Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:01
Aqşin Yenisey
Azad Yazarlar Ocağının rəhbəri


Son zamanlar mətbuat səhifələrində və ədəbi saytlarda AYO üzvlərinin müxtəlif məsələlərlə bağlı bir-biriylə fikir dartışmalarının yer alması AYO sevərlər və sevməyənlər arasında belə bir rəy yaradıb ki, Heyif! Və yaxud Aha! – bu ədəbi təşkilat parçalanır.

Birincisi, bu “parçalanma” sözündən qorxanlar və bu sözü eşidəndə papağını göyə tullayıb şadlananlar üçün demək istəyirəm ki, qorxmaq və çırtıq çalıb oynamaq lazım deyil.

Bu gün Azərbaycan cəmiyyətinin bütün sahələrində parçalanma prosesi başlayıb ki, bu da əsası iyirmi il əvvəl qoyulmuş və bacardığı işi görüb artıq tarixin arxivinə göz dikmiş “birləşmək” ideyasının zəruri süqutudur.

Azərbaycanlılar iyirmi il ərzində birləşib nə iş görə bilərdilərsə bunu ediblər. Birləşmək ideyasının artıq nə siyasi, nə mənəvi, nə də ictimai gücü və əhəmiyyəti qalıb.

Hətta ailələr belə, indiyə qədər görünməmiş vüsətli bir gəlhagəllə ayrılır, parçalanır.

Bu faciə yox, cəmiyyətin inkişafında növbəti bir mərhələdir. Süni şəkildə bu prosesin qarşısını almaq yox, - bunu heç vaxt heç bir xalq bacarmayıb – çalışmaq lazımdır ki, insanlarımız bu prosesdən daha az itkilərlə çıxsınlar.

Gələk AYO-dakı “parçalanmaya”. AYO-nun fəaliyyətini izləyənlər yaxşı bilir ki, bu təşkilatın üzvləri arasında həmişə fikir ayrılığı olub və elə buradakı yazarları birləşdirən də başqa ədəbi, siyasi təşkilatlarda olmayan fikir ayrılıqlarıdır.

AYO xor oxumaq üçün bir yerə yığışmış ortababların dərnəyi deyil.

Yadınızdadırsa müstəqillik dövrünün ilk illərində Yazıçılar Birliyi ilə gənc yazıçı və şairlərin münasibətlər korlanmağa başlayandan sonra o vaxtın gəncləri üç yol seçdilər; bəziləri hər hansı təşkilatda təmsil olunmaqdan imtina edib özlərinə çəkildilər, bəziləri bir yerə yığışıb özləri hansısa yeni təşkilat yaratdılar, axrıncı bəziləri isə köhnə sovet yazıçıları ilə bir yerdə qalmağa üstünlük verdilər.

AYO yeni yaranan belə təşkilatlardan biri idi və yarandığı zamandan çox keçməmiş, belə deyək, iki klassik AYO-çu arasında gizli fikir ayrılığı başladı. Rasim Qaraca və Murad Köhnəqala arasında.

Könhəqala AYO sıralarına gənc yazarların cəlb olunmasındakı xidmətlərinə görə AYO-da daha çox iş gördüyünü düşünür və bu təşkilatın daha çox onun adıyla hallanmasını istəyirdi.

Qarşı tərəfdə isə Rasim Qaracanın təşkilat üçün gördüyü işlərin uğuru dayanırdı: müxtəlif qəzetlərdə AYO-nun ədəbiyyat səhifələrinin çap olunması, “Alatoran” jurnalının nəşri, qonşu ölkə yazarları ilə əlaqələrin qurulması, xüsusilə güneyli yazarlarla və digər inzibati işlər.

Təşkilatın sıralarına yeni qoşulmuş gənclər isə nə Köhnəqalanın, nə də Qaracanın fəaliyyətini tərəziyə qoymaq fikrində olmadılar və Murad Köhnəqala AYO-dan getdiyini açıqladı.

Ancaq bu gediş əsəbi küskünlükdən savayı bir şey olmadı. Köhnəqala bu gün də AYO üzvü olanlardan daha çox AYO üzvüdür.

Sonra Şərif Ağayar gəldi və getdi. Sonra daha kimlərsə gəldi getdi.

Ancaq bütün bunlar AYO üzvləri arasında yazıçı, şair tayfasına xas olan adi emosional inciklikdən, müvəqqəti küskünlükdən başqa bir şey deyildi.

AYO-dakı bu cür adi fikir ayrılıqları həmişə böyük fikir həmrəyliyindən doğub və yəqin bundan sonrada belə olacaq.

Bu məsələdə cavan şair və yazıçılarımızın ailə-məişət problemlərini də unutmaq olmaz. Şərif Ağayarın təşkilatı tərk etməsinin sadə bir səbəbi vardı: adi insani dolanışıq.

Heç kimin haqqı yoxdur ki, YOL uğrunda kimisə dolanışıq sınağına çəksin.

Kim dözə bilirsə, EŞQ OLSUN!, kim də balasını ədəbiyyatdan çox sevirsə Allah köməyi olsun.

Necə ki, İmam Hüseyn gedənlərin utanmaması üçün gecə çıraqları söndürməyi əmr etmişdi. Tarixin elə anları olur ki, doğrudan da, çıraqların yandırılmasındansa söndürülməsi işığın, həqiqətin qorunmasına, əbədiliyinə daha çox xeyir verir.

AYO-da bu günkü fikir ayrılıqları da yalnız ədəbiyyatımızın xeyrinədir.

Ola bilər ki, bu kimisə küsdürsün, kimsə üfürüb öz çırağını söndürsün. Təki ədəbiyyat küsməsin, təki sözün çırağı sönməsin.

Bu odlu-alovlu sonluqdan sonra “əlli-əlli” vurmamaq günah olar, yəqin.

QAFQAZİNFO

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG