Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:34
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzoya müraciət ünvanlayıb. İnstitutun internet səhifəsində yerləşdirilən müraciətdə Azərbaycanda söz və ifadə azadlığına diqqət çəkilir.

Bildirilir ki, «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq hələ də həbsdədir. Ona ödənilməli olan kompensasiyanı Azərbaycan hökuməti verməkdən imtina edir.

RATİ qeyd edir ki, yerli və beynəlxalq ictimaiyyətin davamlı və israrlı çağırışlarına baxmayaraq «Diffamasiya haqqında» qanun qəbul edilməyib, «böhtan» və «təhqir» maddələri əsasında jurnalistlərin və KİV-də fikirlərini bildirmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi uzun illərdir davam etməkdədir. «Ölkədə azad iqtisadiyyatın mövcud olmadığına görə medianın əsas gəlirini təmin edən reklam bazarı yox dərəcəsindədir. Bu səbəbdən də müstəqil və ya tənqidçi mövqedə olan KİV-lər ya bağlanılırlar, ya da iqtidarı tənqiddən tərifə keçməklə mövcudluqlarını qoruyurlar.

2005-ci ildə qətlə yetirilmiş «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri və qətlin sifarişçiləri hələ də tapılmayıb. Müxtəlif etiraz aksiyalarında və digər aksiyalarda peşə fəaliyyətini yerinə yetirən jurnalistlər fiziki təzyiqlərə məruz qalırlar».

RATİ 2010-cu ilin sonlarında keçirilən parlament seçkilərində müşahidə edilən çoxsaylı qanun pozuntuları, seçki mühitinin olmaması, sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməməsindən narahat olduqlarını bildirir.

Müraciətdə deyilir ki, Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın süni deyil, əsaslı və hərtərəfli şəkildə, Yaxın Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanın insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq inkişafını istəyirik. Və Avropa Komissiyasının sədri Joze Manuel Barrozadan Azərbaycan rəhbərliyi ilə görüşdə energetika, təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərindən qabaq söz və ifadə azadlığının, seçki hüququnun, sərbəst toplaşmaq azadlığının və digər hüquq və azadlıqların təmin olunması vəziyyəti ilə bağlı məsələləri müzakirə etməyə və mövcud vəziyyətin dəyişdirilməsi üçün konkret addımlar atmağa çağırırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG