Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:51













Çingin Mustafayev üçün...


ey mənim millətimin,
alnı açıq, mərd oğlu
bəlkə sən bu ölkədə sonuncu oğuluydun ki,
kameranı götürüb savaş alanında
vatana qurban gedən
igid oğulları,
min qorxaq oğula dəyən
qızları çəkdin,
səndən sonra gələnlər
inomarkalarda klip çəkir,
yaraşıqlı şəhərin
dar dalanlarında seks çəkir...
səndən sonra gələnlər...

10.IX.2010



Nağıl

biri vardı, biri yoxdu...
biz vardıq bu şəhərdə
mən piyada, sən kəhərdə
mən piyada düşərdim arxanca hər axşam, səhər
sən bircə şah piyada gedən yerə ayaqla gedərdin...
bir onda dincələrdim,
canım qurtulardı beş dəqiqəlik,
beş dəqiqəlik qaçmazdım...
nə günlər var idi,
sevərdim səni,
sevərdim dəlicəsinə
günəşin istisi məndə ağıl qoymamışdı ki,
sevim ağılla başla...
nə günlər var idi...
biri vardı, biri yoxdu,
bir sən vardın bu şəhərdə,
bir mən vardım,
biz vardıq bu nağılda...
...indi mən yoxam, ağıllanmışam...
demək nağıl da bitib,
ama nədən bilmirəm bu nağılın sonunda
göydən üç alma düşmədi...
biri sənə,
biri mənə,
biri də məni ağıllandırana...

10.IX.2010


Mən

mən azad bir ölkənin
azad olmayan vətəndaşıyam,
əl-qolumu bağlayıb YAPtokrat qanunlar,
bir-birindən düşük adət ənənə,
ata-ana qorxusu,
prezident qorxusu,
üstəgəl allah qorxusu...

mən neft milyonları nazir qarınlarına axan,
qaçqınları lüt, üryan
pul dilənməkçün
küçələrə şığıyan bir ölkənin vətəndaşıyam...
çox da televiziyalar prezident qorxusundan
haqqında bağıra-bağıra
komfort həyat sürdüyündən danışır...

mən alçaqları günü-gündən
göbələk kimi çoxalan bir ölkənin vətəndaşıyam...
ton-ton nefti əl altından satılsa da,
haqq hesabı qaranlıq qalsa da
bu öləkədə dinən yoxdu...
gözü çıxan qardaşdan dərs götürür hamı,
gözü çıxan qardaşda artıqmış kimi
hamı susur bu ölkədə...

mən elə bir ölkədə doğulmuşam ki,
mən elə bir ölkədə yaşayıram ki,
biri seksual,
biri metroseksual azadlıq axtarır,
azadlıq axtaran yox!

mən elə bir ölkədə yaşayıram ki,
bu ölkədə barmaqla göstərilir ağıllılar,
hamı ağlını itirib.

itirə-itirə gedir bu millət,
itirə-itirə gedir bu ölkə,
gedir hara özü də bilmir,
qoy itirsinn
qoy getsin bu yolu bəcəhənnəm,
özünü tapa bəlkə...

11.IX.2010


Əlim yumruq olaydı...

“Əlim yumruq olmur” şeirinin
müəllifi Üzeyir Məhərrəmliyə


əlim yumruq olaydı...
başına vuraydım başıqapazlıların
ağaları öləndə...
ağaları vurduğu qapazların
təsirini duymasınlar deyə,
mənim vurduğum qapazlar keyitsin başlarını,
əziyyət çəkməsinlər deyə...

əlim yumruq olaydı...
hər tərəfdə din,
hər tərəfdə quran,
hər tərəfdə islam,
hər tərəfdə molla ehkamları,
millət “allaha doğru” gedir
gözü açıq,
üstü açıq qadınlara,
ram etməkçün,
mum etməkçün dinə söyən
bağırıb, çağırıb allah yox deyən kafirlərə
yağlı bir qapaz lazım,
ya Demoklisin qılıncı,
ya qılıncı qaldırmağa qol!...
bir günlüksə, rahat baş yaraydı,
zəncir çırpaydı bədəninə,
kərbəlada qırılan “məsumların şərəfinə
qan çıxaraydı müsürmanlar...

Əlim yumruq olaydı...
çalaydım bu “demokratiya” bağıran,
“istefa” hayqıran,
“azadlıq” istəyən
ağılsızların başına
işləyəydi YAPtokrat qanunlar
daha azad daha məsud,
rüşvət alaydı yağlı məmurlar,
tarixə çamurlar
ataraq
özlərindən başqa hər şeyi məhv edəydilər,
gedəydilər uçurumlu gələcəyə...

əlim yumruq olaydı...
onda hər şey olardı,
onda mən bilirəm nələr edərdim,
heyif barmaqlarımın
hərəsini bir yana bağlayıblar,
əlim yumruq olmur...

15.IX.2010


Nuh, Gəmisi və Allahı...

deyirlər tarixin ötəsində,
tufan olmuş,
dünyanı məhvərindən qoparacaq tufan
Nuh öz tərəfdarlarını,
bir də hər heyvandan iki cüt heyvan
mindirmiş gəmisinə
onları tufandan almaq üçün...
bir az gülünc deyilmi
bu Nuhun gördüyü iş
badalaq deyilmi başqa peyğəmbərlərə,
o başqa peyğəmbərlərin tərəfdarlarının
hüququnun tapdanması deyilmi?!
iki cüt heyvan seçib...
özgə insanlara yazıq deyilmi,
bu dilsiz və dinsiz,
ağızsız və eyni zamanda ağılsız
heyvanların nə günahı vardı ki,
qırıldılar tufanda...
onda belə çıxır ki,
allah bir Nuhun allahıymış,
bir də tərəfdar deyib sevdiklərinin...
və seçdiklərinin...

15.IX.2010

Günün bütün mövzuları

XS
SM
MD
LG