, keçən il “Əyri evin qadını” adlı hekayələr kitabım çapdan çıxıb. 1 ay sonra da yeni şeirlər kitabım şıxacaq. Bir yazıçının ildə bir kitabının çıxması normaldır məncə. Yenə də şüarçılıqla yanaşmayaq məsələyə. Yazının səviyyəsi önəmlidir, sayı deyil. Mənim bir yazım baxın necə rezonansa səbəb olub. Onların 1 ildə yazdıqları bu qədər reaksiya doğurmur.

5. “Bir çox hallarda jurnalistika ədəbiyyatdakı uğursuzluğu gizlətmə vasitəsidir”- Bu, sizin fikirlərinizdir. Köşə yazarlarına qarşı bu qədər qısqanclığınız nədəndir? Onlar kimi radikal ola bilmirsiniz, səbəb budurmu?

- Mən “hər zaman” demirəm, “bir çox hallarda” deyirəm. Və həmin yazımda (“Azərbaycanlı Perkinsin axtarışında” – Azadlıq radiosunun saytı - R.Q.) namuslu köşə yazarlarını istisna edirəm. Siz deyin, köşə yazarlığını alver vasitəsinə çevirənlər yoxdurmu? Bax onları nəzərdə tuturam. Bu cür köşə yazarlarımız var, qəhrəman kimi görünməkdən ötrü, radikalllıq xatirinə radikallıq edirlər. Guya radikallıq jurnalistikanın başlıca şərtidir. Deyil. Jurnalistikanın başlıca şərti savad və peşəkarlıqdır. Savaddan məhrum, iddialı və qəzəbli, həm də ədəbiyyata iddialı bir qrup köşə yazarı. Üstəlik, balaca bir mafiya yaradıblar, onlar haqqında tənqidi fakir səsləndirənlərin üzərinə qarğa-quzğun kimi tökülüşürlər. Həmin o abzas.net saytında Elnur Astanbəylinin mənim haqqımda bir yazısı vardı, mən cavab olaraq yazıya aşağıdakı kommenti qoydum: “Elnur bəy, mən öz yazımda namuslu köşə yazarlarını istisna etmişdim. Ancaq görünür fərqində olmadan sənin portret cizgilərin orada əks olunub. Mən polemikaya açığam, buyur davam edəlim. Əminəm ki, polemikaya hazır deyilsən, çünki bu bir mədəniyyetdir, o da sənin kimilərdə defisitdir. Razılaş ki, köşə yazarları toxunulmaz deyil, və onların da arasında mən yazdığım tiplərdən var... Elə deyilmi? Cavabını gözləyirəm”. Ancaq bir gün sonra şərhim silinmiş və mənim sayta şərh yazmağım yasaqlanmışdı.
Elnur Astanbəyli
Dediyim kimi bu insanların dialoq mədəniyyəti yoxdur. Hay-küy, şərləmək, olmayan şeyləri yazmaq onların peşəsidir. Peşəkar jurnalistikadan xəbərləri yoxdur. Savaşmaq üçün hazırdırlar, ancaq barış mədəniyyətləri yoxdur. Deyin, fanatic islamçılardan bunların nə fərqi var? Guya Eynullanın təəsübünü çəkirlər, barı onun jurnalist peşəkarlığından öyrənsinlər. Məni Şuradan almadığım qranta görə ittiham edirlər, o zaman bu iqtidarın avtobusuna minməsinlər, metrodan istifadə etməsinlər, çünki oranın rəisi Tağı Əhmədovdur… Ən acınacaqlısı, bu tip insanlara siyasi müxalifətin ehtiyacı var.

6. Nə səbəbdən AYO üzvləri MKM-nın müsabiqəsində iştirak etməməlidir?

-AYO ölkədə 2-ci nüfuzlu ədəbiyyat təşkilatıdır. Əgər MKM təşkilatçıları qərəzli deyilsə, AYO-na münsiflər heyətində bərabər payda təmsil olunmaq imkanı versin. Bu zaman biz mükafatın ədalətli veriləcəyinə təminat əldə edərik. Əks halda ədəbi prosesin aparıcı gücləri AYO-da olduğu halda, biz oyuna gətirilməyi istəmirik. Gələcəkdə bu hal təmin olunarsa AYO-çuların MKM-də iştirak etməsində heç bir problem olmayacaq.

7. Hamıya məlumdir ki, “Ən Yeni Ədəbiyyat” brendi altında Şahbaz Xuduoğu bir neçə kitab çap etdirib. O cümlədən sizin kitabınız da bu brend altında çap edilib. Bəs bu adla Şahbaz bəyin xəbəri olmadan sayt açmağınızı necə qiymətləndirmək olar? Bu, açıq bir plagiat deyilmi?

-Yeni nəsil yazarların seriya kitablarının dərc olunması ideyasını, kitabları çap olunacaq yazarların ilk listəsini Şahbaza mən vermişəm, dolayısıyla bu bizim ortaq layihəmiz olub. Ənyeniedebiyyat.com sitesi də bu layihəyə dəstək üçün nəzərdə tutulmuşdu. Daha sonra Şahbaz Xuduğlu bu layihəni öz adına çıxmağa başladı. Lakin bunda qorxulu bir şey görmürəm, qazanan yenə ədəbiyyat olacaq deyə düşünürəm.

www.adyazar.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG