Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:11
Natiq Cavadlı
"Bizim yol" qəzeti


Azərbaycan Yazarlar Ocağında (AYO) parçalanma təhlükəsi yaşanır.

Qurumun üzvləri arasında Milli Kitab Mükafatının (MKM) müsabiqəsinə fərqli yanaşma gənc yazarları üz-üzə qoyub. AYO üzvləri Seymur Baycan, Əli Əkbər, Rasim Qaraca, Elnur Astanbəyli MKM-nın müsabiqəsinə qatılmağın əleyhinə olduğunu bildirsələr də, Qanturalı, Azad Yaşar, Həmid Herisçi bu mövqenin əksini düşünürlər.

Ancaq AYO-nun müsabiqədə iştirak etmək haqqında qərarı da var.

Yaranmış durumu aydınlaşdırmaq üçün tərəflərə müraciət etdik. Hazırda MKM-nin Ekspert Şurasının üzvü olan Qanturalı AYO-da problemlərin çoxdan olduğunu dedi:

“Mən şəxsən bunları ortaya çıxartmamaq haqqında düşünürdüm. Lakin Rasim Qaracanın o əsəbi və kin-küdurətlə dolu yazısından sonra mən də danışmağa qərar verdim.

Mən Rəyasət Heyətinin iclasında iştirak etməmişəm. Aramızdakı problemlər isə Aqşin Yeniseyin AYO başqanı seçildiyi iclasla başladı.

Təsəvvür edin ki, parlament seçkilərindən əvvəlki gün gecə saatlarında mənə məktub gəlir ki, sabah AYO-da seçkilərdir.

Mən Rasim Qaracanın bu tarix seçiminə etiraz edib ona yazdım ki, bütün ölkənin seçki prosesi ilə məşğul olduğu bir məqamda AYO-ya seçki keçirtmək doğru deyil.

Mən seçki gününü Qənimət Zahidin səlahiyyətli nümayəndəsi kimi 17 saylı dairə 25-ci məntəqəsində keçirtmişəm.

Elmin Həsənli də eləcə.

Rasim mənim iradıma bilirsinizmi necə cavab verdi: Deyəsən sizin planlarınız alt-üst olub. AYO-ya başqan olmağı istəmək günahdırmı?

Bir də mənim belə bir planım həqiqətən yox idi və sadəcə olaraq seçki gününə etiraz etmişdim.

Rasim Qaraca həmçinin məni AYO-nu siyasiləşdirməkdə ittiham edir. Mən yazaram, heç bir siyasi partiyanın üzvü deyiləm.

Lakin başqan seçilən Aqşin CXP üzvüdür. İndi kim AYO-nu siyasiləşdirir? Aqşin poeziyamızın simasıdır, bir nömrəli adamıdır. Şəxsi keyfiyyətlərinə görə mən onu həmişə yüksək qiymətləndirmişəm.

Lakin bu da faktdır ki, Aqşin ictimai məsələlərdə heç bir zaman mövqe göstərə bilməyib.

O avtoritarizmin Azərbaycana vurduğu zərbələri kifayət qədər anlaya bilmir. Mən AYO sədrinin siyasi baxımdan da hazırlıqlı olmasını istəyirəm.

Çünki Azərbaycanda siyasi hakimiyyətlə bağlı ciddi problemlər var və AYO-nun bütün bu məsələlərdə susqunluq göstərməsi məni narahat edir.

Bir sözlə, MKM-lə bağlı keçirilən tədbirə də dəvət edilməmişəm. Həmin tədbirdə iştirak edən 6 nəfərdən ikisi keçən il müsabiqədə iştirak etmişdi. Və AYO ilə bağlı problemlər daha dərindir”.

MKM-nin müsabiqəsinə münasibətinin necə dəyişməsi barədə suala Qanturalı belə cavab verdi:

“Bu ölkədə kitabla bağlı cəmi bircə tədbir keçirilir, o da MKM-dir. AYO-nun bu tədbirdə iştirak etməlidir.

Necə olur ki, AYO QHT Şurasının qrant müsabiqəsində iştirak edir, amma Milli Kitab Müsabiqəsində iştirak etmir?

MKM təşkilatçıları AYO-nun müsabiqədə iştirak etməsi üçün onlarla danışıq aparmaq da istəyiblər.

Lakin AYO-da olan bəzilərinin Şahbaz Xuduoğluna şəxsi motivlərlə göstərdiyi mənfi münasibət AYO-nu bu müsabiqədən uzaqlaşdırırdı.

