Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:28

«Azərbaycanın hədəfi Afrika ölkələridir»


“Azərbaycan kimi zəngin enerji ehtiyatlarına malik və ya geostrateji əhəmiyyəti olan ölkələr nümayiş etdirdilər ki, onların antidemokratik hərəkətləri demokratik dünyanın ciddi töhməti ilə üzləşməyəcək. Necə ki, ABŞ-la sıx əlaqələrdən bəhrələnən Misir və Efiopiya və ya mühüm neft və qaz ixracatçısı olan Azərbaycandakı saxta seçkilər tənqid olunmadı”.

“Freedom House” təşkilatının “Dünyada Azadlıq 2011 - Demokratiyaya təhlükə olan avtoritarlıq” adlı hesabatında belə qeyd edir. Təşkilat dünyada demokratik dəyərlərin son 5 ildə ardıcıl olaraq gerilədiyini yazır.

Hesabatda 194 ölkə və 14 ərazidə siyasi və mülki hüquqların vəziyyəti araşdırılaraq, 3 kateqoriyaya bölünüb: azad, qismən azad və qeyri azad. Azərbaycan artıq neçə ildir qeyri azad ölkə statusunu qoruyub saxlayıb. Azərbaycan kimi Əfqanıstan, Birma, Rusiya, Kuba, Misir, İran, İraq, Qazaxıstan, Zimbabve də bu “taleyi bölüşür”.

Qeyri azad o deməkdir ki, bu ölkələrdə ən adi siyasi hüquqlar mövcud deyil, mülki azadlıqlar mütəmadi olaraq pozulur. Dünya əhalisinin 35 faizinin yaşadığı ölkələr Azərbaycan kimi qeyri azaddır, yəni 47 ölkə.

REGİON ƏN AŞAĞI GÖSTƏRİCİLƏRƏ SAHİBDİR

Azərbaycanın qonşularından Ermənistan və Gürcüstan isə qismən azad ölkələr hesab olunurlar.

“Freedom House” yazır ki, son illərdə ilk dəfədir ki, keçmiş Sovet ölkələrindən - Moldova, Gürcüstan və Qırğızıstanda irəliləyiş olub. Ancaq ümumilikdə regionun demokratiya göstəriciləri Yaxın Şərq ölkələrindən bir qədər yüksək olsa da, ən aşağı göstəricilərə sahibdir.

Hesabata görə, əksər müsəlman dövlətlərində azadlıq yoxdur. Ancaq iki müsəlman ölkəsi müstəqildir, 19-u qismən azad, 26-sı qeyri azaddır.

Təşkilat hesab edir ki, dünya üzrə azad ölkələrin sayı ötən il azalıb, 89-dan 87-ə düşüb. Ümumən isə 25 ölkədə insan haqları sahəsində ciddi geriləmə olub.

Seçki demokratiyasının səviyyəsi 1 pillə düşərək, 115 ölkədə qalıb. 3 ölkədə əvvəlki seçkilərlə müqayisədə seçkili demokratiya sahəsində nailiyyət əldə olunub: Tanzaniya, Tonqa və Filippində.

ƏSAS NARAHATLIQ DOĞURAN SAHƏLƏR

“Dünyada Azadlıq 2011” hesabatı son 5 ildə geriləmənin olduğunu qeyd etsə də, demokratik institutların hamısı eyni dərəcədə təsirə məruz qalmayıb. Siyasi plüralizmin əsas tərkibi olan seçkilər, partiyaların rəqabəti və azlıq qrupların iştirakı daha az ziyan verib. Məsələn, Asiya ölkələrində seçki institutlarının vəziyyətinin son 5 ildə yaxşılaşdığı qeyd olunur.

Daha çox dövlət idarəçiliyi və ifadə azadlığı, qanunun aliliyi narahat doğuran sahələrdir.

“Freedom House” hesab edir ki, seçkilər mühüm amil olmaqla yanaşı, azadlığın səviyyəsini artırmaq üçün mətbuat azadlığına diqqət yetirilməli, qanunun aliliyi təmin olunan cəmiyyət qurulmalı, mülki azadlıqları qorumaq üçün cinayətlərlə səmərəli mübarizə aparılmalı, hökumətin şəffaflığı artırılmalı və korrupsiya aradan qaldırılmalıdır.

Ancaq “Freedom House”un Azərbaycanı qeyri azad hesab etməsinə baxmayaraq, Azərbaycan iqtidarı bu fikirlə razılaşmır. Hökumət təşkilatın daha əvvəlki hesabatlarını da qərəzli hesab edib.

“FREEDOM HOUSE HEÇ BİR FAKTA ƏSASLANMIR”

Yevda Abramov
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov AzadlıqRadiosuna müsahibəsində “Freedom House”un hesabatını “qeyri-obyektiv” adlandırıb və bildirib ki, insan haqları üzrə Azərbaycan dünyada birinci yerdə dursa belə, “Freedom House” ölkəni yenə axırıncı sıraya qoyacaq:

“Onların yazdığı əsassızdır, heç bir fakta əsaslanmayıb. Onların heç bir nümayəndəsi gəlib insan hüquqları üzrə komitənin üzvləri, onun rəhbəri ilə görüşməyib, hansısa faktı bizdən almayıb. Bu cür hesabatlar ölkələr arasında alver etmək üçündür. Öz niyyətlərini Azərbaycana diktə etmək istəyirlər”.

Yevda Abramov təklif edir ki, Azərbaycan mətbuatı da bu cür hesabatlara diqqət ayırmasın.

“HƏLLEDİCİ AMİL HAKİMİYYƏTDİR”

İsa Qəmbər
Ancaq Müsavat Partiyasının başqanı İsa Qəmbər başqa fikirdədir:

“Sadəcə çox ciddi təəssüflənmək və narahatlıq keçirmək lazım gəlir ki, Azərbaycan son illərdə bu tipli siyahılarda ən pis kateqoriyalara aid edilir. İstər siyasi, istər iqtisadi azadlıqlarla bağlı hesabatlarda. Həlledici amil hakimiyyətdir. Çünki azadlıqları məhdudlaşdıran, korrupsiyanı çiçəkləndirən, korrupsiyanın özünü mövcudiyyət formasına çevirən Əliyev rejimdir”.

“Zerkalo” qəzetinin şərhçisi Azər Rəşidoğlu hesab edir ki, Azərbaycanda Avropa, Şərq dəyərləri, ümummilli dəyərlər ayaqlar altına atılıb, tapdanır:

AZƏRBAYCANIN HƏDƏFİ AFRİKA ÖLKƏLƏRİDİR

Azər Rəşidoğlu
“Mən güman edirəm ki, Azərbaycan yaxın vaxtlarda keçmiş SSRİ məkanına daxil olan ölkələrlə, yaxud Şərqi Avropa ölkələri ilə yox, Somali, Anqola kimi ölkələrlə müqayisə olunacaq. Artıq bizim hədəfdə Latın Amerikası ölkələri, Afrika ölkələridir. Bəlkə də o qədər acınacaqlı vəziyyətdəyik ki, hansısa tanınmayan Afrika ölkəsi ilə müqayisə oluna bilərik”.

“Freedom House”un hesabatında mübahisəli hesab edilən ərazilərdən Abxaziya, Dağlıq Qarabağ, Pakistan Kəşmiri, Cənubi Osetiya qeyri azad, Dnestryanı isə qismən azad göstərilib. Ötən il Dağlıq Qarabağ azad ərazi kimi göstərilirdi.

Azər Rəşidoğlu hesab edir ki, separatçı bölgələrin adının hesabata düşməsinin səbəbi də hakimiyyətin diplomatik uğursuzluğunun göstəricisidir.
XS
SM
MD
LG