Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30
Hikmət Sabiroğlu


Əzizim Şahvələd Çobanoğlu!


Yanvarın 13-də “Azadlıq” radiosunun jurnalistlər Azər Qaraçənli və Elnur Astanbəyli arasında təşkil elədiyi polemikaya telefonla səni də qoşdular.

O polemikada Azərin “Azadlıq nitqləri” kitabı haqqında dediyin haqsız sözlərin məsuliyyətini vicdanının öhdəsinə buraxıram.

Ən azı ona görə ki, özün etiraf etdin: “Çox təəssüf ki, mən kitabı bütünlüklə oxumamışam”.

“Azadlıq nitqləri” kitabını bütünlüklə oxumamısan. Təəssüfünlə razıyam. Zaman keçər, tam oxuyarsan.

Bir az da zaman keçər, oxuduqlarını yenidən dəyərləndirərsən və yanvarın 13-də dediklərinə peşman olarsan: “Bilirsiniz ki, bu kitab ilk olaraq hissə-hissə internetdə yayılırdı.

O vaxt mən ilk məqaləni, daha sonra bir neçə məqaləni oxudum. Və sonra hiss elədim ki, mücərrəd, müəllifin özü üçün də aydın olmayan bir silsilə davam edir.

Ona görə də o tənqidimdən (“Azadlıq nitqləri” kitabındakı ilk esseni tənqid edən, “Azadlıq” qəzetində çap etdirdiyin “Ehtiyatlanmaq azadlığı” yazını nəzərdə tutursan yəqin - H.S.) uzağa getmədim.

Bu kitab mahiyyətcə azadlıq nitqləri deyil. Ona görə təbliğ olunsa da, oxunmur, kitab uğur qazana bilmir və qazana da bilməz”.

Tam oxumadığın kitab haqqında belə qəti hökm verirsən. Nə etmək olar, bu da bir yanaşmadır.

Amma həmin gün dediyin bir sözün üstündən keçmək olmaz. Yadına salıram: “Mən bu kitabı (“Azadlıq nitqləri”ni - H.S.) ona görə ehtiyatlanmaq azadlığı adlandırıram ki, kitabın ümumi fəlsəfəsi “hökumətlə hökumətlik etməmək lazımdır” məzmunu daşıyır.

Və bu kitabın ümumi məzmununu mənim üçün tamamladı Azər bəyin son vaxtlar oxuduğum bir yazısı - “Elmar, sənə yas saxlayıram” adlı yazısı.

Ümumiyyətlə, mən təşəkkür eləyirəm onun Elmara (2005-ci ildə qətlə yetirlmiş jurnalist Elmar Hüseynova - H.S.) olan diqqətinə görə.

Vaxtaşırı Elmarla bağlı yazılar yazır. Bunun özü bir xatırlatmadır. Amma o yazının özündən doğan bir şey var. Elmara yas saxlayırsan, amma Elmar kimi yazmırsan”.

Elmar Hüseynovu bir meyar kimi göstərirsən. Düz də eləyirsən. Bilirəm, meyar saydığın başqa jurnalistlər də var. Onlardan yalnız birinin - məhbus Eynulla Fətullayevin adını çəkmək istəyirəm.

“Elmar kimi yazmırsan”. Sən bu sözü Eynulla Fətullayevin həbsdən hədiyyə göndərdiyi saytın baş redaktoruna deyirsən. 2009-cu ilin sentyabrında Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü münasibətilə “Media forum” saytına göndərilən hədiyyəni məhbus jurnalistin atası Emin Fətullayevlə sən gətirib təqdim eləmisən.

Rəmzi kitab formasında hazırlanmış hədiyyədə Eynulla Fətullayevin yazdığı ürək sözlərini yadına salıram: “Virtual Azad media məkanının qorunmasında “Media forum”un səyləri çox qiymətlidir.

Sizin simanızda azad virtual məkan məhbəsdə olan cəmiyyətin son oksigen yatağıdır. Biz də, həbsdə olanlar Sizinlə nəfəs alırıq”.

Başqa bir məqam. Hesabladım - yanvarın 13-ü Eynullanın həbsinin 1364-cü günü idi.