Məncə, MKM-da bu il ciddi dəyişikliklər olacaq. Münsiflər verdikləri balları açıqlamalıdırlar.

Bundan başqa mən də təklif verdim ki, ekspertlərin verdikləri ballar da açıqlansın.

Bununla həm şəffaflıq gözlənilir, həm də münsiflərlə ekspertlərin işini müqayisə etmək imkanı olur.

Keçən il Rəşad Məcid dedi ki, münsiflərdən biri Rafiq Tağının məşhur məqaləsinə görə sıfır bal verib.

MKM təşkilatçıları bu cür halların təkrarlanmaması üçün hər şeyi edəcəklərinə söz veriblər.

Mən ekspert kimi müsabiqənin işinin şəffaf olması üçün əlimdən gələni edəcəyəm. Ekspert şurasında təmsil olunan insanlar da ədəbiyyatı bilən, qiymətləndirən insanlardır.

Ümid edirəm ki, bu il keçən ilki problemlər və etimadsızlıq yaşanmayacaq. Yaşansa biz də təbii ki, öz mövqeyimizi bildirəcəyik”.

AYO-da parçalanma barədəki fikirlərə gəlincə, gənc yazar bildirdi ki, qurumda hər zaman parçalanma olub:

“Çünki AYO-nun «boz kardinalı» olan Rasim Qaraca ümummilli məsələlərdə hər zaman təslimçi mövqe tutub. Neçə dəfə demişik ki, Qənimət Zahidlə, Eynulla Fətullayevlə bağlı bəyanatlar yayaq, Konstitusiya dəyişikliyinə etiraz edək.

Təsəvvür edin ki, PEN-in mərkəzi ofisi Eynulla Fətullayevlə bağlı bəyanat yayır, amma AYO bu məsələyə münasibət bildirmir. AYO üzvləri arasında hökumətdən maaş alanlar var.

Bir də öz yazıçı borcunu anlayıb hökumətin siyasətini tənqid edənlər də var. Bu parçalanma deyilsə bəs nədir?”

Bunlarla və yaranmış durumla əlaqədar Rasim Qaracaya müraciət etdik.

R.Qaraca MKM-nın müsabiqəsinə qatılmamasını ötən ilki nəticələrlə əlaqələndirdi:

“Keçən ilki nəticələr ədalətli olmadığından biz iştirak etməkdən imtina edib etirazlarını münsiflərin diqqətinə cəlb etmək istədik: “Gələcəkdə bu sahədə irəliləyiş olarsa AYO-çular əlbəttə ki, yarışmada həvəslə iştirak edərlər.

Ölkədə ədəbiyyat sahəsində 2-ci nüfuzlu təşkilat olan AYO münsiflər heyətində bərabər payda təmsil olunmalıdır.

Əks təqdirdə təşkilatın adının və nüfuzunun hansısa ambisioz maraqlar üçün istifadə olunmasına yol verə bilmərik”.

O, qurum üzvlərinin adlarının Ekspertlər Şurasından olması barədə fikirlərin tam doğru olmadığını söylədi: “Azad Yaşarın adı MKM ekspertlər şurasında yoxdur,

Yaşar adlı adam Yazıçı Yaşar deyə tanıdığımız adamdır, Ramiz Rövşənin qardaşı, “525-ci qəzet”in əməkdaşı. Qanturalının da MKM ekspertlər qrupunda təmsil olunacağına inanmıram.

Güman edirəm ki, bu açıqlamadan onun özünün xəbəri yoxdur. Əks təqdirdə bu addımına açıqlama gətirməlidir, çünki AYO idarə heyəti MKM-də iştirak etməmək qərarını verib...”.

R.Qaraca AYO-nun hal-hazırda parçalanmaq təhlükəsi olmadığını, qurumun özünün ən mütəşəkkil dövrünü yaşadığını dedi: “Kimlərinsə AYO-dan uzaqlaşması təbii yollarla baş verir.

Ən sonunda bu bir yaradıcı təşkilatdır, yaradıcı insanları cəzalandırmaq kimi məqsədlərimiz olmayıb və yoxdur. Hər halda AYO idarə heyəti və onun sədri bu məsələyə bir açıqlama gətirməlidir.

Mən öz adımdan Qanturalını, həqiqətən bu addımı atıbsa, düşünməyə və nə qədər gec deyil ekspertlər qrupundan uzaqlaşmağa çağırıram”.

Günün bütün mövzuları

XS
SM
MD
LG