Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:08

QARA AŞIQ. Qoşmalar


















YOLLARA DÜŞ, YOLA DÜŞ

Səndən sonra məni kimsə səsləməz
Mən gedirəm, yollara düş, yola düş...
Gördün kimsə qollarını bağlayıb
Eşq adına qollara düş, qola düş...

Ağlamaqdan güc qalmayıb göz üstə
Yıxılmışam bu həyata üz üstə...
Sol tərəfim salıb məni diz üstə
Eşqə düşdüm, sollara düş, sola düş...

Nə çəkərsən, çəkdiyini sən demə
Qara Aşıq, bəxtin düşər rəngimə..
Ol üstündə yol gedirəm, qəm yemə
Ol üstündə ollara düş, ola düş...


ÖL İNDƏN BELƏ

Mən gedirəm, səni kimə tapşırım?
Yol gedirəm, mən də yol indən belə.
Mən ki öz içimi yeyib-dağıtdım
Sən də öz saçını yol indən belə.

Gedənlərin gələsi yox, gələsi
Çeşmin yaşın giləsi yox, giləsi
Mən deyirəm, biləsi yox, biləsi
Dəli oldum, dəli ol indən belə.

Yarım söylər: getsən baxt itirirsən
Süleymana qalmaz taxt itirirsən
Bu yerlərdə niyə vaxt itirirsən?
Qara Aşıq, sən də öl indən belə.


EŞQ ÖNÜNDƏ

Eşqə düşdüm, təkliyimi unutdum
Eşq söylədi: tək olana yaram mən
Dedim eşqə gəl, buyur, keç içəri
Dedi: sənin öz içində varam mən…

Şərab içib mən ağlamaq istədim
Durub eşqi qabaqlamaq istədim
Qollar açıb qucaqlamaq istədim
Dedi: billəm nədi halal-haram mən…

…Ol vurduğu min nağışı anladım
Bahar-yayı, payız, qışı anladım
Eşq önündə bu gün yaxşı anladım
Qara Aşıq, lalam, karam, koram mən…


ÖLƏSƏN

Üç-beş kəlmə söz danışsan gülərlər
Nə görmüsən, danışasan-güləsən…
Ağlamaqdan dəli oldun, bilərlər
Ağıl varmı özün baxıb biləsən…

Nə dağların baş ucunda duman var
Nə yolların yoxuşunda güman var
Nə də yardan yarıdığın zaman var
Hara gəldin, kimə gedib-gələsən…

Tək özünsən – torpaqdasan diz üstə
Qara Aşıq, səcdədəsən söz üstə
Küsüb gedib, atılasan üz üstə
Göy çəməndə yıxılasan, öləsən…


CAN ÜSTƏ

Nədir, canım, üzülürsən bu gecə
Nə can sənin bu canından can istər...
İynə vursan qanım axar gecəyə
Eşqim məndən hər gecəyə qan istər...

Gözlərimi yuxusuzluq qan aldı
Ruhum durub sübh çağına yan aldı
Gecə keçdi, səhər gəldi can aldı
Gözlərimi tapşırmışam dan üstə...

Günəş doğdu.. qaldır məni ayağa
Qara Aşıq quldur sənə, ay ağa
Canım, qanım gözlərinə sadağa
Nə istəsən, canım, istə, can, istə...


GÖRƏN MİLYON, GÖRƏN MİNDİ, GÖRƏN YÜZ

Bilən varmı bu dünyanın yaşını
Görən milyon, görən mindi, görən yüz…
Milyon ili, min ili kim, görmədi
Bu dünyada yaşayıban görən yüz...

Min illərdi nələr olur, bilənlər
Nəsiminin dərisinə gülənlər
Mən gəlincə doğulanlar, ölənlər
Görən milyon, görən mindi, görən yüz...

Bəlkə kimsə məndən əzəl olmayıb
Dünya bir də boşalmayıb, dolmayıb
Qara Aşıq, canımda can qalmayıb
Görən milyon, görən mindi, görən yüz...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG