Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:15

Məcburi köçkünlərin aksiyası dağıdıldı


Yanvarın 15-də Bakı-Sumqayıt yolunu bağlayan aksiya iştirakçılarından saxlananlar olub.

Bunu iştirakçılardan Namiq Balayev AzadlıqRadiosuna deyib.

Aksiya Binəqədi rayonu ərazisində Bakı-Sumqayıt yolu boyunca tikilmiş qanunsuz evlərin sökülməsinə etiraz olaraq keçirilib. Polis aksiyanı dağıdıb, yolun hərəkəti hazırda bərpa edilib.

N. Balayev deyir ki, POLİS AKSİYAÇILARA ZOR TƏTBİQ EDİB:

«Polisi tökdülər. Bilmirəm camaatın içinə kimi salmışdılar, 3-4 öyrədilmiş adam daş atdı. Daş atandan sonra başladılar arvad-uşaq, böyük-kiçik qoymadan qabaqlarına keçəni dubinkaladılar, maşınların baqajlarına basdılar. Heç bilmirik neçə nəfəri aparıblar. Qaçan-qaçdı, aparılan-aparıldı. Hərə bir tərəfdədir».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə bildirib ki, Kəlbəcər və Ağdam rayonundan olan köçkünlər yolu bağlamağa cəhd ediblər.

Bu cəhdin qarşısı Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən alınıb və nəqliyyatın hərəkəti bərpa olunub:

«Aksiya iştirakçılarından 4 nəfər saxlanılıb, araşdırma gedir. Araşdırmaya uyğun bərələrində tədbir görüləcək».

Artıq bir müddətdir Bakı Beynəlxalq Avtovağzalının yaxınlığındakı qanunsuz tikililər sökülür. Əsasən məcburi köçkün ailələrinin məskunlaşdığı ərazidə 70-dən çox ev var. Onlar evlərindən köçmək istəmir və vaqon evlərə köçürülmələrinə etiraz edirlər:

- «Evlərimizi sökürlər, qoyublar küçədə. Bir məmur çıxmır. Gedirik yuxarı instansiyalara, deyir get otur, heç kim çıxara bilməz. Ordu, hərbçiləri tökürlər, gecə ilə tullayırlar küçəyə, verirlər traktorun qabağına».

- «Azərbaycanın özündə azərbaycanlılara yer yoxdur».

- «Təzə söküləndə hamısı dedi ki, bizlikdir, təmir edəcəyik. Hər şey yaxşı olacaq. İndi HEÇ BİRİ YAXIN DURMUR.

- «Pul verib, ev tikmişəm. Torpağı bizə pulla satdılar. Yaşıllaşdırmaya, kənd sovetinə, bələdiyyəyə, icra hakimiyyətinə pul vermişəm. İndi deyirlər ki, çıxın. Hara gedim mən, hara? Mənim bir yolum qalıb - bu dövlət mənə baxmasa, xarici dövlətdən yaşayış istəyəcəyəm. Mənim hüquqlarım tapdanır. Hara gedim, dərdimi kimə deyim?».

- «Evimi xaraba qoyublar, heç olmasa, kömək ver evimin ayın-oyununu çıxarım. Pul istəyirlər «Kamaz» gətirməyə. Gəlin, baxın, qaldığımız vaqonlar suyun içindədir. Gecə yata bilmirik soyuqdan, hələ şaxta yoxdur, şaxta olanda qırılacağıq».

Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildirirlər ki, köçkünlər vaqonlarda müvəqqəti yaşayacaqlar. Sakinlər üçün dövlət müasir standartlara uyğun mənzillər tikir.

Ərazidə evlərin sökülməsinə səbəb isə inşa olunacaq «Avtovağzal» metrostansiyasının həmin yerdən keçməsidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG