Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:36

Ərşad Məhərrəmov. Mən öləndə özüm kimi basdırarsız...


Mən ki payız yarpağıyam,
Isti yayın nişanəsi,
Bu həyatın xəlbirində
vaxtından tez
Bəlkə də gec
ələnmişəm.

Qopmağa da budağımdan
taqətim yox.
Enmək çətin,
göydən yerə.
Allah kimi qiymətim yox
Adamların arasında.
Yer üzündə.

Mən ki payız yarpağıyam.
əzilirəm-büzülürəm
öz kökümdən günü-gündən üzülürəm.
Ayaq altda, torpaq üstə.
Bəlkə alın yazısıdı,
taleyimdi, qismətimdi
bu da mənim.
Mən ki payız yarpağıyam
Dözməliyəm
Dözməliyəm…

***

Daha bu illəri unutmaq olmaz,
Illər möhürlənib lap alnımızda.
Külək saçımızı illərtək yolmaz,
Hələ min ildə var düz yolumuzda.
Gedirik ağaclar arxada qalır,
Hər küçə tinində rastlaşırıq biz.
Bəlkə də, ruhumuz vaxtsız qocalır
Günbəgün dünyayla dostlaşırıq biz.
Qapımız acıqdır örtənimiz yox,
Bu ötür-ötürdə uduzduq bəlkə.
Özümüz itmişik itənimiz yox
Vaxtında göylərdə ulduzduq bəlkə.
Qopub göy üzünün yeddi qatından,
Düşdük torpaq üstə sarı yarpaqtək.
Keçdik buludların ayaq altından
Çıxıb bu şəhərdən də gedək bəlkə?!
Bilirəm getməyə həvəsində yox,
Sən Allah, nə olar bagışla demə.
Bir səbəb axtarma, səbəbin də yox
Yalanı bəzəyib naxışla demə.
Dindirsən ruhumu ağlayacağam,
Yaman kövrəlmişəm lap uşaq kimi.
Inanma, yolundan saxlayacağam,
Mən sevə bilmərəm, yaraşıq kimi.

***

Mən öləndə özüm kimi basdırarsız...

Mən öləndə deyəcəklər: cavan getdi,
Əgər ölsəm bu payızda.
Ağlayanım çox olacaq,
oxşayaraq anam, bacım,
Atam gizli ağlayacaq,
Mən bilirəm..
O, şərqlidir,
ağlamağı gülməyi də ölçüb biçir.
Mən öləndə deyəcəklər: cavan getdi.
Dost-tanışda
Pis olsam da
yenə rəhmət deyəcəklər,
Pisliyimi unudaraq..
bu adətdi,
Yaxşı adam deyəcəklər.
Kəsib mənim mənliyimi, özlüyümü
hamı kimi dəfin edəcək
bu adamlar.
Istəmirəm mən ki belə ölməyi də.
Yaşamağı,
sevməyi də...
Mən öləndə deyəcəklər: cavan getdi,
Bilməyərək
yaşadığım bu illərin
əzabını, ağrısını.
Illər ilə ölçəcəklər yaşımı da,
Yaşadığım hər ayımın,
il olduğun hardan bilsin?!
yadları heç mən demirəm
doğmalarım,
əzizlərim.

Mən öləndə özüm kimi basdirarsız,
necə varam
əyri-üyrü
qazandığım,
itirdiyim hörmət ilə...
pisliyimi gizlətməyin.
Yaxşılığım varsa deyin
Amma məni şişirtməyin.
Qəlbimdəki mərhəmətlə
beynimdəki düşüncəylə
Dəfin eləyin mən öləndə...
Mən öləndə deməyin ki "cavan getdi"!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG