Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:15

12 milyard manat necə xərclənib?


3 milyard 380 milyon manat yol-nəqliyyat sektoruna qoyulub
Son üç ildə Azərbaycanın büdcəsindən investisiyalara 12 milyard manat ayrılıb. Bunun 3 milyard 380 milyon manatı yol-nəqliyyat sektoruna qoyulub.

12 milyard manat Azərbaycanın bir illik büdcəsi deməkdir. Bu məbləği dollara çevirəndə təqribən 15 milyard dollardan çox edir. 15 milyardsa Gürcüstanın dörd illik büdcəsi deməkdir.

Bu vəsait Azərbaycanda investisiya layihələrinə yönəlib. Yəni həbsxanaların köçürülməsinə, təmirinə, tikintisinə. Məsələn, Zabratdakı bir istintaq təcridxanasının tikilməsinə 55 milyon manat xərclənib. Ali Məhkəmənin yeni binası isə təxminən 70 milyon manata başa gəlib.

Yollardan, körpülərdən danışmırıq. Bu, artıq köhnəlmiş mövzudur. Xəstəxanaların və ya məktəblərin tikilməsi də həmçinin. Eləcə də kommunal infrastrukturun yaxşılaşması...Amma bu vəsait yarılıb, nəticəsi hardadır?

12 MİLYARDDAN PAYINI ALA BİLMƏYƏNLƏR

- Arzum budur ki, kənddə qaz olsun, su olsun, işıq olsun, yol çəkilsin. Məktəbə qaz çəkilsin.

- Sabah instituta girsən bu yolla məktəbə gedə biləcəksən?

- Gedəcəm, amma bir az çətinliklə.

Seymur Bakının iki addımlığındakı Nübar qəsəbəsində yaşayır. AzadlıqRadiosu bu kənddən təzəcə reportaj hazırlayıb.
Zöhrab İsmayıl
Kənd yolsuzluqdan, qaz, işıq olmamasından əziyyət çəkir. Xəstəxanası, uşaq bağçası yoxdur. Elə Nübara bitişik Atyalı qəsəbəsi də eyni problemlərin məngənəsində əzilir.

Görəsən, 12 milyarddan nə qədəri bu iki qəsəbənin problemlərinin birdəfəlik həllinə bəs edərdi? Bir də tək onlarınmı? Yolsuz-izsiz qalan neçə belə qəsəbə, kənd asfalt çəkilişinə növbədə durub...

«NAZİRLİKLƏR ARASINDA LAYİHƏ DAVASI GEDİR»


İqtisadçılara görə, Azərbaycanda investisiya layihələrinə ayrılan pul səmərəsiz xərclənir.

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayılın qənaətincə, Azərbaycan hökuməti investisiya layihələrinə start verməzdən öncə yüz ölçüb bir biçməlidir. Daha səmərəli layihələrə qol çəkməlidir. Amma hökumət nə parlamentlə məsləhətləşir, nə Hesablama Palatasıyla, nə də ictimaiyyətlə:

«İndi nazirliklər arasında layihə davası gedir. Layihəni də ən nüfuzlu qurum, nazirlik alır».

«ŞINIXDA YAXŞI XƏSTƏXANA OLMASA...»

YAP-dan olan iqtisadçı Nazim Məmmədov deyilənlərlə razılaşmır. O hesab edir ki, infrastruktur layihələri tədricən bəhrəsini verməkdədir:

Nazim Məmmədov
«Vətəndaş daha yaxşı yoldan istifadə edirsə, yaxşı klinikada müalicə olunursa, xərci də az çıxır. Deyirlər ki, bunun birbaşa Məmmədhəsən əmiyə xeyri dəymir. Amma dərindən fikirləşəndə görürsən ki, Gədəbəyin Şınıx kəndindən mərkəzə və ya Bakıya gələndə məsrəfi daha çox olur. Eyni zamanda, Şınıxda yaxşı xəstəxana olmasa, məcburdu əlavə xərc çəkib başqa yerə getməyə. Bu baxımdan həm vətəndaşa xeyirlidir, həm də iqtisadiyyata. İqtisadiyyatın stimullaşmasına təkan verir».

«SULUTƏPƏDƏ YAŞAYAN YENƏ BƏRBAD YOLLA GEDİB-GƏLİR»

Zöhrab İsmayıla görə, Nazim Məmmədovun dedikləri gəlişigözəl sözlərdir. Vətəndaş 12 milyardın bəhrəsini demək olar ki, «dadmır»:

«Vətəndaş evdən çıxanda rahat yolda getməlidir. Tutaq ki, Sulutəpə qəsəbəsində yaşayan beş-altı il əvvəl də küçəyə çıxanda bərbad yolları görürdü, indi də. Və ya uşağı məktəbə gedəndə əmin olmalıdır ki, orda istilik var, hələ təhsilin keyfiyyətini qoyuram qırağa. Yaxud əmin olmalıdır ki, suyu günboyu gələcək».

Amma iqtisadçıya görə, Məmmədhəsən əmi bunu hiss eləmir:

«Yeri gəlmişkən, hökumət ən çox nəqliyyat sektoruna investisiya qoyur, təxminən 39 faiz, ikinci yerdə gəlir energetika və sənaye – 14 faiz . Üçüncü yerdə kommunal infrastrukturdur.
Natiq Cəfərli
Görürsüz, kommunal sahəyə nə qədər pul qoyulur, amma biz onun səmərəsini görmürük. Ümumi dövlət investisiyalarının 7 faizini təşkil edib. Gündəlik həyatda hiss olunmalıdır. Demək ki, nə gözəl binalar var, nə gözəl körpülər var, bu, keyfiyyət göstəricisi deyil. Bax bu investisiyalara qiymət verməyin vaxtı çatıb».

BÖLGƏLƏRİN İNKİŞAFINA 2 MİLYARD QOYULSA DA...

İqtisadçı Natiq Cəfərli də Zöhrab İsmayılla həmfikirdir. Onun sözlərinə görə, 12 milyardın təxminən iki milyardı regionların inkişafına yönəlib. Amma iki milyardın müqabilində büdcəyə az qala qəpik-quruş daxil olur:

«Məqsəd Neft Fondundan büdcəyə ayrılan pulların korrupsiya yolu ilə mənimsənilməsidir. Belə təsəvvür yaranır ki, bu investisiya layihələrinin əsas məqsədi onları mənimsəməkdir. Bunu sübut da etmək olar. Məsələn, regionların iqtisadi inkişafı layihəsinə 12 milyardın iki milyardı ayrılıb. Amma regionların dövlət büdcəsinə gətirdiyi gəlir çox cüzidir. Dövlət büdcəsində regionların payı 2,7 faizdir. Büdcəyə regionlardan cəmi 350-450 min manat vəsait daxil olur».

İqtisadçılara görə, investisiyalara qiymət qoymağın vaxtı çatıb.

Son altı ildə Azərbaycan investisiya layihələrinə büdcədən 27 milyard dollar pul ayrılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG