Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:43

«BMT və ATƏT-in tribunasından çıxışlar Qarabağ danışıqlarını korlayır»


Sergey Lavrov

Sergey Lavrov

Azərbaycan, Rusiya və Ermənistanın Xarici İşlər nazirləri yanvarda Moskvada görüşəcəklər. Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yanvarın 13-də keçirdiyi mətbuat konfransında bildirib.

Lavrov qeyd edib ki, hər üç ölkənin prezidentlərinin görüşü ərəfəsində bir qayda olaraq əvvəlcə nazirlər bir araya gəlirlər: «Rusiya digər Minsk Qrupu ölkələri ilə - ABŞ və Fransa ilə birlikdə Qarabağ danışıqlarının sürətləndirilməsi və razılaşmanın əldə edilməsinə çalışır».

S.Lavrov bildirib ki, prezidentlər səviyyəsində görüşlərdə Rusiya prezidenti özünün Bakı və Yerevanla yaxşı əlaqələrindən istifadə edərək artıq razılaşdırılmış yanaşmalar əsasında münaqişənin həllində razılaşma əldə edilməsinə çalışır:

ƏN VACİB MƏSƏLƏ HƏLL YOLUNUN TAPILMASIDIR

«İndiki mərhələdə ən vacib məsələ münaqişənin aradan qaldırılması üçün həll yolunun tapılmasıdır. Bu prosesə mane olunmamalıdır. BMT, ATƏT kimi təşkilatların trubinasından çıxışlar olan kimi problem işgüzar müzakirələrdən ictimai debatlar sferasına keçir».

Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa tərəflərin son illər apardıqları danışıqlarda bəzi prinsipial razılaşmalar əldə edildiyini, amma hələlik detalların razılaşdırlmadığını bildirirlər.

Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri 2010-cu ildə üç dəfə görüşüblər. Hələlik həmin görüşlərin real nəticəsi yalnız hərbi əsirlər və həlak olanların qaytarılması barədə razılaşmadır. Oktyabrın 27-də Həştərxanda görüşən prezidentlər bu əsir və cəsədlərin dərhal qaytarılmasını nəzərdə tutan birgə bəyannamə imzalayıblar.

Bundan sonra Azərbaycan iki Ermənistan vətəndaşının cəsədini qarşı tərəfə verib, Ermənistandan isə bir mülki vətəndaşını və iki əsgərinin meyidini alıb.

Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri olan digər iki ölkə - ABŞ və Fransa Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən görüşləri müdafiə etdiklərini deyiblər. Amma Bakıda ekspertlər bildirirlər ki, bu görüşlərdən sadəcə olaraq Kreml özünün regionda maraqlarının möhkəmləndirilməsini təmin etmək üçün istifadə edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG