Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:04
HOST" qrupunun lideri, yazar Elxan Qaraqanın Milli.Az xəbər portalına müsahibəsi


– Elxan Qaraqan, ilk MKM-in qalibi siz oldunuz. Bununla belə sizi tənqid edənlər, bunu haqq etmədiyinizi söyləyənlər daha çox oldu. Ümumiyyətlə, bütün bunlarala razılaşırsıznızmı?

– Təndiq edən və tərif edən hər kəsə dərin hörmət və sevgilərimi çatdırıram. Hər bir tənqid inkişafıma qulluq edir. Hər bir tərif də mənə daha yeni həvəslər və stimul verir. Amma inanmıram ki, tənqid edənlər tərifləyənlərdən çox olsun, çünki on-on beş tənqid qarşısında on mindən çox oxucu kütləm var. Və onların varlığı mənim gələcək yaradıcılığıma kifayət qədər stimul verir. Əsərlərimi oxuyan hər kəsə dərin təşəkkürlərimi bildirirəm.

– Əsgərlikdə ola-ola MKM-in qalibi olacağınızı hardan bilirdiz ki, təşəkkür məktubu da yazmışdız?

– Bax burda bir kiçik yalanım var... Mən məktub-zad yazmamışdım. Əslində telefon danışığı zamanı qardaşıma dedim ki, onluğa düşmüşəm, işdi birdən üçlüyə düşsəm, orda da nə isə bir şey danışası olsa hamı, mənim də adımdan bu cümlələri de. Onda ona telefonla demişdim, o da o biri ucda yazmışdı. Deyəsən, camaatın da həmin vaxt xoşuna gəlmişdi əskər məktubu.

– Yazılan əsərin ciddi ədəbiyyat nümunəsi olması oxucu sayının çoxluğuylamı ölçülür? Ona qalsa Çingiz Abdullayev rekordlar kitabına düşüb...

– Mən bəyəm deyirəm ki, ciddi ədəbiyyat yazıram? Mənə ciddi ədəbiyyat-zad lazım deyil. Ədəbiyyat müəllimi deyiləm ki, ədəbiyyata vurğun olum, onun oturub ciddiliyini fikrləşim. Mən insanam və ürəyimdən yazmaq keçir. Nə istəyirəm onu da yazıram. Və buna tam haqqım var... Ciddi ədəbiyyatdan tutmuş Facebookda ən şit şərhlərə qədər hər bir şeyi yazmaq hüququm var.
Çingiz müəllimi də oxumuşam... Camaat da oxuyur, burda pis nə var ki? Janr fərqi var... başqa heç nə. İndi kimsə özünə dönər restoranı açanda üstünə düşməliyik ki, sən ciddi yeməklər bişirmirsən? Dönər ciddi deyil, bozbaş ciddidir, get bozbaş bişir. Eləcə də ədəbiyyat, əgər mənəvi qidadırsa, kiminsə əsəri çox kalorilidi, kiminsə əsəri az kalorili.. Və bu yeməklər arasında heç bir fərq yoxdu, sadəcə zövq və istək fərqi var.

– Belə başa düşdüm ki, ədəbiyyata ciddi yanaşmırsız, amma onu bozbaşla, dönərlə də müqayisə etmək, məncə, birinci yalnışdı, ikinci haqsızlıqdı. Ciddi yanaşmadığınız bir şeyə niyə yalnış yanaşıb haqsızlıq edirsiz?

– Siz niyə bozbaşa ciddi yanaşmırsınız ki? Bu, bizim milli xörəklərimizə qarşı birinci yanlışdı, ikinci də haqsızlıqdı.

– Amma sizi daha çox palgiatlıqda suçlayırlar və buna konkret faktlar göstərirlər. Maraqlıdı, vəziyyət doğrudanmı belədi?

– Suçlayırlar dedikdə bir az qorxulu səslənir, elə bil ki, mənə qarşı Fransa revolyusiyasıdır. On milyon insan küçələrə çıxıb qışqırır ki, “İmperatora ölüm!”. Əslində isə söhbət 10-15 insanın neqativ fikrindən gedir. ”A” romanı 2008-ci ildən bəri Bakıda ən çox satılan kitabdır. Mənimçün əsas kitabın ideyasının sevilməsidir.

– Qəribədi ki, sizlər HOST-çuluqla kütləyə, hər kəs kimi olmağa qarşı çıxdığınızı deyirsiz, amma kitablarınızda bunun əksini görürük. Deyirsiz, minlərlə oxucum var. Bu ziddiyyət hardan doğur?

– Minlərlə oxucu pis sözdü ki?

– Demirəm pis sözdü, sadəcə burdakı ziddiyyəti gördükdə sual verdim...

– Burda pis nə var ki, məncə, əksinə, yaxşı bir şeydi. Hər kəs kimi olmağa qarşıyıq deyəndə, biz, insanın özü kimi olmamasına qarşıyıq. Yəni, kimsə fərqlənmək istəyirsə, qoy fərqlənsin. Yox, hamı kimi olmaq istəyirsə, qoy olsun. Təki içindəki azad ruhunu boğmasın. Amma fərqlənəndə də məcbur deyil ki, hər şeydə fərqlənəsən? Yəni, elə bir söz-zad verməmişik ki, hər hərəkətimizdə fərqlənməliyik. Baş-ayaq dayanıb yemək yeməliyik, nə bilim, ağacın başında yaşamalıyıq... Biz insanın azad düşünməyini istəyirik və istədiyi şeyləri etməsini... və əgər kiminsə içindən nədəsə hamı kimi olmaq keçirsə, qoy onu da eləsin. Hər bir oğlanın arzusunda gözəl bir qadın var... Yəni, bu da hamı kimi olmaqdı? Məncə, bu, sadəcə təbii hisslərdi.

