Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:24
Hər işimiz yağ kimi gedirdi, təhsilimiz isə müsibət idi. Ürəyi istəyən hicab geyib, əmmamə qoyur, ürəyi istəməyən isə başaçıq gəzirdi.

Qəfil göy guruldadı, şimşək çaxdı, Prezident Aparatından Təhsil Nazirinə deyildi ki, bu Amerika bizi boğaza yığıb, ona gücümüzü göstərməliyik.

Sən məktəblərində hicaba qadağa qoyursan, biz də bu biri tərəfdən müsəlmanların etirazını təşkil eləyəcəyik.

Qoy bilsinlər ki, demokratiya bizlik deyil, insanlar İrandakı kimi yaşamaq istəyir. İnsanlar şallaq yemək, daşqalaq olunmaq, asılmaq, kəsilmək istəyir, qarşısını güclə alırıq. İnsan azadlığının, söz azadlığının, demokratiyanın mövcud durumunu ayaqda güclə saxlayırıq.

Üstümüzə çox yerisəniz, odu bax, İrandakı, ən azından, Türkiyədəki kimi eləyəcəyik.

Eləcə də elədilər, Misir Mərdanov mikrofonlar qarşısına çıxarıldı. Orta məktəb şagirdlərinin dərsə hicabla gəlməsinə qadağa elan elədi.

Bu tərəfdən də dini idarələrə əmr verildi ki, camaatı küçələrə çıxarsınlar.

ANS də mütləq gəlib çəkməli idi. Hər şeyin inandırıcı çıxması və aranın yaxşı qarışması üçün Misir məllimi arada bir-neçə dəfə açıqlamalar verməyə itələdilər. O da təxminən belə deyirdi: “Yoo, nə danışırsan, bizim şagirdlər bütün dünyada nümunəvi olmalıdı.

Bu hicab sinifdə müəllimi yaxşı eşitməyə, şagirdin dərs öyrənməsinə mane olur. Təhsilimizdə dünyanın ən aparıcı ölkələrinin təcrübəsindən yararlanırıq.

Məktəblinin məktəbli forması var.

Biz dünyəvi ölkəyik, durmadan inkişaf edirik. Orta əsrlərin hansısa spesforması geymək nəyə gərəkdi?

Dünya bizdən demokratiya tələb eləyir, inkişaf tələb eləyir. Körpülər tikən bir ölkəyə hicab yaraşmaz.

Qoy, İran qardaşımızın xətrinə dəyməsin, bizim yolumuz işıqlı gələcəyə doğrudu.

Baax, konkret deyirəm, hicablı uşağı mən öz məktəblərimə qoymayacam, vəssalam!”

Bu tərəfdən də fanatları küçəyə tökdülər, onlar da “Allahu-əkbər!” qışqıraraq atıldılar meydana. Qışqırışdılar, çıxış elədilər, bəyanat yaydılar.

“Biz heç vaxt qoymarıq, övladlarımız hicabsız məktəbə getsin! Hicaba qadağa qoyan məktəbləri yandıracağıq! Bura müsəlman ölkəsidi, bura sizə İsrail deyil!

Biz allahın buyurduğundan qırağa çıxa bilmərik!”

Ta, bu qədər bəs idi, polis gəldi, hicabçıları döyüb qovdu. Dini briqadirlər də aksiyaçılara dedi:

“Dağılışın, xəbər gəlib ki, yuxarılarda danışıqlar gedir. Allah bunlara lənət eləsin, biz bu meydana bir də qayıdacağıq.”

Bu tərəfdən də etirazçı müsəlmanların aksiyasının video görüntüləri diplomatik korpus adlandırdığımız bütün xəfiyyə idarələrinə yayıldı.

Xəfiyyə idarələri isə mövcud durum haqda öz ölkələrinə izahat göndərdilər:

“Əşi boş şeydi, hakimiyyət bizə demək istəyir ki, məndən demokratiya tələb eləməyin, bizim insanların təfəkkürü quldarlıq quruluşu adamının təfəkkürü səviyyəsindədi.

Nə demokratiya, mənim ölkəmin vətəndaşları hələ çarşaba qayıtmaq istəyir! Nef-qaz veririk, firmalarınız qoz kimi işləyir, bəsinizdi, demokratiyanı da buraxın mənə, necə bilirəm, qoyun elə də hərəkət eləyim.

Yoxsa, Rusiyanı oturtduğum kimi İranı da gətirib oturdaram Prezident Aparatında, onda heç söz də deyə bilməyəcəksiniz bizə. İdarəçiliyi keçirərəm şəriətə, baxa-baxa qalarsınız.”

İndi, bu yandan da etiraz aksiyalarına çıxarılmış müsəlmanlar Qafqaz Müsəlmanları İdarəsindən cavab gözləyirlər.

Çünki dini briqadirlərə göstəriş verilib ki, hərə öz tabeçiliyində olanları sakitləşdirsin.

Görəcəksiniz, yaxın vaxtlarda yenə Misir məllimi mikrofonlara tərəf itələyəcəklər. O da bəyan edəcək ki, biz Ali Ruhani idarəsi ilə məsləhətdik.

Çalışdıq ki, həm müsəlmanlığımız öz yerində qalsın, həm də təhsilimiz. Mən heç vaxt deməmişəm ki, hicabla məktəbə gəlmək qəti qadağandı.

Biz inkişaf eləyən demokratik müsəlman ölkəsiyik, heç kim heç kimin geyiminə qadağa qoya bilməz.

Hicab, mən bildiyim qədər, iman deməkdi.

Biz bir insanın imanını əlindən necə ala bilərik? Özü də fikir vermişəm, hicab qadını çox gözəl görsədir. Hicabı bax belə bağlayırsan, bu tərəfdən dolayıb gətirirsən sol tərəfə, burasını da sancaqlayırsan böyrünə.

Gördünüz, mən hamsını bilirəm, bu arada müzakirələr zamanı hicabın detallarına qədər öyrəndim.

Hicabın həm də elmə-savada xeyri çoxdu. Hicab şagirdin oxuyub yadında saxladığı bilgininin buxarlanmasının, yəni uçub yaddan çıxmasının qabağını alır.

Hicabın fəzilətləri haqda burda bir 45 dəqiqə danışa bilərəm.

Bütün bunlarla bərabər, biz islam alimlərilə qərara aldıq ki, kim istəsə hicab bağlaya bilər, lakin şagirdin əynində məktəbli paltarı mütləq olmalıdı.

Bir gün yenə eşidəcəyik ki, hicaba qadağa məsələsini Milli Məclisdə müzakirə eləyirlər. Etirazçı müsəlmanlar indi də MM-in qarşısında “Allahu-əkbər!” qışqırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG