Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:09
AzadlıqRadiosunun “Can Bakı” proqramının ötən ilin sonunda “Dünyanın ən məşhur sevgi romanını kim yazdı?” mövzusunda açdığı müzakirə davam edir.

“Əli və Nino” romanının müəllifi barədə yeni iddia irəli sürən Betti Bleyer bu dəfə “Alman-Azərbaycan” Cəmiyyətinin sədri Çingiz Abdullayevə cavab verir.


Əvvəlcə Ç.Abdullayevin dediklərini xatırlayaq

“Alman-Azərbaycan” Cəmiyyətinin sədri Çingiz Abdullayev Əsəd bəy ətrafında gedən mübahisələri anlamadığını söylədi.

20 ildən çoxdur ki, bu fəaliyyətlə məşğul olduğunu deyən Çingiz müəllim müxtəlif səpkili iri layihələr həyata keçirdiklərini, 2005-ci ildə Əsəd bəyin 100 iliyini qeyd etdiklərini söylədi:

«Dünyanın hər yerindən qonaqlar gəlmişdi. Əsəd bəy haqqında Niderland rejissoru Coste Potterin filmi nümayiş olundu. Konfrans keçirildi.

Konfransa 5 yaşı olarkən Əsəd bəyi Pozitanoda görmüş professor Romalo Erkalino İtaliyadan gəlmişdi.

Əsəd bəy həmin adamın atasının himayədarlığı ilə İtaliyada-Pozitanoda yaşamışdı.

Hazırda Erkalinonun evinin üstündə «Qurban Səid-Əsəd bəy burada yaşamışdır» xatirə lövhəsi vurulub. Bu adam mənə bütün arxivini göndərib».

Çingiz Abdullayev bildirdi ki, həyatını Əsəd bəyin irsinin araşdırılmasına həsr edən mərhum Gerhard Hop heç xatırlanmır: «Berlin Şərqi Tədqiqatlar İnstitutunda çalışırdı.

Kifayət qədər arxiv materialları araşdıran Gerhard Hop öz fikrini sonacan söyləməyib. Bəs nədən qısa zaman tədqiqat aparanlar qəti qərar verirlər?».

Çingiz Abdullayev «biz «Əli və Nino»nu milliləşdirməliyik» – deyir: «O əsərdən film çəkilməlidir. Bu film bizim diasporumuzun bayrağı olmalıdır.

Əsərdən opera yazılmalıdır, tamaşa hazırlanmalıdır (bir-iki il öncə tamaşa hazırlanmışdı-S.İ.).

Bütün bunlardan sonra Çəmənzəminlinin xatirəsinə həsr olunmuş konfrans təşkil olunardı, müzakirələr olardı. Hazırda Tom Reis onu yəhudiləşdirməyə çalışır. Betti Bleyer başqa tərəfə çəkir. Fakt isə odur ki, kitab yenə Qurban Səidin adıyla çıxır».

Cəmiyyət sədri sonda bir daha «Mənim üçün Əsəd bəy dünyada Azərbaycanı tanıdan yazardır»-dedi.

Betti Bleyer Çingiz Abdullayeva cavab verir

Çingiz Abdullayev
Çingiz Abdullayevin AzadlıqRadiosunun hazırladığı “Can Bakı” proqramında 12 dekabr 2010-cu ildə etdiyi bu qeyd səmimiyyətdən çox uzaqdır.

Qurban Səidin kimliyi və “Əli və Nino”nun müəllifliyi ilə bağlı mübahisələr bu gün – Azərbaycan müstəqillik əldə etdikdən 20 il sonra “Azərbaycan İnternəşnl” jurnalının sonuncu nömrəsinin çıxması ilə birlikdə başlamayıb.

Bu mübahisələr neçə illərdir davam edir və Çingiz Abdullayev bundan xəbərdardır. Əslində bu mövzu ətrafında müzakirələr 1970-ci illərdən gedir. Bu köhnə mübahisədir.

Əsəd Bəyin 100 illik yubileyi

Burada Abdullayev onun dəstəyi ilə 2005-ci ildə Bakıda təşkil edilmiş 100 illik yubileydən bəhs edir.

O, məni bu tədbirdə iştirak etmək üçün dəvət etmişdi və bunun üçün ABŞ-dan Bakıya gəlməyi təklif etmişdi, lakin mən bu təklifi rədd etmişdim.

Mənim gəlməmək barədə qərarımı izah etmək üçün yazdığım məktub onun yubileylə bağlı bukletində çap edilib.

Putterin filmi: “Qurban Səid”

Abdullayev burada Niderland rejissoru Cos Putterin “Qurban Səid” (2004) filminin adını çəkir.

O, filmdə danışan azərbaycanlıların mövqeyinin zəif göründüyünü qeyd etmir.

Rejissor eyni bir otaqda oturmuş üç azərbaycanlının hər birinin ayrı fikir söylədiyini ön plana çıxarır.

Və filmdəki “ağsaqqal” professor bu söhbətdən o qədər narahat olur ki oranı tərk edir.

Mənim fikrimcə, burada günah rejissordadır. O, müsahibə götürdüyü heç bir başqa qrupa və ya şəxsə bu dərəcədə etinasız və alçaldıcı münasibət göstərmir.

Putter əsas etibarilə Əsəd Bəylə bağlı süjet xəttini inkişaf etdirir və filmin əvvəlində Çəmənzəminlinin heç adını da çəkmir. Bu səbəbdən Putterin filmini tərifləməyə tələsmək lazım deyil, çünki o öz tədqiqatında Çəmənzəminlini ətraflı şəkildə araşdırmır.

Əsəd Bəyin 105 illik yubileyi

Çingiz Abdullayevin Əsəd Bəyin 20 oktyabr 2010-cu ildə Kino Klubda keçirilən 105 illik yubileyinin adını çəkməməsi başa düşüləndir. Burada guya Əsəd Bəyin həyatından bəhs edən film nümayiş etdirildi. Daha sonra müzakirələr oldu.

Nə üçün Çingiz Abdullayev sonuncu mərasim haqqında danışmır? Filmin başlanğıcında Əsəd Bəyin müsəlman kimi dünyaya gəlməsi ilə bağlı hissəyə Ramiz Abutalıbovun etiraz etməsi və digər iştirakçıların da Həsən Quliyevdən mənbə tələb etməsi buna səbəb ola bilərdimi?

Daha sonra mən də orada 15-20 dəqiqəlik çıxış edərək Əhməd Cəmil Vakkanın 1942-ci ildə “Oriente Moderno” jurnalında Əsəd Bəy haqqında çap etdirdiyi nekroloqda uydurduğu nağıllarla müzakirələri davam etdirdim.

Lakin daha sonra mən Bakı, Tbilisi və Kiyev arxivlərindəki sənədlərə istinad edərək Vakkanın hansı səbəblərdən etibarlı bir mənbə olmadığını bir çox misallarla əsaslandırdım.

Vakkanın bu fantaziyaları uydurmaqda başlıca məqsədinin Əsəd Bəyin yeganə varisi olduğunu sübut etmək olduğunu qeyd etdim.

Lev Nussimbaumun kimliyi ilə bağlı uydurulmuş hekayədə əsas məqsəd pul idi.

Gerhard Höpp, Əsəd Bəyin ən gözəl tədqiqatçısı

Çingiz Abdullayev necə deyə bilir ki, heç kim Gerhard Höppün adını çəkmir. O, “Azərbaycan İnternəşnl” jurnalının 3 dekabr 2010-cu ildə təşkil edilmiş təqdimat mərasimində iştirak etmişdi.

Onda bizim jurnalın sonuncu üçhissəli nömrəsinin (Aİ 15:2-4) bir nüsxəsi də var. Jurnaldakı bir çox məqalələrdə biz prof. Höppə (1935-2003) istinad etmişik.

Biz Höppü 22 səhifədən ibarət ədəbiyyat siyahımıza daxil etmişik. Lakin bundan da çox biz ona demək olar ki hər məqalədə, hər qeyddə istinad edirik.

Aydındır ki, Çingiz Abdullayev ya bizim materiallara diqqətlə baxmayıb, ya da özünü elə aparır ki, bu materiallardan xəbəri yoxdur. Belə boş bir bəyanatın başqa izahatı ola bilməz.

Biz Höppü Əsəd Bəyi ən obyektiv, ən etibarlı və dərindən araşdıran alim kimi xatırlayırıq. Höpp Berlindəki Müasir Şərq Tədqiqatı Mərkəzinə (ZMO) Əsəd Bəylə bağlı 12 qutu tədqiqat materialı təqdim etmişdi.

Lakin bu materiallar Höppün tədqiqatının çox kiçik bir hissəsini təşkil edir, belə ki o, 1920-ci illərdə Almaniyada orientalizm mövzusunu araşdırırdı və ümumilikdə həmin Mərkəzə 127 qutu material vermişdi.

Höppün gəldiyi nəticələr Çingiz Abdullayevin dediklərilə ziddiyyət təşkil edir
Görünür, Çingiz Abdullayev Höppün tədqiqatı ilə tanış deyil.

Belə ki, onun tədqiqatı Çingiz Abdullayevin sözdə maliyyələşdirdiyi Əsəd Bəyin 100 illik yubileyi mərasimində nümayiş etdirilən filmdəki fikirləri təkzib edir.

1997-ci ildə çap etdirdiyi baş məqaləsinin birinci səhifəsində Höpp Əsəd Bəyin Lev Nussimbaum olduğunu və onun sadəcə yəhudi kimliyini gizlətmək məqsədilə müsəlman kimi dünyaya gəldiyinin deyildiyini yazır.

Höpp qeyd edir ki, Əsəd Bəy Lev Abrahimoviç Nussenbaum kimi dünyaya gəlib.

Abdullayev digərlərini Höppə istinad etməməkdə günahlandırmazdan əvvəl özü onun tədqiqatı ilə tanış olmalıdır. Höpp Vakkanın etibarlı mənbə olmadığını göstərir. Əsəd Bəyin “müsəlman olması” haqqında nağılı uyduran Vakka olmuşdu.

Bax, Gerhard Höpp. “Mohammed Essad Bey: Nur Orient Für Europäer?” Asien Afrika Lateinamerika, c. 25:1 (1997), səh. 75-97. Onu da qeyd edək ki, bu 22 səhifəlik məqalədə 169 istinad var. Məqalə olduqca etibarlı və inandırıcıdır və zəhmətə və dərin araşdırmaya əsaslanır.

Höpp Çəmənzəminlini araşdırmayıb

“Əli və Nino” məsələsi ilə bağlı Höppün zəif cəhəti onun məsələnin Azərbaycan tərəfini araşdırmamaq olub (onun tədqiqatının məqsədi bu olmayıb). O qeyd edir ki, Azərbaycanda bəziləri Çəmənzəminlinin müəllifliyinə inanır və o prof. Tofiq Hüseynoğlunun adını çəkir (1985). Lakin onun Çəmənzəminli ilə bağlı araşdırması yalnız bununla kifayətlənir.

“Azərbaycan İnternəşnl”in tədqiqatı

Bəli, biz öz tədqiqatmızla bağlı əminliklə danışırıq, çünki bizim tədqiqat Höppün tədqiqatından daha genişdir. Höppün materialları etibarlı olduğu üçün biz tədqiq edilmiş digər məsələləri araşdırma imkanı əldə etdik. Məsələn, biz Tom Risin 400 səhifəlik kitabında bilərəkdən toxunmadığı Əsəd Bəyin 16 kitabı və 160-dan artıq məqaləsinin məzmununu araşdırmaq imkanı əldə etdik.

“Azərbaycan İnternəşnl”in geniş miqyaslı tədqiqatı

Bugünə qədər heç kim məsələnin həm Azərbaycan, həm də Qərb nöqteyi-nəzərindən bizim qədər dərindən araşdırmamışdır. Biz 10 dildə - Azərbaycan, rus, alman, ingilis, fransız, italyan, türk, gürcü, fars və İsveç dillərində sənədləri tədqiq etmişik. Bizim tədqiqatımız altı ili əhatə edir. Buna görə də biz əminliklə danışırıq.

Məsələn, biz Azərbaycan Milli Tarix Arxivində, Axundov Kitabxanasında və Əlyazmalar İnstitutunda araşdırma aparmışıq.

Biz Çəmənzəminlinin əsərlərindən yüzlərlə səhifəlik materialı ingilis dilinə tərcümə etmişik. Biz Ehrenfelslərin Avstriyada Lixtenauda yerləşən qəsrində olmuşuq, Tbilisi və İstanbula araşdırma ilə bağlı səfərlər etmişik.

Biz Birləşmiş Ştatlardakı ən zəngin kitabxanalardan birinə sahib Kaliforniyanın Los Anceles Universitetində dərin araşdırma aparmışıq və burada demək olar ki maraqlandığımız bütün kitabları və məqalələri tədqiq etmişik.

Çingiz Abdullayev deyir ki, onun üçün Əsəd Bəy Azərbaycanı dünyaya tanıdan bir yazıçıdır.

O, Əsəd Bəyin ilk kitabları olan “Şərqdə neft və qan” (1929) və “Qafqazın on iki sirri” (1930) kitablarının Azərbaycan və eləcə də Qafqazın digər ölkələrindən olan miqrantlar arasında səs-küylü etiraza səbəb olduğunu unudurmu?

Hilal Münşi 1930-1931-ci illərdə Əsəd Bəyə Azərbaycan və digər region xalqlarını nalayiq və pornoqrafik şəkildə təsvir etdiyi üçün hücumlar edirdi. Əsəd Bəyə qarşı böyük etiraz qalxmışdı.

Əsəd Bəy Azərbaycanı dünyaya bu şəkildə tanıdırdı. Çingiz Abdullayevin qürur duyduğu məqam budurmu? 1937-ci ildə “Əli və Nino” hələ çap edilməmişdi.

Tom Risin tədqiqatı

Çingiz Abdullayev deyir ki, Tom Ris Əsəd Bəyin yəhudi olduğunu sübut etməyə çalışır.

O buna sadəcə çalışmır, o bunu sübut etməyə nail olur (Höppün tədqiqatına əsaslanaraq), çünki Əsəd Bəy təxəllüs belə deyil, sonradan götürlmüş bir ad idi.

Əsəd Bəy Lev Nussimbaum idi. Bu, faktdır. Əsəd Bəyin vəsiyyətnaməsi də daxil olmaqla bir sıra sənədlər bu iki adın eyni bir şəxsə aid olduğunu sübut edir. Artıq bu boş müzakirəni bitirmək zamanıdır.

O qədər sübut var ki.

Abdullayev mənim məsələni başqa istiqamətə yönəltdiyimi deyir. Mən Tom Risin “Lev Nussimbaum Əsəd Bəydir” sözlərinə etiraz etmirəm.

Lakin biz Çəmənzəminlini diqqətli bir şəkildə tədqiq etmişik, Ris isə onu tamamilə mövzudan kənar qoyur və 400 səhifəlik kitabında onun adını sadəcə 2 dəfə çəkir. Bizim gəldiyimiz nəticələr bunlardır:

1. Yusif Vəzir (Çəmənzəminli) “Əli və Nino”nun həqiqi müəllifidir. Çəmənzəminlinin gündəlikləri, oçerkləri, hekayələri və romanları bunu sübut edir. O, əlyazmaları Avropada qoyaraq 1926-cı ildə Bakıya qayıdır.

2. Əsəd Bəy (Lev Nussimbaum) “Əli və Nino”nun əlyazmasını əldə etmiş və əsərin müəyyən hissələri üzərində, əsasən səyahət və folklorla bağlı materiallar üzərində işləmişdir.

3. Avstriyalı baronessa və Əsəd Bəyin dostu Elfrida Ehrenfels romanı alman reyesterlərində qeydiyyata salaraq Qurban Səid adının Elfridaya aid olduğunu iddia etmişdi. O, romanın redaktəsində iştirak etmiş ola bilərdi. Lakin bunu sübut edəcək bir dəlil yoxdur. Elfrida anşlüsdən sonra İtaliyaya qaçan Əsəd Bəyi maddi vəsaitlə təmin edirdi.

4. Əsəd Bəy Tiflis və İrana səyahətlə bağlı hissələri gürcü müəllifi Qriqol Robakidzenin “İlan dərisi” (1928) əsərindən götürərək (bəlkə də buna “plagiat” demək daha düzgün olar) romana daxil etmişdir. Tamar İncia bunu sözsüz bir şəkildə 2005-ci ildə çap etdirdiyi tədqiqat işində sübut etmişdir.


“Əli və Nino” ilə bağlı məsələdə nüfuzlarını tutarsız tədqiqatlara əsaslanaraq təmin edən insanların nə vaxtsa fikirlərini dəyişəcəyini gözləmirik. Azərbaycan öz həqiqi qəhrəmanlarını dəstəkləməlidir

Artıq bu məsələni açıq fikirliliklə və elmi şəkildə araşdırmaq vaxtıdır, Azərbaycan öz həqiqi qəhrəmanlarını və millətin müstəqilliyi və inkişafı üçün narahat olan insanları tanımalıdır. Əsəd Bəy isə belə bir insan deyildi.

Daha ətraflı oxuyun: Azərbaycan İnternəşnl jurnalının üç hissəli nömrəsi, c. 15:2-4, 364 səhifə, 1200 şəkil. İngilis və Azərbaycan dillərində.

Jurnalı əldə etmək üçün ai@artnet.net-lə əlaqə saxlayın və ya AZER.com-un Aİ STORE bölməsinə daxil olun.

Betti Bleyer,
Redaktor
Azərbaycan İnternəşnl
29 dekabr 2010


Həmçinin oxu
Betti Bleyrin Həsən Quliyevə sərt cavabı
Betty Bleyerin Nuridə Atəşiyə cavabı
Yusif Vəzir sağ olsaydı «Əli və Nino»nun müəllifi olardımı?
Azərbaycanın kimlik kartı: «Əli və Nino»
Əsəd bəy və Nuridə xanım

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG