Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:22
Azərbaycan Akademik Milli Dram Teatrda işə qəbulla bağlı nəzərdə tutulan müsabiqə keçirilməyəcək.

APA-nın məlumatına görə, bu barədə mətbuat konfransında jurnalistlərə teatrın direktoru İsrafil İsrafilov məlumat verib.

Onun sözlərinə görə, bu barədə müvafiq qərar dünən qəbul olunub: “Mən bu kollektivlə işləməmişəm, ona görə də insafsızlıq və haqsızlıq etmək istəmədim. Kollektiv üzvlərinin potensialını bilmirəm.

Qərarımı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə də bildirdim o da fikrimi müsbət qarşıladı”.

İsrafil İsrafilov yanvarın 17-dən 28-dək Azərbaycan Akademik Milli Dram Teatrının bütün kollektivi və texniki heyəti ilə yenidən müqavilə imzalanacağını bildirib:

“Kollektiv üzvləri ilə bir teatr mövsümü üçün müqavilə imzalayacağıq. Mövsüm başa çatdıqdan sonra onların işini dəyərləndirib yenidən müqavilə bağlayacağıq.

Müqavilə əsasında mövsüm ərzində teatrın repertuarına daxil edilən tamaşalarda bütün aktyorlar rol alacaqlar.

Onlara əməkhaqqı isə qonorar sistemi ilə ödəniləcək. Kollektivdə dəyişiklik yoxdur, əksinə, heyət yeni aktyorlar hesabına gücləndiriləcək.

Fuad Poladov, Fəxrəddin Manafov, Mehriban Zəki və daha 4 aktyor da Akademik Milli Dram Teatrında səhnələşdiriləcək tamaşalarda rol alacaqlar”.

İ.İsrafilov tədbirdə başqa bir sıra məsələyə də münasibət bildirib:

“Akademik Milli Dram Teatrında elə aktrisa var ki, 6 il ərzində bir kitab belə oxumayıb.

Aktrisalardan birinə oxuması üçün pyes verdim. Sonra mənə əsərlə bağlı qeydlərini də gətirdi.

Əvvəl buna sevindim. Amma sonra bildim ki, həmin pyesi başqasına oxutdurub və onun qeydlərini mənə təqdim edib.

Aktyorların çoxu ancaq rol aldıqları pyesləri oxuyublar. O əsərlərdən başqa heç birinə də oxumayıblar”.

Çıxışı zamanı teatrın problemlərinə toxunan direktor teatrda düzgün rejissura, dramaturgiya siyasətinin yürüdülmədiyini bildirib: “Ancaq teatrda yeni qanunların həyata keçirilməsi lazımdır.

Kimsə ortabab belə olmayan pyesini götürüb gəlir Dram Teatrına ki, onun əsəri ana səhnədə qoyulsun.

Mən bir az dözürəm, o müəllifləri inandırmağa çalışıram ki, bu əsər Dram Teatrında qoyula bilməz. Hələ dözürəm. Ancaq görsəm ki, vəziyyət başqa cürdür, o zaman həmin əsərləri mətbuata verəcəyəm.

Necə ola bilər ki, sən primitiv düşüncəni camaata sırımaq istəyirsən?!

Rejissorluğa gəlincə, hər kəsə tamaşa vermək olmaz. Ali diplomu və ya savadı olanı hər rejissoru Akademik Milli Dram Teatrının səhnəsinə buraxmaq doğru deyil.

Çox nüfuzlu adamlar zəif əsələr yazıblar və müxtəlif yollarla onu teatra sırıyıblar. Bunları demək məcburiyyətindəyəm.

Yaradıcılıq səviyyəsinin aşağı düşməsinə birinci səbəb zəif dramaturgiya - mövzuca aktual, amma bədii-ədəbi keyfiyyətlərinə görə naqis, zəif əsərlər, ikinci səbəb rejissorluğun dilsizliyi olub. Rejissorun səhnə, üslub dili olmalıdır.

Rejissorun müəyyən bir dünyanı, insanları, cəmiyyəti anlayan qiymətləndirən, bilavasitə bədii realizə işində onu müasirləşdirən istedad keyfiyyətləri var ki, bu mənada bizim rejissura əksər hallarda uduzur”.

APA, Lent.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG