Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:44

Sayman Aruz. Bura haradır? Azərbaycan?


Bu yaxınlarda Azərbaycanın Quzeyində gedən ədəbi prosesdə, bir sıra xoşagəlməz hadisələrə şahid oldum.

Həm sevindim, həm də kədərləndim. Ədəbiyyat elə bu dartışmalarla irəliləyər - deyə sevinirdim.

Mənim və hesab edirəm bir çoxları üçün Azərbaycanın vahid ədəbiyyatı var.

Ona görə də onun hər hansı bir sahəsində olan irəliləyişə sevinirəm.

Amma, təəssüflənməyim də ona görə oldu ki, bu prossesdə, bir sıra bütövlüyü istəməyən, türk millətindən uzaq və kosmopolit yazarlar da ortaya çıxdı və təbii ki, bu xoşagəlməz haldır.

AYO - Azad Yazarlar Ocağı deməkdir. Məncə dünyada yaşayan hər bir yazar, azad və müstəqil olmalıdır.

Ona görə də mən bu adla tanış olanda çox sevindim. Özümü onun bir üzvü bildim, fikirləşdim Azərbaycanın Güneyində olan diktaturayla döyüşən, azad düşüncəli dostlarımıza dəstək olan bir ocaq tapmışam.

Elə bildim onun üzvləri, həqiqətə qoşulub, mənimlə bərabər Güneyimizin azadlığına, nəinki bəşəri, doğal haqq azadlığına, heç olmasa düşüncə, fikir, yaradıcılıq azadlığına yardım edəcəklər.

Doğrusu, Güneyin heç kəsin yardımına ehtiyacı yoxdur. Amma biz özümüzü Bütöv Azərbaycanlı bilirik axı.

Ona görə də özümüzü onlardan ayrı bilmədik. Mənim hələ Milli Kitab Mükafatına etirazım da vardı.

Azərbaycan cografi cəhətdən bu gün bölünmüş durumdadır, amma kim deyə bilər ki, tarixin, zamanın hansı dönəmlərindəsə Cənubda yaşayan, yaradan ədiblərimiz qələmlərin yerə qoyublar?

Məgər Güney ədəbi prosesdən kənar qalib? Güney ədəbiyyatı nəzərə alınmadan hansı milli mükafatdan danışıla bilər?

Özü də dövrün, zamanənin bu vaxtında? Bu müsabiqəyə necə milli adı vermək olar?

Mən bunu Qüzey Azərbaycanın ədəbi mukafatı adlandırıram. Amma elə bil yanlışlıq mənim özümdədir!

Axı görürəm ki, nə bu mükafatı yola salanlar Güneyi yada salırlar, nə də ki, onun muxalifləri bizi istəyirlər!

Burada Güneyin dərdinə yanan, güneylilərlə maraqlanan və onları çap edən bir neçə ədəbi insanlar da vardır.

Səmimiyyətlə qeyd etməliyəm ki, bura gəlmədən öncə, biz o, tayda olan gənc yazarlar “Alatoran”ı tanıyırdıq, orada çap olunurduq, uzaqdan-uzağa Rasım Qaracanı öz dostumuz bilirdik və indi də elə bilirik.

Amma AYO-nun içində olan bəzi kosmopolit köşə yazarları da varmış ki, Rasim kimi düşünmürlərmiş.

Bizi özgə sayırlarmış, bizi “mənasız güneyli” adlandırırlar və Rasimi güneylilərin çapına görə qınıyırlarmış.

Qeyd edim ki, həmin kosmopolitlərdi demokratiya-demokratiya çığıranlar.

Guya insan haqlarını müdafiə edənlərdilər. İndi isə bir sual ortaya çıxır: hanı bu demokratiya?

Bəlkə, güneyli yazarları mənasız adlandırmaq demokratiyadır? Bəlkə, onların çapını qınamaq insan haqlarını müdafiə etməkdir?

Axı hamımız bilirik ki, güneylilər də öz soydaşlarımızdılar, türkdülər, ziyalı və mübariz insanlardılar.

Əgər kimsə öz soydaşını özgə bilirsə, deməli ya soydaş deyil, ya da xaindir.

Soydaşın sənin dostun deyilsə, onda kimdir sənin dostun!? Bəlkə rus, bəlkə erməni, bəlkə fars?

Millətin yaxşı yazardansa, şərəfli yazara ehtiyacı var.

Bu kosmopolitlərin reytinqdənsə, güzgüyə ehtiyacları var. Mən özüm şəxsən bunları yazar hesab etmirəm, axı hay-küy salıb, sonra da köşəsini yazmaq yazıçılıq deyil.

Parçalayanlara gəlincə isə onlar hər yerdə var. Həm siyasətdə, hə də ədəbiyyatda.
Son prossesləri izləyərkən məndə bir sual yarandı: niyə bu söhbətləri həm siyasətdə həm də ədəbiyyatda yaradan və idarə edənlər bir ailədəndilər? Bunun yaranışı və məqsədi nədir?

Mən bir güney yazarı kimi Ədəbiyyat qəzetində üç dəfə şantaj olunuram, AYO- çular bizi “mənasız güneyli” adlandırmağa çalışırlar.

Bura haradır dostlar? Azərbaycan???

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG