Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:55
«İşdən sonra» verilişinin «Parlament saatı» rubrikasının qonağı deputat Fərəc Quliyevdir. Onunla müsahibəni təqdim edirik:

- Parlamentdə özünüzü necə hiss edirsiniz?

- Parlamentdə mən ilk dəfə deyiləm. 1990-1995-ci illərdə də parlamentdə olmuşam. Siqnator deputatam mən. Yəni müstəqilliyə səs verən, onu hazırlayan deputatlardan biri olmuşam. İndi də qanunvericilik məsələlərində özümü tamamən hazırlıqlı hiss edirəm. Hesab edirəm ki, Azərbaycanın bugünki durumuna adekvat davranış nümayiş etdirəcək bir parlament ortada olacaqsa, bu effektli olacaq. Çünki Azərbaycan çoxlu problemlərlə qarşı-qarşıyadır. Azərbaycanın köklü və gündəlik problemlərə adekvat davranış nümayiş etdirmək ehtiyacı var. Qarşıda bizi ağır, çətin bir mübarizə, çətin bir fəaliyyət gözləyir.

- Dinləyici yazır: «Vaşinqton post» qəzeti İlham Əliyevin Dubayda 75 milyona mülk, 10 milyona isə Bakıda bank aldığını yayımladı. Sizin bir deputat kimi yox, bir kasıb xalqın oğlu kimi münasibətinizi bilmək yaxşı olardı. Ancaq deməyin ki, xəbərim yoxdur. Siz belə desəniz heç kim buna inanmayacaq.

BU, MƏNİM İŞİM DEYİL

- Hər halda ismarıcı göndərən şəxs də həmin əmlak haqqında xəbəri olub-olmaması barədə dəqiq bir söz deyə bilməz. və yaxud da bu gün qəzetlərdə kiminsə haqqında bir fikir söylənilirsə, millət vəkilləri bütün qəzetləri şərh etməklə məşğul olmalı deyil. İstənilən bir adam haqqında söylənən fikrə həmin adam məhkəmə vasitəsilə cavab verə, münasibət bildirə bilər. Bu, mənim işim deyil.

- Hesab edirsiniz ki, bu, millət vəkilinin işi deyil?


- Mən millət vəkili olaraq ictimai rəyin quluna çevrilmək fikrində deyiləm. Və yaxud da dinləyicilərin hər hansı birinin fikri ilə oturub-duran deyiləm. Mənim özümün baxışlar sistemim var. Azərbaycanda istər korrupsiya ilə bağlı, istər oğurluq məsələləri ilə bağlı, istərsə də bütün çatışmazlıqlarla bağlı öz mübarizə və fəaliyyət formalarım olacaq. Və mən təşkilatla bərabər bu məsələlərin üzərinə gedəcəm. Amma mən duyğusal şəkildə kiminsə məni girləməyi ilə heç bir davranış ortaya qoyası deyiləm. Sizin dediyiniz məlumatlar əgər mənə lazım olacaqsa, onlardan da istifadə olunacaq. Amma mən bir sualla həmin davranışlarımı ortaya qoymaqla duyğusal davranmış olaram. Bu məsələlər oturuşmuş, institutlaşmış şəkildə Azərbaycanda da, başqa ölkələrdə də həll olunur.

- Bu məsələlər artıq bir ildir ki, gündəmdədir. Siyasətçilərin işi gündəmdə olan məsələlərlə bağlı fikirlərini söyləməkdir həm də.

- Siyasətçilərin nə işlə məşğul olmasını özləri başqalarından o qədər də az bilmirlər. Mən müxalifətdə olan birisi kimi, siqnator deputat kimi Azərbaycanın müstəqilliyinə, əmlakına, onun insanlarına sahib çıxmağın tamamən tərəfdarıyam. Və bütün sahələrdə bacarığımı Azərbaycana sahib çıxmaqla həm göstərmişəm, bundan sonra da göstərməkdə maraqlıyam. Bunu mən həm səngərdə, həm məhbəsdə, həm də 90-95 ci illərdə parlamentdə göstərmişəm. Təbii ki, burda bu məsələlərlə bağlı qərarlar vermək, məsələ qaldırmaq fikrində deyiləm.

- Buna qədər siz bu barədə düşünməmisiniz?

- Niyə düşünməmişəm? Bu fikirləri burda bölüşmək istəmirəm.

- Harda bölüşəcəksiniz? Kiminlə bölüşəcəksiniz?

BU MƏSƏLƏLƏR RADİODA HƏLL OLUNMUR

- Bu tipli məsələlər - korrupsiya ilə bağlı, ölkədə çatışmazlıqlarla bağlı məsələlər uyğun orqanlarda deputat sorğuları ilə komissiya yaratmaqla, məhkəmələrlə həll olunur. Məncə radioda həll olunmur.

- Yəni siz deputat sorğusu göndərəcəksiniz?

- Ehtiyac olarsa təbii ki, mən bütün məsələlərlə bağlı, Azərbaycanda rast gəldiyim çatışmazlığı kiminsə təzyiqi ilə yox, kiminsə mənə təklif verməsi, yadıma salması ilə yox, özümün vətəndaş mövqeyimlə, bir siyasi şəxs kimi təşkilatımın prinsipləri ilə bağlı olaraq edəcəyəm. Mən indi bu məsələlərlə bağlı hansı qərara gəldiyimi burda elan edə bilmərəm.

- Dinləyici yazır: Parlament yox, hökumətin seçdiyi orqan. Paşayevlər, Əliyevlər yığıncağı. Fərəc bəy, siz ora seçilmisiniz, yoxsa seçiblər?

MƏN HAQQIM OLANI QAZANMIŞAM

- Bizim dairədə Azərbaycanda ən demokratik seçkilərin keçirilməsini yenə də iddia edirəm. Və seçkiyə qədər də bir neçə internet səhifəsində görünmüşdü ki, mən yenə də irəlidəyəm. Və “exit-poll»un nəticələri də mənim üstünlüyümü göstərirdi. Bizdə tamamən seçkilərin keçirilməsi ilə bağlı bütün iddialar yoxlanıldı və aydınlaşdırıldı. Bizim üstünlüyümüz onda idi ki, Yeni Azərbaycan Partiyasının nümayəndəsi olmadığından hakimiyyətin də orada o qədər məsələlərə müdaxilə etmək istəyi də yox idi. Və bu baş vermədi orada. Bizim rəqiblərimizin bir neçəsinin şikayət etməsini də mən çox təbii qəbul edirəm. Həmin şikayətlərə özlərinin iştirakı ilə baxmaq üçün müraciəti edilmişdi Mərkəzi Seçki Komissiyasına. Mən gözləyirdim ki, onlar orada iştirak edəcəklər. Ancaq çox təəssüf ki, iştirak etmədilər. Biz də ora sənədlər təqdim etmişdik. Bizim dairədə seçkilər çox normal, demokratik keçibdir. Və mən haqqım olanı qazanmışam. Və hesab etmirəm ki, burda bizdən əvvəl iki seçkidə müxalifətdən olan deputatlar parlamentə düşəndə azlıq olsa da belə demokratik seçki sayılırdı. İndi onlardan kimsə düşmürsə, mən müxalifətdən düşmüşəmsə burda seçkiyə şübhə ilə yanaşılmalıdır? Bu, doğru yanaşma deyil.

- Dinləyici yazır: Fərəc bəy, özünüzü müxalifət partiyasının üzvü kimi göstərməyin. Necə seçilmisinizsə elə də cavab verirsiniz. Lütfən xalqı az ələ salın.

MƏNİM MÜXALİFƏTDƏ OLUB-OLMAMAĞIMI CƏMİYYƏT BİLİR

- Mənim müxalifətdə olub-olmadığımın sertifikatını bu dinləyici və onun tərəfdarı olduğu adamlar vermirlər. Biz müxalifətdə olmağımızı sübut eləmək iddiasında deyilik. Biz məhbəslərə gedəndə mənimlə eyni düşərgədə olanlar parlamentə gedirdilər. Biz səngərlərdə olanda başqaları istirahət edirdilər. Biz sərhədləri sökəndə, Milli Azadlıq Hərəkatında olanda və Əbülfəz Elçibəylə Kələkidə olanda başqaları Əbülfəz Elçibəyi satmaqla məşğul idilər. Mənim müxalifətdə olub-olmamağımı cəmiyyət bilir. Buna görə kimsəyə əlavə hesabat vermək niyyətində deyiləm.

- Deyirsiniz ki, kimsə kimi isə satıb, satqınlıq edib. Niyə adamlarda belə təəssürat olmalıdır ki, bir başqası satıla bilər, amma siz satıla bilməzsiniz?

- Mən niyə o satqınlıq məsələsini məxsusən qeyd edirəm. Mənimlə eyni düşərgədə olan adamlar əgər biz bir yerdə mübarizə aparırdıqsa, müxalifətdəydiksə, ya mənimlə bərabər hər kəs məhbəsə getməli idi, ya da mən də onlarla birlikdə parlamentə getməli idim. Çünki fəaliyyətimizin nəticəsində bu qiymət verilirdi. O mənada mən məhbəsə gedirəmsə, başqası parlamentə gedirsə mən buna başqa qiymət verə bilmərəm.

- Əgər parlamentə getmək satqınlıqdırsa...

- Mənim indi yoldaşlarımın bir qismi məhbəsə, bir qismi parlamentə getməyiblər. Bu, seçkidir. Və mən hesab edirəm ki, mən seçkidə normal şəkildə insanların səsini toplamışamsa və bu haqqıma sahib çıxmışamsa, mənim haqqım yeyilməyibsə, kiminsə haqqı yeyilirsə, mən onun cavabını verməyə borclu deyiləm. Mən parlamentə halal şəkildə mübarizəmin sonucu olaraq daxil olmuşam. Parlament uğrunda mübarizədə də hər kəs iştirak edib. Və hətta müxalifətdən olan bəzi dostlarımız “bəzi dairələrdə təkrar seçkilər olsun, iştirak edərik» şüarları ilə çıxış etmişdilər. Bu seçkidən əvvəl 2005-ci il seçkilərində bir neçə müxalifət nümayəndəsi parlamentə düşmüşdü, qərar verdilər ki, parlamentə getməyək, parlament legitim deyil. Sonra getdilər, oturdular, parlamentdə iştirak etdilər. Yəni adam özü düşəndə demokratik olur parlament seçkiləri, özü düşməyəndə...

- Dinləyici yazır: Biz sizin müxalifət olmağınıza necə inana bilərik? Sizcə İlham Əliyev 2003-cü ildə xalqın səsini alaraqmı seçilib, yoxsa zorakı yolla hakimiyyəti qəsb edib?

BU, NORMAL DAVRANIŞ DEYİL

- Mən 2003-cü il seçkilərində müşahidəçilik funksiyası ilə məşğul deyildim. İndiki seçkilərdə də, 2003-cü ildəki seçkilərdə də xarici instansiyalardan gəlmişdilər və yerli müşahidəçilərdə olub və qiymət veriblər. Mən hesab edirəm ki, əgər Azərbaycandakı seçkilərdə müxalifət qalib gələ bilmirsə, bunu başqa formada bir yerlərə aparırsa, mən də daxil olmaqla, bu bizim zəifliyimiz sayılmalıdır. Azərbaycanda parlament seçkilərində hər kəs elan edir ki, müxalifət tərəfdən ki, 15 faiz seçici iştirak edibdir. Hətta 15 faiz adam gəlib tamamən müxalifətə səs veribsə belə, müxalifətin Azərbaycanda nüfuzunun olmamasına işarə olur bu. Çünki 85 faiz adam seçkiyə çıxarılmadı. 2003-cü ildə də əgər nəticələr alınmışdısa, müxalifətdən kimsə qalib gəlmişdisə, səslərə sahib çıxmağa bacarmalıydı. Sən zəif olacaqsansa və təhlil etmək üçün başqalarına suallar verəcəksənsə, bu normal davranış deyil. 2003-cü ildə seçki olub. Seçkinin nəticələri ortalıqdadır. İlham Əliyev prezident seçilibsə, onun prezident kimi verdiyi qərarlara da, onun rəqibləri də hörmət edirsə, əməl edirsə, deməli, təbii ki İlham Əliyev seçilib.

- Dinləyici yazır: Fərəc bəy, Ruslan Bəşirlinin azad olunması məsələsini parlamentdə qaldıra bilərsinizmi? Axı siz də məhbəsdə olmusunuz.

- Mən Ruslan Bəşirli məsələsini parlamentdə qaldırmayacam. Onun ittiham olunduğu erməni ilə münasibətlər sistemi ortadadır. Və mən bilmirəm ki, Ruslan Bəşirli məsələsini nəyə görə orada qaldırmalıyam?

Fərəc Quliyev AzadlıqRadiosunu nədə ittiham etdi?

Deputat niyə qəzəbləndi?

Fərəc Quliyev hansı müxalifət partiyasının sədrinə mülklər bağışlandığını bildirdi?

Fərəc bəy rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatının qərargahını ona kimin bağışladığını söylədi?

Şərhləri göstər

XS
SM
MD
LG