Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:41

Şəhər mərkəzində yaşayanlar köçürülə bilər


Rübabə Əliyeva
Metronun «Nizami» stansiyasını keçib Zərgərpalan küçəsinə dönürəm. İki mərtəbəli, tikilişindən, naxışından o dəqiqə tarixi-memarlıq binası sayıldığı anlaşılan evlərin köhnə, taxtası çürüyən həyət qapısını açıram. Binanın darısqal həyətində də birmərtəbəli bir neçə mənzil var.

Bu həyətdə yaşayan Rübabə Əliyeva buranın ata-baba yurdu olduğunu, bu evdə qocaldığını deyir. Danışır ki, şəhərin mərkəzində məskunlaşmaq da bir şey deyilmiş, hər dəqiqə narahatdılar ki, evlərini sökəcəklər:

- Əlimiz göydədir ki, buraları bizdən almasınlar, buranı sökməsinlər.

Bəs onlar bu binanı abad saxlaya bilirlərmi? Rubabə xanım deyir ki, əvvəllər imkanları çatıb binada təmir işlərini aparıblar, hesab edirlər ki, yenə də imkanları çatsa, hansısa işləri görərlər.

ARXİTEKTUR BİNALAR ABADLAŞDIRILSIN

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin «Böyük Bakının Regional İnkişaf Planı» Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlı AzadlıqRadiosuna müsahibəsində bildirir ki, Bakının mərkəzində yerli əhəmiyyətli tarixi binaların sökülməsi onları narahat edir və ona görə də təklif edirlər ki, arxitektur binaları sökməkdənsə, onları abadlaşdırsınlar.

Novruz Eldarlı deyir ki, bu cür binalarda yaşayanların bəziləri imkansız adamlardılar və tarixi binaya qulluq edə bilmirlər:

Bu cür binalarda yaşayanların bəziləri imkansız adamlardılar və tarixi binaya qulluq edə bilmirlər
- Bu bina tutaq ki, bir ailənin malikanəsi olub, indi orda dörd-beş ailə yaşayır. Özləri də imkansız. Şüşəni sala bilmirlər, su sistemini bərpa eləyə bilmirlər, kondisioneri hardan gəldi qoyurlar. Mən onları qınamıram, imkanları yoxdur. Amma kimsə imkansızdı deyə, bizim memarlıq tariximiz məhv olmalıdır?

Novruz Eldarlı deyir, onların təklifi belədir ki, həmin binalardakı mənzillər hərraca çıxarılsın və yeni sakinlər tərəfindən abadlaşdırılsın. İndiki sakinlər isə başqa ərazilərdə evlə təmin olunsunlar:

- Biz memarlar tarixi abidələrin sökülməsindən narazıyıq. Məsələn, Şəmsi Bədəlbəyli küçəsində 11 bina söküldü. Qoy hökumət təklifimizi qəbul etməsin, başqa variant təklif etsin. Yəni nəticə olaraq memarlıq binaları sökulməsin.

Hərraca çıxarıldığı təqdirdə və ya həmin ərazini alan sahibkar bu mülkü, binanı abadlaşdırmaqda maraqlı olacaqmı? Novruz Eldarlı deyir ki, dövlət həmin sahibkarın qarşısında sərt tələblər qoymalıdır:

- Sərt tələb qoymalıdır, istəyirsən, otel elə, ya teatr, ofis elə, nə istəyirsən elə, amma dağıtma.

«BURDAN HEÇ YERƏ KÖÇƏN DEYİLİK»

Amma bu təklif mətbuatda birmənalı qarşılanmır. Hətta bunu kasıb, yoxsul insanların şəhərin mərkəzindən köçürülməsi cəhdi kimi qiymətləndirənlər də var.

Yeganə Dadaşova
Belə binaların birində yaşayan Yeganə Dadaşova deyir ki, bina köhnə olsa da, onların tələblərinə cavab verir və burdan heç yerə köçmək istəmirlər:

- İmkanlı adamlar yaşayana qədər elə özümüz də yaşayırıq da.

Amma belə tarixi binalardan birində, alt mərtəbədə yaşayan təqaüdçü Cəmil kişi şəraitindən elə də razı deyil. Deyir ki, mənzilə işıq düşmür, su kəməri partlayanda onu təmir edə bilmirlər:

- Çox istəyirdim ki, yeni mənzildə yaşayım.

«SOSİAL VƏZİYYƏT GƏRGİNLƏŞƏCƏK»

Hüquqşünas Fuad Ağayev hesab edir ki, bu cür təklif cəmiyyətdə ayrı-seçkiliyə gətirib çıxarar və sosial vəziyyəti daha da gərginləşdirər:

- Memarlıq abidələrinin əksəriyyəti normal vəziyyətdədir. Elə Füzuli, Şəmsi Bədəlbəyli küçələrində sökülən binalar da normal vəziyyətdə idi. Tarixi abidənin hansında problem var, orda mülkiyyətçi də, hökumət də öz borcunu yerinə yetirməlidir. Dövlət onları mühafizə edir.

Şəhər inkişafı üzrə ekspert Fuad Cəfərli isə deyir ki, binaların hərraca çıxarılması onların sovet dövründən əvvəlki sahiblərinin varislərini də işə cəlb edə bilər və bu da investorlarla yeni problemlər yarada bilər. Ekspert təklif edir ki, ya binalar bərpa edilsin və infrastrukturu yenidən qurulsun və ya tarixi binaların idarəolunması təkmilləşdirilsin.
XS
SM
MD
LG