Şahvələd Çobanoğlu
Bu 1364 gün ərzində “Media forum” saytında Eynulladan bəhs edən düz 867 yazı gedib. Eynulla həbs olunan gündən - 2007-ci il aprelin 20-dən “Azadlıq”dakı polemikaya - 2010-cu il yanvarın 13-dək olan 1364 gündən şənbə-bazar və bayram günlərini (təqribən 430-440 günü) çıxaq. Təqribən 930 gün qalır. Bu nə deməkdir? O deməkdir ki, 930 iş gününün 867-də “Media forum”da Eynulla Fətullayev haqda yazı gedib. Orta hesabla hər günə 0,9 yazı. Mən demirəm nə yazı. Nə yazılar olduğunu sən bilirsən. Bilmədiklərini Eynulla Fətullayevin atası Emin Fətullayevdən soruşa bilərsən.

Necə bilirsən, Azərbaycan hakimiyyətinin az qala 1 nömrəli düşmən elan elədiyi adam haqda günə 1 yazı dərc edən saytın baş redaktoruna sən “Elmar kimi yazmırsan” demək olarmı?

O baş redaktora ki, o və onun başçılıq etdiyi saytda olan hər kəs Eynulla haqqında gedən bu qədər materialın birinə görə də bir adama minnət qoymayıb, qoymur, bunu yalnız öz borcu sayır.

Dəfələrlə “Media forum”un redaksiyasında Emin Fətullayevin təşəkkürünə Azər də daxil olmaqla hamının bir cavabı olub: “Borcumuzdur. Heç bir təşəkkürə ehtiyac yoxdur”.

“Elmar kimi yazmırsan”. Sən bunu Azərbaycan mətbuatına “Diktatura” adlı silsilə yazısıyla gələn (1993-cü ilin payızında), beləliklə, hələ mahiyyətini çoxlarının dərk eləmədiyi bir rejimin əsl adını elan edən, onu elmi cəhətdən əsaslandıran və bu günəcən ondan qurtulmağın yollarını axtaran, dərin təfəkkürü, aydın düşüncəsi, oyaq vicdanı və nümunəvi mənəviyyatı olan bir təhlilçiyə deyirsən.

“Elmar kimi yazmırsan”. Sən bunu 1994-2000-ci illərdə “Oğurluq incə sənətdir” adlı silsilə araşdırma yazılarının müəllifinə deyirsən.

Xatırla, 1993-cü ilin yayında Bakıdakı İncəsənət Muzeyindən milyonlarla dollar qiyməti olan sənət əsərlərinin oğurlanmasından bəhs edən, illər uzunu aparılan həmin araşdırmaları xatırla.

Müəllifi olduğun “Azadlıq” qəzetinin arxivinə baş vur, oxu o yazıların “Azadlıq”da getmiş hissələrini və yanvarın 13-də dediyin sözlərlə tutuşdur: “Elmar kimi yazmırsan”.

“Elmar kimi yazmırsan”. Sən bu sözləri “Azadlıq”, “Yeni Müsavat”, “Avropa” kimi qəzetlərdə hakim rejimin mahiyyətini ortalığa qoyan onlarla yazının müəllifi haqqında deyirsən.

Təkcə “Avropa”nı götürək, xatırlayarsan bu qəzeti. Vaxt təyin elə, o qəzetin cəmi 126 nömrədən ibarət arxivini sənə çatdırım.

Vərəqlə. Mən demirəm “Avropa”nı başdan-ayağa oxu. Yadına düşsün yaradıcılarından və rəhbərlərindən biri də Azər Qaraçənli olmuş “Avropa” nədən, kimdən, necə yazıb.

Eləcə Azərin yazılarını oxu. Gör qanını qaşığa qoyub nədən, kimdən, necə yazıb.

Heç kimi təhqir eləmədən, aşağılamadan necə sərtliklə - Elmar kimi yox, Elmardan sərt! - yazıb.

“Elmar kimi yazmırsan”. “Elmar kimi yazmayan” oğlanın “Media forum”da getmiş saysız-hesabsız yazılarından cəmi birindən, iki ay yarım qabaq yazdığından sitat gətirəcəm.

Bu sitatı oxu və “Elmar kimi yazmırsan” hökmünlə tutuşdur: “Sizin nə ixtiyarınız çatır ki, təkcə elə ən son tarixi götürsək, iyirmi min insanın, tarixi keçmişdən gələndəsə yüz minlərlə azərbaycanlının şəhidliyi hesabına qurulmuş bu dövləti kimlərinsə yataq otağını güdən bir dövlətə çevirirsiniz?! Sizin buna nə ixtiyarınız var?!