– Mətbuatda HOST haqqında yazılanlar heç də ürəkaçan olmadı. Üstəlik, içinizdən biri həmin vaxt hamınızın adından mövqeyinizə tam zidd olan müsahibə verdi. Nəydi bütün bunlar?

– Bütün bunlar bir zarafatıydı (gülür)...

– Doğrudanmı bütün bunlar bir zarafat idi? Hətta yuxarılarla da bir zarafat?


– Yuxarılar, aşağılar nədir? Bütün insanlar bərabərdir.

– Kütlənin sevməsi, sosial şəbəkələrdə birinci olmaq HOST-un ciddi nəsə yarada bilməsinə göstərici ola bilərmi?


– (Gülür) Yenə tutmusuz bu ciddi sözündən... Ciddi nə deməkdi axı? HOST bacardığını eləyir. Hərə də öz bacardığını eləsə yaxşı olar. Hər halda 23 yaşlı cavanam, iki romanım çıxıb, beşdən çox diskdə bacardığım qədər insanlara fikirlərimi çatdırmışam. Digər gənclər nə edir ki 23 yaşında? Maşınlarında qız fırladır, nə bilim pornoya baxır, çayxanada siqaret çəkirlər. Düzdü, məndən yaxşıları da var, bir söz demirəm. Amma Azərbaycanın ən pis gənci də deyiləm hər halda.

– Bir tərəfdən yüksək, ciddi məsələlərdən ağızdolusu danışırsız, bir tərəfdən də ciddi yaradıcılıqla məşğul olmadığınızı deyib, məni də tez-tez ciddi sual verməkdə qınayırsız. Bu gənc yaşda sizi bu qədər oyun oynamağa məcbur edən nədi?

– Heç qocalıb oyun oynayan görmüsünüz?

– Sizi gördüm, anladım oyunçu necə olur...

– Əlbəttə. Adam gənc ikən oyun oynayar da. Hər kəsin həyatda iki yolu var. Ya oyun oynayacaqsan, ya da oyuncaq olacaqsan. Mən birincini seçirəm.

– Yeni bir dalğa kimi gələn HOST qrupu niyə öz fəaliyyətini dayandırdı? Yaxud əvvəlki kimi görünmürsüz? Sizə mane olan qüvvələrmi var?


– HOST qrupu hələ də fəaliyyətini davam etdirir. Əslində çox böyük dinləyici kütləmiz var. Facebook sosial şəbəkəsində azəri qrupları və musiqiçiləri arasında ən böyük sosial bazaya HOST fanklubu malikdir. Bu yaxınlarda regionlar üzrə tura başlayırıq. Demək olar ki, ölkənin bütün şəhər və rayonlarında konsertimiz gözlənilir.

– Bilirik ki, siz Gənc Ədiblər Məktəbinin və AYB-in üzvüsüz. HOST-un məlum mövqeyi və sizin öz mövqeyinizlə bu, ziddiyyət təşkil etmir ki?

– HOST mənim musiqi yaradıcılığımdı, bundan əlavə, həm də yazıçılıqla məşğulam. Heç bir ziddiyyət yoxdur. Allah insanı iki əlli yaradıb. Kimin sağ əli sol əlinə mane olur ki?

– Yaxınlarda təxminən belə bir fikir işlətdiniz ki, yeni yazdığım əsəri ortaya çıxarsam, aləm bir-birinə dəyər. Bu da HOST-çuluğun davamı olaraq cəmiyyətə qarşı olacaq, yoxsa...

– Çox yaxınlarda yeni kitabım işıq üzü görəcək. Romanı rusca yazmışam. Əsərdə bir çox ziddiyyətli məqamlara toxunmuşam. Sadəcə, roman oxucularımçün tam yeni bir stildə və formatda olacaq və bu, insanlar tərəfindən səhv anlaşıla bilər. Əsər haqqında çox danışmayacam. Sadəcə hər bir Azərbaycan gənci üçün bu kitabı çox vacib kitab sayıram.

– Siz necə müəyyənləşdirirsiz ki, yazdığınız kitabları gənclərimizin oxuması çox vacibdi?


– (Gülür) Əşşi, açmayın da yalanımın üstünü, görmürsünüz kitabımı reklam eləyirəm?

– Gənc Ədiblərdə, AYB-də olmağın, prezident təqaüdü almağın sizinçün hansı fərqləri var?


– Vallah, nə fərqi var ki, sadəcə müxtəlif yazıçılarla görüşmüşəm. AYB-nin köməyi ilə yazıçılarla, şairlərlə tanış olmuşam, ümumiyyətlə, az da olsa, bu mühiti tanımışam. Prezident təqaüdü də ki, sadəcə sevindirdi ki, mənə diqqət var. Yəni, az-çox mənim üçün də nəsə edirlər. Bu, sevndiricidir sadəcə. Yəni, bütün bunlar az-maz mənim həvəsimi artırıb yazıçılığa, vəssalam. Qalan nə varsa, qələmlə kağız arasında olan şeylərdi.

– Cavablarınıza baxıram, mənə qəribə gəlir. Sanki sualların əsl cavablarından yayınırsız...

– Sizə hələ H.O.S.T-la bağlı çox şey qəribə gələcək...

Əsəd Qaraqaplan
Milli.Az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG