Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:44

İmişlidən daşqın şikayəti


İmişli rayonunun Şıxəli Qurbanov küçəsində yaşayan Sevda Vəliyeva AzadlıqRadiosunun “Qaynar xətti”nə şikayət edib ki, ötən ilin may ayında rayonda baş vermiş daşqınlar yaşadığı evi bərbad günə salıb. Ancaq qəzalı vəziyyətdə olan evə rayonun fövqəladə hallar komissiyası indiyə qədər bircə dəfə də baxış keçirməyib:

- Yaz yağışından indiyə qədər hər gün məni aldadırlar ki, bu gün gələcəklər, sabah gələcəklər, ancaq hələ də gəlib çıxmırlar.

“QAÇQIN KİMİ ÇADIR ÇƏKİB YAŞAYIRAM”

Maraqlanan yoxdur ki, biz suyun altında qaldıq, evim bərbad gündədir, evin qabağına çadır tutmuşam, şəhər yerində çadır olar? Qaçqınla mənim aramda fərq yoxdur. Uşağım, yoldaşım xəstədir, neçə aylardır gedib gəlirəm, xeyri yoxdur. Getdim başçının da qəbuluna girdim, o da dedi, gəlib evinə baxacaqlar.

- İndiyə qədər evinizə bircə dəfə də baxış keçirilməyib?

- Yox, mənim evimə nə fövqəladədən, nə də icra hakimiyyətindən heç kim gəlməyib. Çadırı almışam çəkmişəm qapıdan, birgözlü otaqdır, döşəməsi də sınıq-sınıq.

Rayonun Rahim Məmmədov küçəsində yaşayan Şəmsiyyə Abışova da yerli icra orqanlarından şikayətçidir. Dərdi Sevda Vəliyevanın dərdinə bənzəyən Şəmsiyyə Abışova deyir ki, arabir yaşadığı küçəyə gələn rayonun fövqəladə hallar komissiyasının üzvləri nədənsə onun evinin qapısından içəri keçmək, dərdini dinləmək istəmirlər:

“EVİMİN BƏRPALIQ HALI QALMAYIB”

- Evimizə gəlib baxıblar, bizim evlə yanaşı 4 evə də baxmışdılar, mənim evimlə birlikdə onları da siyahıya aldılar. İndi mənim evimlə yanaşı siyahıya alınmış qonşularım üçün ev tikilir, ancaq mənə deyirlər hələ gözlə. Müraciət edirəm, deyirlər get otur, tikiləcək. Yoldaşım ikinci qrup əlildir, hepatit xəstəsidir, özüm də xəstəyəm, 5 uşaq anasıyam, yoldaşım 105 manat maaş alır, ev də dağılıb tökülüb. Ev çöküb, arxa divarı yarılıb, içərisindən baxanda çöl görünür. Bərpalıq halı qalmayıb.

İmişli rayon İcra Hakimiyyəti başçısının müavini Çingiz Balayev deyir ki, daşqın nəticəsində zərər çəkmiş evlərin bərpası, yaxud tamamilə yararsız vəziyyətə düşmüş evlərin sakinlərinə yeni evlərin tikilib verilməsi işləri dövlət proqramı çərçivəsində həyata keçirilir. O, mülkü yararsız vəziyyətə düşmüş hər hansı rayon sakininin dövlət proqramı çərçivəsində göstərilən yardımdan kənarda qalmasını mümkünsüz hesab edir:

“BƏZƏN GEDİRSƏN Kİ, VƏTƏNDAŞIN DEDİYİNİN ƏKSİDİR”

- Bu, vətəndaşların sizə müraciətidir, onlar hansı formada istəsələr deyə bilərlər. Ancaq yazdakı daşqınlarda həm yerli komissiya, həm də yerli komissiyanın xətti ilə dövlət komissiyası yaradılıb. Daxil olan bütün müraciətlərə baxılır, tədbir də görülür. Bizdə su altda qalan kəndlərin əhalisi üçün 104 evdən ibarət yeni qəsəbə salınıb, rayonda da yüzlərlə ev tikilib və hazırda da o proses davam edir. Vətəndaş müraciət edirsə, bu, o demək deyil ki, haqlıdır. Daxil olan bütün müraciətlər araşdırılır.

- Sakinlər deyirlər icra hakimiyyətinin qarşısında tez-tez narazılar yığışır. Onlar iddia edirlər ki, icra hakimiyyəti problemi həll etmir.


- Yenə deyirəm, vətəndaşlar evlərinin vəziyyəti ilə bağlı müraciətlər edirlər və aidiyyəti üzrə komissiya da bu müraciətlərə baxır. Evin tikilməməsi və ya tikilməsi ilə bağlı yekun rəyi də dövlət komissiyası verir. Komissiya üzvləri mütəmadi olaraq yerlərdə olurlar və müvafiq qərarlar verirlər. Vətəndaşın evi həqiqətən də qəzalıdırsa, sadəcə müəyyən vaxt lazımdır ki, problem həll edilsin. Onu da deyim ki, çox vaxt vətəndaşların müraciətləri özünü doğrultmur. Bəzən gedirsən ki, vətəndaşın dediyinin əksidir, evində qəza-filan yoxdur.


XS
SM
MD
LG