Azər Qaraçənli
Sizin nə ixtiyarınız çatır ki, verdiyimiz vergilər bir yana, itirdiyimiz kişilər bir yana, itirdiyimiz torpaq bir yana, qızlarımızın əsir düşməyi, bəli-bəli, qızlarımızın əsir düşməyi bahasına başa gəlmiş bu dövləti - qızları lüt çəkib nümayiş elətdirən dövlətə çevirirsiniz?! Axı siz kimsiniz! Bircə dəfə bizim Şəhidlər xiyabanında olmusunuzmu?

Olmusuzsa, onda nə fikirləşirsiz, o adamlar canlarını ona görə fəda eləyiblər ki, yerdə qalanlar öz millətinin qızlarını televiziyada lüt nümayiş elətdirməklə öz vətəndaşından qisas alan dövlətdə yaşasınlar?!

Hamı bilir söhbət nədən gedir. Mən neçə gündü internetdə, televiziyada nümayiş olunan, bir jurnalistdən və o jurnalistin aid olduğu qrupdan şəxsi-siyasi qisas almaq məqsədilə yataq otağında o jurnalistlə birgə gizlicə lentə alınan və lüt-üryan aləmə göstərilən qızdan danışıram.

Mən dövlətin gücü qarşısında lüt qalmış qızdan danışıram. Mənim bu yazımın ayrı mövzusu yoxdu.

Bəli, dövlətin insanı lüt çəkmək imkanı var, buna nail olmaqdan ötrü onun əlində hər cür vasitə var.

Dövlətin əldə elədiyi materialı bütün ölkənin görə biləcəyi tribunayla yaymaq imkanı var; kimsə bunu özbaşına eləsə uzağa gedə bilməz, böyük tribuna qazana bilməz, yaxalanar, cəzalanar (dövlətin gücü hesabına), işi yarımçıq qalar, materialı əlindən çıxar.

Belə işlər dövlətsiz ya həyata keçə bilməz, ya da yarıda qalar, dövlətlə həyata keçiriləndəsə insanın onun qarşısında duruş gətirməyə gücü yoxdu, hər halda bizim ölkəmizdə dövlət hakimiyyəti bu qədər güclüdü, başqa ölkəni demirəm...

Mən bilmirəm bizim dövlətin verdiyi bu işgəncələr nə vaxtacan davam eləyəcək, bircə onu bilirəm ki, mənəvi dayağını itirən hər bir şey məhvə məhkumdu və bu dövlət işgəncədən başqa bir şeyə yaramasa, onda bir gün Tanrı o bayrağı o qızların üstünü örtməyə endirəcək”
(“Dövlət qarşısında lüt qız”, 1 noyabr 2010-cu il).

Əzizim Şahvələd Çobanoğlu!

Sən bilirsənmi ki, Azərin Elmarla heç bir şəxsi tanışlığı, dostluğu olmayıb? Azər deyir ki, Elmarla ya iki, ya da üç dəfə təsadüfən rastlaşıb.

Cəmisi birində əl-ələ tutub görüşüblər. Qalanındasa bir-birilərinin yanından ötüb keçiblər, çünki şəxsi tanışlıqları olmayıb.

Azərin Elmara saxladığı yas şəxsi yas deyil (axı onların şəxsi tanışlığı olmayıb!), bu, ictimai, əxlaqi yasdır!

Əzizim Şahvələd Çobanoğlu! “Elmar kimi yazmırsan” dediyin Azər Qaraçənli bu şəhərin küçələrində elə Elmar kimi dolaşır. Sağında-solunda qatillər.

“Elmar kimi yazmırsan”. Sən bu sözü “Biz qətllər ölkəsindəyik” yazan müəllif haqqında deyirsən.

Sən “Elmar kimi yazmırsan” sözünü Elmarı hamıdan çox yada salan, Elmardan ən çox yazan xəbər saytının baş redaktoruna deyirsən.

“Elmar kimi yazmırsan”. Sən bu sözü Azər Qaraçənliyə necə deyə bilirsən axı!

Əzizim Şahvələd Çobanoğlu!

Bir-birimizi çoxdan tanıyırıq. Şəxsiyyətinə, yazılarına dəyər verdiyimi də bilirsən. Düşünürəm ki, ərkim çatırdı bu qeydləri nəzərinə çatdırım.

Şərhləri göstər

XS
SM
MD
LG