Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:40

Soyadımız necə olsun?


Milli Elmlər Akademiyası
Milli Elmlər Akademiyası
Azərbaycanda soyadların yeni seçim sisteminin təsdiq edilməsi haqqında Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının qərarı birmənalı qarşılanmır.

Komissiyanın qərarına görə, soyad sonluqları bu yollarla düzəldilə bilər: - oğlu və -qızı, -zadə sonluğu, -lı, -li, -lu, -lü, -gil, -soy şəkilçilərini artırmaqla və soyad bildirən sözün kökünə heç bir leksik və qrammatik vasitə artırmadan.

Qərarda göstərilir ki, «soyad seçimi zamanı titul bildirən xan, bəy, hacı, əfəndi kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə tövsiyə edilmir».

«-ZADƏ SAXLANILIR»

Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirir ki, məqsəd soyadları milliləşdirməkdir. -Zadə sonluğunun qəbul olunması zamanı isə müzakirələr uzun çəkib və sonda qəbul olunması qərara alınıb:

«Komissiya hər şeyi müzakirə edib. Bütün cəhətlər nəzərə alınıb. Milli kökə qayıdışdan danışırıqsa, -zadə fars sözüdür, oğlu mənasında işlənir. Əslində olmaz. Ancaq müəyyən insanlar nəzərə alındı, Ədliyyə Nazirliyindən soyadlar götürüldü. Zadələr 9 milyonun hardasa 15 faizindən çoxdur. Ona görə - zadə saxlanılır».

Xan, bəy, hacı, əfəndi kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadənin tövsiyə edilməməsi haqqında isə Sayalı Sadıqova deyir ki, soyadın Əlibəyli, yaxud, Almazxanlı yazılmasından söhbət getmir:

«Burda titullardan söhbət gedir, titullar qadağan olunur. Ağabəyli soyadında - li, - lü-dən istifadə olunur. Sözün kökünə - li, - lü yazılırsa, ona toxunulmur. Tutaq ki, kimsə Həccə gedir. Gələndən sonra olur Hacı Ələkbər. Sonra yavaş-yavaş bundan titulu kimi istifadə edir. Ya da son vaxtlar qəzetlərdə jurnalistlər, yazarlar titullardan istifadə edilir. Özü də ayrı yazılır, onsuz da bitişik yazanlara əyilməyəcək. Bəy, əfəndi, xan ayrı yazılırsa, bu qadağan edilir».

KİMSƏ PEŞƏSİNDƏ XANLIQ, ŞAHLIQ ETMƏK İSTƏYİRSƏ...

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Əbilov yazarlar arasında daha çox Aydın Xan kimi tanınır. O deyir ki, bu qeyri-etik addımdır. Dövlət insanların, fərdi, şəxsi həyatına müdaxilə etməməlidir:

Aydın Xan
«Uzun müddət biz rus sonluqlu soyadları işlətmişik. Prinsip etibarilə bunun dəyişilməsinin tərəfdarı olmuşam. Ancaq bu seçim azad olmalıdır. İstənilən insan, istənilən soyadı götürməlidir. O ki qaldı xana, bəyə, komissiya 100 qanun qəbul eləsə də, mən Aydın Xanı götürmüşəmsə, dəyişməyəcəyəm. Gərək bu cəmiyyətdə geniş müzakirə olunaydı. Bir kulturoloq kimi mənə, ya da digərlərinə fikirlərimizi bildirmək təklif olunmadı. Bəlkə biri öz peşəsində şahlıq, xanlıq eləmək istəyir, bunun nəyi pisdir? Axı biz feodalizm dövründə yaşamırıq ki, desinlər xanlar titul kimi işlənir. Belə çıxır ki, sabah deyə bilərlər ki, bəy, xanım, müraciətlərindən də istifadə etməyin. Dildə, düşüncədə basqı olmamalıdır».

Terminologiya Komissiyasının qərarına görə, soyadların seçim sisteminin təsdiq olunması və təkliflərin 2011-ci ilin yanvarın 1-dən yeni doğulanların soyad seçimi zamanı qüvvəyə minməsi nəzərdə tutulur. Bakıda fikrini soruşduğum vətəndaşlar arasında da buna müxtəlif reaksiyalar var:

«-OV, -YEV OLSA YAXŞIDIR»

«Hər bir dövlətə, millətə məxsus soyadlar olmalıdır. Ancaq indiki qaydalar məncə hələ də düzgün tapıntı deyil».

«Milli soyadlara keçilməsi yaxşı haldır. Ona görə ki, - ov, - yev rus soyadlarına məxsusdur».

«Köhnədəki kimi -ov, -yev olsa yaxşıdır. Gələcək nəsil necə deyəcək ki, mənim babam Əliyev olub?».

«Mən istəyərdim mənim övladım da Talışinski olsun, çünki bu bizdə gör neçə əsrdir...».

«Mənim üçün fərqi yoxdur. Ancaq milli olsa, yaxşı olar. -Li-yə üstünlük verirəm, -zadə fars mənşəlidir. Ancaq kim istəyirsə - ov olmalıdır, yoxsa bu insan hüquqlarını tapdalanması olar».

İFADƏ AYDIN BAŞA DÜŞÜLMÜR


Sahib Məmmədov
Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, gələcək nəslə -ov, -yev sonluğunun yazılmasının qadağan edilməsi hüquq pozuntusu deyil:

«Çünki soyadın kökü saxlanılır, yəni Əliyevdirsə Əli qalır. Burda heç kim soykökündən qoparılmır».

O ki qaldı titullara, hüquq müdafiəçisi deyir ki, bu, çətinliyə gətirib çıxaracaq. Çünki «soyad seçimi zamanı titul bildirən xan, bəy, hacı, əfəndi kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə tövsiyə edilmir» ifadəsi aydın başa düşülmür. Bu da gələcəkdə anlaşılmazlıqlara, mübahisələrə, elə insan hüquqlarının pozulmasına gətirib çıxara bilər.
XS
SM
MD
LG